|
|
|
|

Mübariz ƏLİYEV
Prezident İlham Əliyevin və Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın zirvəyə yüksəltdikləri əzəli və əbədi Azərbaycan-Türkiyə qardaşlığına həsr olunur
Bir soyun iki qolu,
Tarixi qədim, ulu,
Şərəf dolu, şan dolu,
Parlaqdır ömür yolu,
Sanasan bir ürəkdir,
Tale bölüb ikiyə -
Azərbaycan-Türkiyə!
Nənə birdir, baba bir,
Ocaq birdir, soba bir.
Əhdi-peyman, vəfa bir,
Sədaqəti, dostluğu
Ələdüşməz tutiyə
Azərbaycan-Türkiyə!
Bakı, ya da Ankara,
Vətəndi, getsən hara.
Bir-birinin yolunda
Dönüblər xilaskara.
Şəninə çox yaraşar
Söyləsəm nə mədhiyyə,
Azərbaycan-Türkiyə!
Yazda yağan yağıştək,
Pozulmayan naxıştək,
Zamana bir baxıştək
Belə düşünüb, belə
Gəlibdir ortaq rəyə
Azərbaycan-Türkiyə!
Ta əzəldən hürr olub,
Ocaq olub, pir olub,
Bir möhtəşəm sirr olub,
Araz olub, Kür olub,
Axa-axa yönəlib
Bir ortaq müstəviyə
Azərbaycan-Türkiyə!
Yenilməyən soyumdu,
Dünya boyda toyumdu.
Hərəsi bir boyumdu, -
Qızıl yollar salıblar
Söykənib müdrikliyə,
Azərbaycan-Türkiyə!
Ömrü-günü, həyatı
Dastan, nağıl, bayatı.
Dünyalarca muradı
Dönüb coşqun nəğməyə,
Bir yenilməz şərqiyə,
Azərbaycan-Türkiyə!
Uzun-uzun yol gəlib,
Sevgiləri bol gəlib,
Açaraq cüt qol gəlib,
Trabzon könül verib
Qardaş olub Şəkiyə,
Azərbaycan-Türkiyə!
Dünya boyda el olub,
Saf inci, pak ləl olub.
Bir-birindən yapışan
Polad bilək, əl olub.
Çətin ayıra bilə,
Kimsə bir gün təkliyə...
Azərbaycan-Türkiyə!
Vaxtla girib yarışa,
Son qoyurlar savaşa.
Haqq-ədalət yolunda
Dəstək olub barışa,
Dünyanı qərq edirlər
Əlvan gülə-çiçəyə
Azərbaycan-Türkiyə!
İbtidadan sonsuza,
And içib çörək-duza,
Yanaşı dağlar kimi
Durub omuz-omuza,
Qoymazlar duru axan
Sular yolda ləngiyə
Azərbaycan-Türkiyə!



