|
|
|
|
Məlahət Hümmətqızı
Həbibənin əli hər yerdən üzülmüşdü. Son ümid yeri bir Allah idi, bir də məktub göndərdiyi ünvanın sahibi, yəni möcüzə gözləyirdi. Nigaran idi, darıxırdı. Evdə qərar tutmadı, eyvana çıxdı. Bacısı uşaqlarının hay-küylə göyə tuşladıqları fişənglərə bir xeyli baxdı. Lacivərd göyə səpələnən əlvan işıqlar gözünü qamaşdırır, xoşallanırdı. Qayğısız uşaqlıq illəri yadına düşdü. Burnunun ucu göynədi. Bir an uşaq olmaq istədi. Bacısı uşaqlarına qoşulub fişəng atmaq, atılıb-düşmək, deyib-gülmək keçdi ürəyindən. Əmisini, əmisi uşaqlarını xatırladı. Çox vaxt yeni il tətilində Bakıya - əmisigilə gedərdi. Bakıda yeni ili qeyd etməyin bir başqa səfası vardı. Şəhərin ən görməli yerlərində - iri univermaqlarda, kiçik dükanlarda, bağlarda-parklarda bəzəkli yeni il yolkaları bərq vururdu. Şəhər bayram havasına köklənir, insanların üz-gözündən nur tökülürdü. Qohum-əqrəba, dost-tanış yeni ili birgə qarşılamağı xoşlayırdı. Evin kişiləri bir neçə gün qabaqdan bazarlıq edir, ev sahibələri bir gün əvvəldən tədarükə başlayır, bayram süfrəsi üçün ən seçmə təamlar hazırlayır, yeni il axşamı ta qonaqlar gələnə qədər əldən-ayaqdan gedir, süfrəyə quş südü, can dərmanı düzür, axırda stola bir müştəri gözü yetirib, uşaqlara cici paltarlarını geyindirir, özləri də bəzənib-düzənib saata baxırdılar. İntizarlı dəqiqələr bundan sonra başlayırdı. Hərdən pəncərəyə boylanır, qapıya qulaq kəsilirdilər. Uşaqlar yolkanın başından əl çəkmir, analarından tez-tez yaşıdlarının da gəlib-gəlməyəcəyini soruşurdular. Yeni il gecəsi uşaqlarını sevindirmək üçün bəzi imkanlı valideynlər evlərinə çiyni xurcunlu, gümüşü əsalı, uzun saqqallı Şaxta baba da dəvət edirdilər. Şaxta babanı sonsuz sevinclə qarşılayan balacalar bu istiqanlı qocanın çağırışlarına sevinclə səs verir, onun xahişilə şeir deyib, mahnı oxuyurdular. Qışın oğlan çağında ürəklərin hərarəti qızdırıcısı, sobası olmayan evləri də isidirdi. Səxavətli Şaxta baba torbasını açıb balaları mükafatlandırır, al-əlvan şokolad konfetlər doldurulmuş şəffaf cığcığ torbaları hədiyyə edib, başqa evlərin uşaqlarını da sevindirmək üçün tələsik vidalaşaraq gedirdi. Dinclik dövrünün uşaqları partapartdan uzaqdılar, uşaqlar üçün icad edilmiş, amma böyüklərin də qulaqlarını batıran oyuncaq fişənglər o vaxtlar yox idi, balacalar benqal atəşi ilə kifayətlənirdilər.
Qapının döyülməsilə intizardolu dəqiqələrin birinci səhnəsi bitirdi. Qapı açılar-açılmaz şən sadalar yüksəlir, isti xoşgəldin mərasimi başlayırdı. Süfrə açılmış otağa keçən qonaqlara yuxarı başda yer göstərilir, özlərini evlərindəki kimi hiss etmələri üçün ev sahibləri şirin dillərinin altına bir də qənd qoyurdular. Bu pişvazdan məmnun qonaqlar “vallah evimizdəkindən də rahatıq, heç narahat olmayın” deyib, ev yiyələrini sakitləşdirməyə çalışırdılar. Evin balaca sakinləri də yaşıdlarını yolkanın başına çəkib, həvəslə parlaq oyuncaqların tarixçəsini danışırdılar.
Çəngəl-bıçaq cingildəməyə başlayanda söhbət də qızışırdı. Bu gündən keçmişə, keçmişdən gələcəyə addayan söhbətlərdə uman-küsən qalmırdı, hamı yada düşürdü, ardınca daha ciddi məsələlərin müzakirəsi başlayırdı, beynəlxalq münasibətlərdən, soyuq müharibədən vahiməsiz danışılırdı, böyük bir dövlətin içində kiçik ailələr özlərini əmin-amanlıqda hiss edirdilər.
