|
|
|
|

AĞASƏFA
Tıxacda yazılmış şeir-felyeton
Elə çatdım şəhərə...
Gurladı səs: - "Dal-dalı get!
Hər tərəf sıxma-tıxac,
durma, tələs! Dal-dalı get!"
Hey maşındır, düzülüb yollara karvan-karvan,
Necə olsun bu işin çarəsi bəs? Dal-dalı get!
Bir saatdır uyuyub, mürgüləyir öndəkilər,
Lap əzəldən uyumaq bizdə həvəs!
Dal-dalı get!
Necə, əlyandıdasan, vacib işin var, kimə nə?!
Əl-qol oynatma ha! Çımxırma əbəs!
Dal-dalı get!
Ağzını-burnunu bük-bürmələ
möhkəm-möhkəm,
Xəstəsən? Çatmır havan?
Təngənəfəs dal-dalı get!
Nə olar, taksiçi qardaş, məni qurtar burdan,
Elə fırlan, belə dön...
Ay "malades", dal-dalı get!
Bu şəhər ayrı şəhərdir, çox işi dal-dalıdır,
İstəyirsən çatasan mənzilə tez? Dal-dalı get...
lll
Çoxdan getməmişdim şəhərə...
Getdim...
Elə bil tamam yad bir yerə getdim...
Sanasan ümmanda yorğun gəmidir,
Şəhər yırğalanır belədən-belə.
Hisdirmi, üstündə bu örtük nədir?
Hava hava deyil burda, mən bilən...
Durdum, gözlüyümün tozunu sildim,
Gördüm ki, ümmanın gur yerindəyəm.
Bir az yan-yörəmə baxanda bildim:
Doğma biganələr şəhərindəyəm.
Döndüm fırfıraya çarxın içində,
Ordan fırlatdılar, bura atdılar.
Məni metrodakı axın içində
Köhnə kötük kimi dığırlatdılar.
Başını qaldırmır, kipriyi qalxmır,
Bu ona toxunur, o buna dəyir.
Kimsə yanındakı kimsəyə baxmır,
"Xəmir" telefonu hey kündələyir.
Üzülüb Tanrıdan - göydən əlləri,
Ora yüyürürlər, bura qoşurlar.
Yan-yana bənd edib göydələnləri,
Dələtək gah enir, gah dırmaşırlar.
Özümü danlayıb ovuda bildim:
Axı biganələr şəhərindəyəm.
...Nə yaxşı, kəndimə qayıda bildim,
Köndələn daxmamda ocaq yanında
Köhnə kresloda... Şah yerindəyəm...
lll
Məmməd Arazın şeirinə
gileyli bənzətmə
Bəlkə bu şəhərə bir də gəlmədim,
Bürkü, salamat qal, toz, salamat qal!
Dünən kənddən gələn dostlar, bilmədim,
Nədən atır mənə "fors", salamat qal!
Hamı çaparaqdır, hamı yüyürək,
Bu yüyür-yüyürə dözərmi ürək?!
Çırpır ağacları, çırpır sərt külək,
Tökülmür ciblərə qoz, salamat qal!
Bağlı qapılardan saldım yolumu,
Sonraya qoydular hər sualımı.
Bu təlx ovqatımı, acı halımı
Necə istəyirsən, yoz, salamat qal.
Tanrımız qorusun Qalib Yurdumu!
Kəndə daşıyıram ürək odumu.
Unut soyadımı, unut adımı,
Məni dəftərindən poz, salamat qal!
lll
Onu bu dünya ilə
Mədəsi qovuşdurur.
Başı ağrıyanda da
Qarnını ovuşdurur.
lll
Tuta bilmir öz yerini
Hər divarda əyri daşlar.
Yola verir bir-birini
Əyri kəslər - əyribaşlar.
lll
Qoyun-quzu görməyib
Qapısı heç bir zaman...
Sözün kəsir hər kəsin,
Dinməyə vermir aman,
Yekə-yekə deyir ki:
- Sözünə quzu kəsim!



