|
|
|
|

Məhəmməd AZƏROĞLU
Rəşid sübh tezdən oyanıb başladı hazırlaşmağa. Axşam saat doqquzda yay tətilinə Azərbaycana uçacaqdı. Tələbə cibinə əl verən ucuz ətirlərini, üzqırxan maşınını, ayaqqabılarını, dünəndən yuyub, sərdiyi paltarlarını yığdı çamadana. Vacib olmayan əşyalarını isə yaşadığı yataqxananın anbarına qoydu. Sentyabrda - dərsə qayıdanda geri götürəcəkdi.
Şkafların tozunu alıb, döşəməni yuyub, tozsoranı işə saldı. Axı otağı təhvil verib, yataqxanadan rəsmi şəkildə çıxmaq lazımdır uçmazdan əvvəl. Yoxsa, o biri ayların da ödənişi yığılıb qalardı.
Rəşid həm sevinirdi ki, uçur vətənə, həm də dilxor olmuşdu. Ərinirdi otağı təhvil verməyə. Çünki yataqxanadan çıxmaq asan iş deyil. Əlli kabinet gəzib, əlli peçat vurdurmalısan buraxılış kağızına.
Elə otağı təmizləyə-təmizləyə fikirləşirdi ki, axı, bu qədər rəsmiyyət, bu qədər kağız-kuğuz, sənədləşdirmə nəyə lazımdır, onsuz da hamımız bir nağılın parçasıyıq, əvvəl-axır ölüb, gedəcəyik... Buna baxmayaraq, Rəşid özü olduqca rəsmi, ciddi və punktualdı.
Tozsoranın səsindən oyanan Adil gözünün ucuyla Rəşidə baxıb, yuxulu-yuxulu dilləndi:
- Nə hala qalmısan səhərin gözü açılmamış? İmkan ver, yataq da.
- Vaxt azdı, birdən gecikərəm reysə. Günortadı daha, qalx.
- Guya gedib nə edəcəksən ki? Qal da.
- Nənəm darıxır e, qaqa, özüm də darıxıram.
Rəşidlə Adil yataqxanada bir otaqda yaşayırlar. İkisi də Minskdə, iqtisadiyyat universitetində təhsil alırlar. Bir-birlərinə qanları qaynamasa da, məcburi bir yerdə yaşayır, bir yerdə gəzib-dolanırlar.
Tüfeyli həyat yaşayan - içən, çəkən, gözəl belarus qızlarıyla günü günə satan Adil Rəşidi nə qədər öz aləminə sürükləmək istəsə də, bacarmırdı.
Rəşid elə hey deyirdi ki, dədəm mənə güvənib, göndərib məni buralara, üzünü qara etməyə haqqım yoxdur.
Rəşid otağı tər-təmiz silib-süpürüb, təhvil verəndən sonra getdi universitetə, kitabxanadan götürdüyü kitabları qaytarmağa.
Uzun növbədə istidən ürəyi qısılan Rəşid özünə su almağa da qıymırdı ki, birdən yolpulu azalar.
Növbədəki gözəl, ağbəniz, irisinəli, mavigözlü belarus qızlarına baxıb başını birtəhər qatmağa çalışırdı.
Qızlara elə qıraqdan baxmaqdan başqa bir şey gəlmirdi əlindən. Heç özü də istəmirdi. İlk sevgisi - birinci kursda aşiq olduğu Vika ilə ayrılandan sonra özünə söz vermişdi ki, bir də qələt edərəm, bu köpək qızlarını sevərəm.
Kitabları təhvil verib, gəldi yataqxanaya. Daha saat dörddür. Bir-iki saatdan sonra tərpənmək lazımdır avtovağzala, ordan da avtobusla aeroporta. Əlini telefona atıb taksi qiymətlərinə baxdı ki, ucuz olsa, taksiylə getsin, ancaq qiymətləri görən kimi telefonu atdı bir kənara.
Bu yerdə Adil ildırım kimi girdi otağa, əndikə-əndikə, təngnəfəs, əynini dəyişib, ətirləndi və başladı otaqda vurnuxmağa, var-gəl etməyə. Rəşid hiss etdi ki, Adil nəsə demək istəyir, ancaq deyə bilmir.
Rəşid soruşdu:
- Nə olub, nə axtarırsan?
Həmişəki sürtük gülüşüylə irişə-irişə Rəşidə yaxınlaşdı Adil:
- Rəşid, Olya çağırıb, deyir evdə təkdi.
- Get də.
- Pulum azdı e, gərək heç olmasa bir şüşə çaxır alım, əliboş necə gedim? Başına dönüm, varsa, 15 rubl ver, mən sənə qaytararam gələndə.
Rəşidin dişi bağırsağını kəsdi. Vermək istəmirdi. Bilirdi ki, Adilə verilən pulun üstündən bir stəkan soyuq su içmək lazımdır. Həm də yol pulunu dağıtmaq istəmirdi. Soyuq səslə:
- Adil, sən öl, məndə bütöv yüzlükdü e.
- Ver, gedim xırdalayım, gətirim qalığını.
Rəşidin bəhanəsi özünü doğrultmadı. İmtina etməyə üzü kəsmədi, əsəbdən partlaya-partlaya yüzlüyü cibindən çıxardıb uzatdı Adilə. Dodağının altında sakit səslə dedi, tez xırdala, gətir, birazdan gedirəm avtovoğzala.
