|
|
|
|

Xatirə SƏFƏR
Mən ruhuna, cisminə
ömürlük orucluyam.
Bu qara sevdam üçün
İlahiyə borcluyam.
Mən adına saçımı
uzadırdım haçandan.
Bir-bir qırılıb düşür
sən eşqimdən qaçandan.
Ümidim diri-diri
öz-özünü basdırır.
Arzum əllərin üzüb
saçlarımdan asdırır.
Sığalsız saçlarımsa
tab gətirmir arzuya.
Xəyallar bir-bir düşür
qərq olur qara suya.
Bu qədərə, taleyə
razı deyildim, Allah!
Günah aşır boyumdan
artıq əyildim, Allah!
"Ol" deyib yeni qismət
yazmadın barı bir gün.
Ölməkçün məzarımı
sən qazdır, Tanrı, bir gün!
lll
Mən çıxılmaz yolda olan biriyəm
Tutunam ki, sığınam ki, kiriyəm
Yüklü, yorğun qarışqatək yeriyən,
Həyatından bezmiş bir sərsəriyəm
Mən qırmışam ömrümün avarların,
Ovub tökdüm evimin divarların,
Lap az qalıb, qoy hələ yuvarlanım,
İlan başı əzmiş bir sərsəriyəm.
İmtina edirəm şirin dilimdən
Doğum tariximdən, ölüm ilimdən.
Dərvişə dönürəm yüküm belimdə,
Gerçəkləri sezmiş bir sərsəriyəm
lll
Gülüşü dəva dərdimə,
bilmir amma, özü bilmir.
Onun eşqinə düşəndən
qəlb yalanı, düzü bilmir.
Ürəyimin hər damarı
genəlir gələndə səsi.
Bəs canımı qoyum hara
mənə toxunsa nəfəsi?
İtib-batır üzüm-əlim
qaba, kor-kobud ovcunda.
Dodağına atammıram
dursam da, barmaqucunda.
Nə olar, gəl bir şeir yaz
qara gilas gözlərimə.
Mən Allahdan səndən başqa,
inan, heçnə gozləmirəm.
Aya qədər qaldır məni
Qoyaq onu biz köndələn.
Eşqin çıxsın cin atıyla
Qursun orda bir göydələn.
Birgə gəzək buludlarda,
sevə-sevə, heç bezmədən
Papaq tik
im hər nazımdan,
qoy başın üstə, əzmədən.
Sən küsəndə, inciyəndə
çıxardaram ilan dili.
Barışmasan həmin anda,
doğrayaram, inan, dili.
Bu sevgimi ölçmək üçün
çətin tapıla bir vahid.
İnan mənə, a sevdiyim,
inan, buna Tanrı şahid!



