
–Yalnız bir neçə cəhddən sonra müsahibəyə razılıq verdiniz. Niyə?
– Mən nəzər-diqqətdə olmaqdan çəkinən,qorunan adamam, ona görə.
–70-ci illərin axırları 80-ci illərdə İslam Əhmədli kimi çap olunmağa başlamısınız. Bəs niyə Türkay təxəllüsü götürdünüz?
–Bizim kənd-Qazax rayonunun Dəmirçilər kəndidir. Böyük Çingizxanın tayfasındandır. Silah düzəldənlər olublar babalarımız-dəmirçilər də ordan yaranıb. O vaxtlarda yeganə bizim kənddə dəmirçixana var idi. Türkiyənin Qars vilayətində məskunlaşıb sonralar Azərbaycanın müxtəlif bölgələrinə səpələnmişik. Harda Dəmirçi,Dəmirçilər kəndləri varsa, o toplum bir kökdəndir. Türkay təxəllüsü burdan yarandı. Bu təxəllüslə çap olunmağıma imkan verilmirdi. İlk dəfə 1985-ci ildə Abbas Abdulla “Ədəbiyyat” qəzetində baş redaktorun müavini işlədiyi vaxtlarda məni bu təxəllüslə həmin qəzetdə çap etdi.
1986-cı ildə ilk dəfə “Arxda Həsrət var”adlı kitabım bu imzayla nəşr olundu. Onda da “QLAVLİT”-senzura buna icazə vermirdi. Türkayın kim olduğu soruşulurdu. O vaxt “Yazıçı” nəşriyyatının baş redaktoru işləyən S.Rüstəmxanlı senzuradan keçməyim üçün mənə “Babama” adlı bir şeir yazdırdı.
“Mənim Türkay babam, aya tay babam,
Ruhuyla həm o tay, həm bu tay babam
On adam yerinə işləyən babam
Tək cana bir alay döşləyən babam... ”
Belə bir şeir idi və bu şeir kitabımın birinci səhifəsində çap olundu. Bununla da senzuradan keçdim.
– Sizi yazmağa vadar edən səbəb nədir?
–Həmişə yazmaq olmur. Adam var gündə 3-4 şeir yazır. Yeri gəlmişkən, bu məni incidən tərəfdir. Biri var şeir düzəldənlər; biri də var şeir yazanlar. Şeir qayıranlar gündə 3-4 şeir qayırır, bir qafiyəni tutub qurtarana qədər döşəyir:
Quşlar uçur dənə sarı, dənə sarı,
Dağ dikəlir çənə sarı, çənə sarı”
Və yaxud
“Sənsiz yaman darıxıram,
Gülüm, ay gülüm, ay gülüm
Elə sənin qucağında
Ölüm,ay gülüm,ay gülüm”
Belə yazarlarda bir epitet, bənzətmə, bədii söz yoxdur.
Qafiyəsi yerində, hecası yerində şaqqa-şaq yazırlar. İçində bir misra şeir yoxdur və yaxud bir məqaləni nəzmə çəkirlər.Bu da olur şeir-məqalə. Hər dəfə şeir yazanda şairin ömründən bir kərpic azalır. Şair ömrünü yazılarına çevirir. Ona görə yaradıcı adamların yaratdıqlarına baxıb onun portretini çəkirlər.
Məni yazdıran dərd, intizar və sevgidir....
–Sevgi sizin üçün nədir?
–Mənə elə gəlir ki, Allah Adəmi yaradandan sonra onun köksünə “Ruh” qoyub. Ruh sevgi idi. Sevgi insanın ruhudur, canıdır. Sevginin bitməsi,tükənməsi ruhun bədəndən çıxması kimi bir şeydir.Nə qədər ki insanın içində sevgi var, yaşayır, deməli o hələ diridir.
Hamıya bərabər şəkildə paylanmayıb sevgi. Kimiyə çox,kimiyə az düşüb-boy kimi,güc kimi,təfəkkür kimi, ağıl kimi və s...
Allahdan sonra sevgi insan oğlunun önündə rüküdə durduğu ikinci bir hadisədir. Allahdan sonra insan öz sevgisinə baş əyir, səcdə edir,onu ölənəcən unuda bilmir.
Həyatda mən iki həqiqət tanıyıram-Ata,Ana. İkincisi sevgi.... Qalanlar illuziyadır. Oğul kimi illuziyayam, ata kimi həqiqətəm.
İkinci həqiqət sevgidir.
“Qoy məni öldürsünlər
Bir alagöz qız üstdə”
Ölür. Uf da demir,peşman da olmur. Çünki böyük sevginin daşıyıcısıdır,qurbanıdır.
“Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?”
Nizami eşqsiz dünyanı mənasız sayırdı.
Eşqi-məhəbbəti dinlə müqayisə etmək olar. Hər ikisində rükü var.
Biri Allah qarşısında, digəri sevgilisi....Vüsala çatmağı aşiqlər imana gəlmək kimi də dəyərləndirirlər. Amma dindən sui-istifadə halları olur. Hakimiyyətə gəlmək, mal-dövlət qazanmaq, istədiyinə çatmaq kimi.... Sevgidən də sui-istifadə edənlər olur.
–Sizcə, həqiqətən qadınlar məğlubedilməzdir?
– Qadın anadır, bacıdır, ömür-gün yoldaşıdır... Qurani-Kərimin “Bəqərə” surəsində buyrulub ki, “Qadınlar sizin tarlanızdır”. Doğurdan da qadını torpaqla müqayisə etmək olar. O da bitirən, yetirəndir.