Adil cibindən bir paket siqaret çıxarıb atdı stola:
- Özümlə götürsəm, yolda çəkəcəm, Olyanın xoşuna gəlmir siqaret qoxusu.
Güzgüdə saçlarına sığal çəkib getdi.
Əsəbdən qıpqırmızı qızaran Rəşid bilmirdi acığını nədən çıxarsın. Pəncərədən küçəyə baxıb öz-özünə deyinirdi:
- Adam nə qədər sırtıq olar, adam nə qədər həyasız olar?! Görürsən, vermək istəmirəm, yola çıxacam, niyə üz vurursan?!
Bir saat keçdi, yüzlüyü xırdalamağa gedən Adil gəlib çıxmadı. Narahat olan Rəşidin həyəcandan ayaqları əsirdi. Telefonu əlinə aldı ki, zəng eləsin.
Nə qədər zəng eləsə də, Adil telefona cavab vermədi.
Bəlkə, Adilə beş yüz dəfə zəng edəndən sonra gözü saata ilişdi: Saat yeddinin yarısıdır! Harda qaldı bu it oğlu it?! Gəlməsə, mən nə edəcəm, necə gedəcəm aeroporta, atama nə deyəcəm?!
Rəşid heç vaxt bu qədər narahat olmamışdı. Yerə-göyə sığmırdı. Atası bu dəfə bileti yaman baha almışdı. Bileti batırmaqdan çox qorxurdu Rəşid.
Yenə telefonu əlinə alıb başladı zəng etməyə. Bağıra-bağıra Adilin cavab verməyini gözləyirdi: Cavab ver, alçaq, cavab ver!
Əsəbdən gözləri dolsa da, özünü ələ almağa çalışırdı.
Otaqda var-gəl edə-edə zəngi zəng dalınca vuran Rəşid birdən o başdan bir səs eşitdi: Bu nömrəyə zəng çatmır!
Rəşid sanki, havalandı, hər şeydən əlini üzdü. Özünü saxlaya bilməyib, divarı yumruqlaya-yumruqlaya hönkürdü.
Hönkürə-hönkürə, Adili söyə-söyə onun siqaretlərini çəkməyə başladı. Duman içində boğulan Rəşid elə özünə də söyürdü: Boğul, köpək oğlu, heyvan oğlu, boğul elə! Sən nə pul verən çıxmışdın bu şərəfsizə? Boğul, öl elə...
Saat doqquz oldu. Daha Rəşid heç yerə gedə bilməzdi, çünki təyyarəyə çatmazdı. Telefonun ekranında 21:00 görən Rəşid, ağlamaqdan gözündə yaş qalmasa da, yenə hönkürdü. Bilmirdi əsəbini hara töksün, yerə atdığı siqaret kötüklərinə baxıb qışqırdı: Sizin də içinizə lənət, siz yaxşı zibil olsaydınız, heç o alçaq çəkməzdi sizi...
Dizlərini qucaqlayıb çarpayıda hönkür-hönkür ağlayan Rəşid anladı ki, daha çox gecdir, təyyarə qalxmış olar.
Bir müddətdən sonra sakitləşib, gözlərinin yaşını, burnunun suyunu əynindəki köynəyə sildi və dizlərini möhkəm-möhkəm qucaqlayıb Adil gələnə kimi gözlərini zillədi bir nöqtəyə.
Fikirləşirdi ki, atasına nə deyəcək, nənəsinə nə deyəcək?
Dodağının altında deyinirdi: İt oğlu it, sən gəl, səni döyüm, öldürüm, sən də bax...
Yazıq-yazıq oturub özünü ələ almağa çalışan Rəşid birdən dəhlizdən addım səsləri eşitdi.
Başını qapıya tərəf çevirən kimi qapı açıldı, Adil içəri girdi. Rəşidi görüb təəccübləndi:
- Bıy, ə, bəs sən getmirdin? Neynəyirsən burda?
Rəşid nə qədər əsəbi olsa da, daha haldan düşmüşdü, keçirdiyi əsəb onu gücdən-qüvvətdən salmışdı.
Boğula-boğula, dirənmiş bir səslə dilləndi:
- Hardasan neçə saatdı?
- Necə yəni hardasan? Demişdim də. Olyagildə idim. Sən niyə getməmisən e?
- Ə, şərəfsiz, sənə görə çata bilmədim də təyyarəyə, bu nə alçaqlıqdı sən elədin? Dedin, indi xırdalayıb, gətirəcəm yüzlüyü, mən də insanlıq elədim, səni adam bildim, verdim. Bu nə şərəfsizlikdi?! Mən nə edim indi?
- De, sən öl?
- Nə sən öl, ə?
- Mənə görə gedə bilmədin?
- Bəs kimə görə, ay alçaq? Axrıncı pulumu götürüb getmisən. Necə getməliydim aeroporta?! Zəngə də cavab vermirsən!
- Mən nə bilim, o sənin axırıncı pulundu? Deyəydin də gərək...
Rəşid dərin bir nəfəs alıb, güclə udqundu. Başını yastığa atıb gözünü tavana zillədi. Daha bir şey deməyə, danışmağa heyi qalmamışdı. Nəsə deməyin mənası olmadığını da anlamışdı.
Siqaret kötükləri yiyəsiz uşaqlar kimi otağın düz ortasından boylanırdılar.