Gecə yarıya yaxınlaşanda intizarlı anların ikinci hissəsi başlayırdı. Tarixə qovuşmaqda olan ilin son dəqiqələri inadlaşır, getmək istəmirdi, hər halda məclis iştirakçılarına elə gəlirdi. Əslində onlar da kövrələn kimi olurdular, pis-yaxşı bu ili yaşamışdılar, doğmalaşmışdılar... Əqrəblər 12 rəqəminin üzərində qoşalaşanda şampan şüşəsinin partıltısı televizordan yüksələn saat tıqqıltısına əks-səda verirdi. “Urrraaaa” nidaları evi bürüyür, köpüklənən şampan şərabı fujerlərə dolub-daşırdı. Badələrin cingiltisi xeyir-dualara qarışırdı. Əsl bayram indi başlayırdı və səhərə qədər davam edirdi...
Kövrəldi, üzündəki təbəssüm anidən çəkilib getdi. Göz yaşları yanaqlarından yuvarlandı. O günlər çoxdan uzaqlarda qalmışdı, niskilli xatirələrə dönmüşdü. Əmisigildə keçən xoş illər heç vaxt qayıtmayacaqdı. Dərindən ah çəkdi. Ha çalışdı özünü ələ alsın, bacarmadı. Dodaqlarını sıxıb için-için ağladı. Ürəyini boşaldandan sonra hiss etdi ki, üşüyür. Çiyninə atdığı yun şalı boğazına tərəf çəkib qollarını sinəsində çarpazladı. Partapart, hay-küy kəsilmişdi. Göyə baxdı, gözlərini görən olsaydı göylərə yalvardığını anlayardı. Ürəyində dua etdi, özünə təskinlik verdi: “İnşallah yeni il düşərli olar, Allahdan ümid kəsilməz. Gözləyəcəyəm”. Soyuq artıq iliyinə işləməyə başlamışdı. Tir-tir əsirdi. Bu dəfə şalı üzünə sıxdı. Nəfəsi ilə isinmək istədi. Əyni nazik olsa da, içəri keçib üst geyim götürməyə ərindi. Bir neçə dəqiqə dayanıb gecənin səssizliyinə qulaq verdi. Dərindən nəfəs aldı. “Ah” deyib, gözlərini yumdu. Xəyal onu keçmişə deyil, gələcəyə uçurdu. Yan-yörəsi mehriban, gülərüz insanlarla, şən uşaqlarla dolu idi, müəllim yoldaşları ilə dərs proqramını müzakirə edirlər, zəng çalınır, o, sinfə tələsir...
Gülümsədi. Canına rahatlıq yayıldı. Gözləri yumulu olsa da, yaz yağışından sonra parlayan günəşi görən kimi oldu. Bir anlıq soyuğu da hiss etmədi. Qanadları olsaydı, eyvandan birbaşa göylərə uçardı.
Qəfil səsdən diksindi. Həyəcanla gözlərini açdı. Anası qapının ağzında dayanmışdı.
- Başıma xeyir! Ay qız, yenə xəyalın göylərdədir? Vallah axırda havalanacaqsan. Allah amandı! Qoca vaxtımda başıma dərd açacaqsan. Xəstələnərsən, keç içəri!
Anasının onu xəyaldan ayırması əsəblərinə toxundu. Üzünü turşudub acıqlı-acıqlı anasına baxdı. Şirin xəyallardan ayırdığına görə ürəyində anasını qınadı. “Qoymazlar bir özünlə baş-başa qalasan... Xəstələnmə, amma qubarlayıb öl! İnsanı anası da anlamayandan sonra kim anlayacaq?” Anasının arxasınca içəriyə keçdi.
Qızbəs hər dəfə qızını fikirli görəndə narahat olurdu. Həbibə xəstəlikdən yenicə ayağa qalxmışdı. Tam özünə gəlməmiş iş yerində problemlə üzləşmişdi. Ana qorxurdu ki, qızının səhhəti yenidən pisləşər, bu dəfə onu dirçəltmək çətin olar. Yeni il axşamı bəzədiyi balaca şam ağacına qızının məktub asığına da görmüşdü. Açıb gizlicə oxumuşdu. Həyəcandan içini çəkmişdi: “Aman Allah, bu qız dəli olub, deyəsən, əli hər yerdən üzülüb, yolkadan dilək diləyir, elə bil uşaqdı. Allahım, özün kömək ol balama, ağlını başından alma” deyib, göz yaşı tökmüşdü.
Qızbəs qızına kömək etmək istəyirdi, amma nə etmək lazım gəldiyini bilmirdi. Əmisi rəhmətə gedəndən Həbibə özündə-sözündə deyildi.
Ümidsizliyə qapılmışdı, əli-qolu hər şeydən soyumuşdu. Yaşı az deyildi, iyirmi beşi tamamlamışdı, dünyanın ölümlü-itimli olduğunu bilirdi. Niyə belə edirdi? Kimin əzizi ölməyib ki? İki-üç aya ən dərdli insan da yavaş-yavaş təsəlli tapır. Bəlkə başqa bir dərdi var, valideynlərinə demək istəmir? Nə idi onu narahat edən, üzən? Bəlkə bacarmayacaqlarından qorxurdu, bəlkə bacarmayıb qızlarının qarşısında utanacaqlarından çəkinirdi Həbibə? Qızbəs fikirlər içində vurnuxurdu. Balasına hər namazda göydən kömək istəyirdi. Ümidi tək Allaha qalmışdı, balasının havalanacağından qorxurdu. Qızının səssiz, sakit, ruh kimi gəzməyinə dözə bilmirdi.