“Bir çəyirdək verdim, dörd bostan verdi,
Mənim sadiq yarım qara torpaqdır ”
(Aşıq Veysəl)
Amma başsız, sahibsiz çəpərsiz, hasarsız torpaqlar-baxımsız torpaqlar var həyatda. Ata hasarı, qardaş hasarı, ər hasarı var bu tarlaların. Bu hasarlar olmayanda və ya bu hasarlardan imtina ediləndə orda, o tarlalarda qurd-quş yuva salır. Orda gül çiçək bitmir, qanqallar göyərir əvəzində, uzunqulaqlar anqırışır o tarlalarda. Bax belə....
Qadın ki abır-həyasını itirdi, kişiləşdi, erkəkləşdi, o gül- çiçək ətrini, xüsusiyyətini də itirir. Və sonda qanqala çevrilir.Qanqallar isə uzunqulaqların yemidir.
–Hal-hazırda cəmiyyətimizdə çatışmayan cəhət nədir?
– Cəmiyyətimizdə çatışmayan ən birincisi, mənə görə, səmimiyyətdir. Demək olar ki, heç kim səmimi deyil. Ata-ata kimi, ana-ana kimi, övlad-övlad kimi, hakimiyyət-hakimiyyət kimi səmimi deyil. Sevgili belə diplomatiya ilə danışır. Hamı oynayır,indi həyat başdan- başa qəribə bir oyuna bənzəyir. Ən pis, bəyənmədiyimiz, iyrəndiyimiz hallar, hadisələr adiləşib. Arvadın əri, ərin arvadı dəyişməsi adi, həm də normaya çevrilib... Qocası da belədir... cavanı da...
–Xəyallarınızda Siz kim olmusuz?
– Mən uşaqlıqdan simfonik musiqinin vurğunu idim.Tələbə olan vaxtlarda bir simfonik konserti buraxmazdım. Bütün baletlərə baxmışam... Özümün də musiqi parçalarım var.Özüm üçün qalır...Ədəbiyyat məni o dünyadan ayırırdı...
Hər şeydə olduğu kimi bu sahədə də ədalətsizlik baş alıb gedir...Sabir Mirzəyev kimi nəhəng xanəndə öz qiymətini almadı...
Səxavət Məmmədov,Məhəbbət Kazımov öz qiymətini almadı.
Aygün Kazımova, Səməd Səmədov xalq artisti , amma Məhəbbət Kazımov kimi bənzərsiz,bül-bül kimi cəh-cəh vuran bir sənətkar ölümünə bir neçə ay qalmış əməkdar artist adı aldı.
Ən çox sevdiyiniz şairlər....
– Mənim üçün Məmməd İsmayıl, Musa Yaqub və Ramiz Rövşən..... Bu şairlər milli sərvətdir.Nə yazsalar, nə desələr nəsə tapacaqsan .Xalq onları sevir. Xalq şairləri bunlardır.
“Elə bil dinc durmaz göylərin əli,
Günəşi nar kimi sıxar dənizə”
və yaxud
“Ağaclar qorxulu bir yuxu görər,
Yarpaqlar sübhədək sayıqlayarlar”
Məmməd İsmayıl bax budur. Bu mənzərəni, ancaq şair görə bilər.
– Niyə efirlərdə görünmürsünüz? Elə bil yoxsuz, amma oxuyanda başqa mənzərə çıxır qarşımıza.
– Hə... Tələbəlik illərində tələbə yoldaşım Elçin Mehrəliyev deyirdi ki, İslam, öz şeirlərinin yiyəsi deyilsən. O vaxt onun dediyinin fərqinə varmırdım. İndi görürəm ki, düz deyirmiş. Mənim bəlkə də çatışmayan tərəfimdi. Televiziyada, radioda məni bir neçə dəfə çəkib göstəriblər, minnətlə xahişlə... Görüşlərə getmirdim. Günah özümdədir.
– Təbiətlə bağlı bir sıra şeirlərinizlə tanışıq. Ümumiyyətlə təbiətə münasibətiniz necədir?
– İnsan təbiətin bir parçasıdır. Nə zaman ki insan ondan özünü ayırdı, təbiətlə öz arasına sədd çəkdi- fəlakət başlayır.
Budaqlar göylərə hayqıran əllər,
Meşələr viranə şəhərdi, Allah!
Qayalar dibində titrəşən güllər
Qarıyan qızlardı-qəhərdi, ALLAH!
– Yaradıcılıqla bağlı gələcək planlarınız haqqında bilmək istərdim...
– “Qaranlıqlar” adlı poema üzərində işləyirəm. Mənim bəlkə də ən böyük və ən yaxşı yazım olacaq... həm də oxucu bu əsərdə virtual aləmə səyahətə çıxacaq. Çox açıqlama vermək istəmirəm...
– Sonda gözəl bir şeir parçasıyla söhbətimizi bitirsək, çox gözəl olardı...
Bu gecə yuxuma gəlmişdin, gözəl
Sən məlhəm olmuşdun dərdi-sərimə
Başımı qoymuşdum köksünə elə
Ətrini çəkirdim ciyərlərimə...
Bu gecə yuxuma gəlmişdin, gözəl
Heç belə deyildim ilk baharımda...
Əllərim , qollarım bənövşə idi,
Qızılgül açmışdı ağ saçlarımda...
Bu gecə yuxuma gəlmişdin, gözəl
Çökmüşdün ruhuma ağ duman kimi...
Necə bəxtəvərdim, necə gözəldin...
Şirin xəyal kimi, xoş güman kimi...
Bu gecə yuxuma gəlmişdin, gözəl
Bu xəyal dumanda itmək nə gözəl...
Batıb ağuşunda bəxtəvərliyin
Getmək... uzaqlara getmək nə gözəl...
Nəzrin Cavid



