|
|
|
|

Şəmsi VƏFADAR
Dustaq maşınında yol gedən qadın...
Dustaq maşınında yol gedən qadın,
Bu bəxti, taleyi kim yazıb sənə?
Yadından çıxmısan doğmanın, yadın,
Bu dibsiz quyunu kim qazıb sənə?
Dustaq maşınında yol gedən qadın,
Səni sevən oğlan hardadı indi?
Dilində bitmişdi bir zaman adın,
Bilirmi, sevdiyi dardadı indi?
Hicran saçlarını öpər hər gecə,
Darıxma, pis günün ömrü az olar.
Ürəyin sıxılır bilirəm necə...
Çox çəkməz qış keçər, yenə yaz olar.
Zindan qadın yeri deyil əzəldən,
Qadın baş tacıdı, qadın anadı.
Soyuq daş qəfəsdə necə dözürsən?
Oralar qəmgindi, kədərxanadı...
Nələr çəkdiyini kimsələr duymaz,
Bilirəm, hər gecən bir il kimidi.
Zindana atılmış qadın ürəyi,
Qəfəsdə çırpınan bülbül kimidi.
Keçdiyin küçələr, ötdüyün yollar,
Geriyə qayıtma tanımaz səni.
Diz çöküb Tanrıya yalvaran qollar,
İndi qucaqlayar kədəri, qəmi.
Ürəyin həsrətdən üşüyər hər gün,
Əllərin ağlayar hər axşam, səhər...
Hər zülmət gecənin bir gündüzü var,
Darıxma, döz dərdə, qəmə bir təhər.
Yarası göynəyər çiçəklər kimi,
Əlini üzünə tutub ağlama.
Göylərdə dolaşan mələklər kimi,
Yara ürəyimin başın dağlama.
Çapar dörd bir yana hicran öz atın,
Göz yaşın içində axıb tökülər.
Dustaq maşınında yol gedən qadın,
Çox çəkməz, zülmün də beli bükülər.
Darıxma, gözündə qalmaz muradın,
Tanrıya dua et... canın sağ olsun.
Dustaq maşınında yol gedən qadın,
Qapın açıq olsun, yolun ağ olsun.
Anası ölmüşəm mən
Anası ölmüşəm mən,
Sonası ölmüşəm mən,
Anam öldüyü gündən
Çırağı sönmüşəm mən,
Dövranı dönmüşəm mən.
Bəyaz göyərçin kimi...
Yazıçı-publisist Məryəm
Şahverdinin işıqlı xatirəsinə
Gəlinlik paltarını,
Tanrı ona çox gördü.
Dərdləri gül açardı,
Hər il yanvarın dördü.
Yaraları qanamış,
Çiçəyə bənzəyirdi.
Dodaqları çatlamış,
Ürəyə bənzəyirdi.
Səsindəki göz yaşı,
Göynədərdi adamı.
Xatırladardı qəlbi,
Uzaq, qəmli adanı.
İsti yay günündə də,
Üşüyərdi ürəyi.
Nə Allah, nə bəndələr
Olmadılar köməyi.
Qaranı çox sevərdi,
Bəxti də qara oldu.
Ürəkdən sevdi deyə
Ürəyi yara oldu.
Qaranlıq işıq kimi,
Heç kəs onu duymadı.
Qəlbinə qulaq asdı,
Özgə səsə uymadı.
Bəyaz göyərçin kimi,
Cənnətə uçdu getdi.
Dünyadan pay ummadı,
Dərdlərin qucdu getdi.
Belə getsə...
Bir amalım, bir yolum var,
Əyrini düzdən asacam.
Gözləyirəm, gəlməsə yar...
Gözümü izdən asacam.
Tam yox dərdin tamı kimi,
Bu tam zəhər camı kimi,
Daha mən də hamı kimi,
Pərdəni gözdən asacam.
İçimdəki atəş sönmüş,
Günüm, ayım ilə dönmüş,
Yanıb-yanıb külə dönmüş,
Qəlbimi közdən asacam.
Soyuluram diri-diri,
Ürək-dirək vermə, kiri...
Belə getsə, günün biri
Özümü sözdən asacam.
Görüşünə gəlirəm
Ölüm nədir?
Bəlkə uzun bir səfər.
Səfər sonsuzdur deyə,
Ona ölüm deyirlər?
Bəlkə də biz ölmüşük
Elə doğulan zaman...
Arxamızca ağlayıb
Kimsə özgə bir zaman.
Biz Onun şah əsəri,
Yaradıb bizi Allah.
Qəlbimizə köz verib,
Dilimizə söz Allah.
Səyyah kimi düşmüşük,
Bəlkə də bu dünyaya.
Beşikdən başlanan yol,
Üz tutub o dünyaya.
Yanında bir günahım,
Varsa, bağışla, Allah!
Görüşünə gəlirəm,
Məni qarşıla, Allah!



