Nağıl-nağıl doğulub
sehir-sehir yatıram.
diksinib ürəyimdən
bir bənd şeir atıram.
əllərimin gözünə
bağlayıram sözümü.
kirpiyimin ucunda
saxlayıram izini.
baxışlarım yol gedir
üzü keçmişə doğru...
səninlə olmaq uçun
xəyalım olub oğru...
paltarımı çırpıram
ətrin göyə çəkilsin.
xətrimi istəməyən
o daş xətrin tökülsün.
gözlərim kor işıqtək
yolları çarpaz gedir.
içimdə səssiz nəğmə,
olub bir avaz, gedir.
gəlişinin küləyi,
fikrimə duman qatır.
acıbdı ümidlərim,
ahıma aman qatır.
oyanıb bu yuxudan
mən yenidən yatıram.
gecənin ürəyinə
qəfil bir daş atıram...
lll
Etirafın ən gözəli
bu dünyanı unutmaqdı.
gündüzləri göydə olan
gecə sübhədək oyaqdı.
Etirafın ən gözəli -
göy adamıyla dost olmaq.
Allahın son tikəsinə
ikiəlli baxıb, susmaq.
Etirafın ən gözəli-
yadların yadı olmaqdı.
səndə səni tapmayana
həsrətin dadı olmaqdı.
Etirafın ən gözəli
içimizdə oturubdu.
dili yoxdu, amma səsi
bu dünyanı götürübdü.
Etirafın ən gözəli
sevdiyini sevməyindi.
"Sevirəm" uca səslə
üzünəcə deməyindi.
Etirafın ən gözəli
səni başa düşməyəndi.
sanki başa düşər kimi
söz yolundan keçməyəndi.
Etirafın ən gözəli
güvən verən inadkardı.
azadlıq əllərimdədi,
eşitmir, qulağı kardı.
Etirafın ən gözəli
bu dünyada olmağındı.
dil ucunda sevənlərin
dillərində qalmağındı.
Etirafın ən gözəli
özün olmayan özündü.
ürəklərə qıymadığın
səni incidən sözündü.
Etirafın ən gözəli -
əlli ikinci gündəsən.
ayrılır canın canından,
Allah bilir, nə gündəsən.
lll
Bir ovuc göz yaşıydın,
gözümdə tutammadım.
Yandı tökülən yeri,
içimdən atammadım.
Vermə sözü, söz itər,
sözün gərəkdən düşər.
Qapı-pəncərəm bağlı -
yolun ürəkdən düşər.
Sabah yanar qələmin,
ağlar sirr, söz istəyin.
Ruh yox, sınar qələmin,
görməz bir göz, istəyin.
Əlin dəstəkdə titrər,
kirpik nəmi qucaqlar.
Mənli olan zil səsın
sınar, bəmi qucaqlar.
İsti, süd xatirədən
yanağına buz düşər.
Qopar qaysaq yaradan,
göynək yerə duz düşər.
Qor uçar, soba yanar,
gözün uçar dərinə.
Qəfildən yuxu gələr,
gözə ruhum görünər.
Apar məni, dəfn elə
sənsizliyin yasına.
Başqa kimsə gəlməsin
ruhunun qapısına.
lll
Üzür ruhun gəmisi
dünyanın boş üzünə,
Qəddarlıqla yoğrulmuş
bir az da xoş üzünə.
Ruhumu bu sahildən
o sahilə aparır.
gah da ki, göyə çəkib
yer üzündən qoparır.
Dalğaların telindən
tutub sürünürəm mən.
suyun əlini sıxıb
sakit görünürəm mən.
Kimsəsiz adaların
qovulmuş sakiniyəm.
üç nöqtədə yaşayan
nidanın hakimiyəm.
İçimdəki yad səslər
əllərimə toxunur...
gülür, gülür... sonra da...
tellərimə toxunur...
Deyir...yat...yat...oyanma..
məzardasan, ölüsən...
nə fərqi? ..ölməsən də...
ağıllı bir dəlisən...
Diksinib ayılıram...
səs qırılır, tökülür...
sonra... sonra... anidən
səsin beli bükülür.
Ölür yad səslər məndə,
için-için qocalır.
məndən uzaq zamanda
doğma bir səs ucalır...