Həbibə uşaq vaxtı şıltaq-şən olsa da, indi tam tərsi idi. Ciddi qız olmuşdu. Əvvəllər Qızbəs qızının belə dəyişməsinə sevinirdi. Amma onun bu qədər səssizləşməsindən narahat olmağa başlamışdı. Həbibə cavan əmisinin vəfatından sarsılmışdı. Qızbəs fikirləşirdi ki, torpağın üzü sərindir, bir müddət sonra qızı əvvəlki halına qayıdacaq, zamanla hər şey yoluna düşəcək. Vaxt keçir, Həbibə isə getdikcə daha çox özünə qapanırdı. Qız üsyan edirdi Allaha. Qəbiristandan üşənir, məzarları görəndə qorxur, həyəcanlanırdı. Həbibə gələcək deyilən bir anlayışı unutmuşdu, keçmişlə yaşayırdı, ötən günlərin istisindən az-maz güc alır, ayaqda qalırdı. Xəyala dalır, əmisigildə keçirdiyi günləri xatırlayırdı. Şirin xatirələr sanki ürəyinə toxdaqlıq verir, bir az sakitləşirdi...
Həbibə salona keçib divanda əyləşdi. Gecədən keçsə də heç kim yatmaq istəmirdi. Televizorda yeni il şənliyi davam edirdi. Valideynləri və bacıları yeni il verilişinə baxırdılar. Sərvər kişi qəfil televizordan gözünü çəkib Həbibəyə baxdı. Bir an baxışları toqquşdu. Qızının gözlərindəki kədər atanı kövrəltdi. Nəsə demək istədi. Susdu. Qəhərdən danışa bilmədi. Qardaşının vaxtsız gedişi onun da belini bükmüşdü. Arvad-uşağın yanında ağlayacağından ehtiyat elədi. Yerindən qalxıb otaqda var-gəl etdi. Bəzəkli yolkanın qarşısında dayandı. Xəyalı çox uzaqlara uçdu...
Həbibə özünü tanıyandan yeni il gecəsi yatmazdı. Bacıları yatsa belə, o özünü yuxuluğa vurar, səhərə kimi gözünü qırpmazdı. Özündən böyük altı bacısı ilə bərabər axşamdan yeni il yolkasından asdığı istək məktubunu valideynlərinin oxumasını gözləyərdi. Səhər o başdan durub yolkanın altında hədiyyəsini görüncə sevinər, atılıb-düşər, səs-küy salar, evdəkiləri yatmağa qoymazdı. Hədiyyə deyəndə, ortabab ailədə böyüyən kənd uşağının nə istəyi olacaqdı ki? Məktəb üçün ləvazimat, şirniyyat, çanta, top, don və s. Məktub yazmasa da, atası qonşu Ağanın kəndin başındakı dükanından ona lazım olan məktəb ləvazimatlarını, istədiklərini nisyə alıb, ayın sonunda zəhmətlə qazandığı pulla borcunu qaytarırdı. Qızlar çox şey istəməzdilər, kasıblığın nə olduğunu anlayır və arzularını ürəklərində saxlaya bilirdilər. Bircə Həbibədən başqa. O, uşaqların içərisində ən şıltağı, ərköyünü idi. Evin sonbeşiyi olduğu üçün ata-ana ona “yox” deyə bilmirdi. Yolka ağacına asdığı dilək məktubuna cavab olaraq hədiyyələr alacağına inanırdı. O, məktəbə gedənə qədər özünün uşaq ağlı ilə evdə hər kəsi inandırmağa çalışırdı ki, ona hədiyyəni uzaq yerlərdən uca boylu, ağ libaslı, ağ saqqallı, çiyni xurcunlu, sehirli əsalı Şaxta baba göndərir, qız hədiyyəsini səbirsizliklə gözləyirdi. Həbibə o biri uşaqlarından çox seçilirdi. Danışığına hər kəs heyran olurdu. Uşaq deyil, təcrübəli böyük adam danışırdı elə bil. Çox ağıllı idi, dərslərini yaxşı oxuyur, valideynlərinə ev, həyət işlərində kömək edirdi.Yatmazdan əvvəl nənəsinin danışdığı qorxulu nağıllara həyəcanla qulaq asır, yatmaq əvəzinə, yuxusu ərşə çəkilirdi.
Həbibə təkcə ailənin deyil, qohum-əqrəbanın da sevimlisi idi. Bakıda yaşayan əmisi onu lap çox istəyirdi. Hər yeni il ərəfəsində əmisi onu nənəsi ilə bərabər Bakıya evlərinə qonaq aparanda sevincinin həddi-hüdudu olmazdı. Gecəni yatmaz, səbirsizliklə səhəri gözləyərdi. Qorxardı ki, yuxuya gedər, evdəkilər qıymayıb onu yuxudan oyatmazalar. Ona görə işini möhkəm tutardı. Səhər erkəndən hamıdan əvvəl çantasını yığıb darvazanın yanında var-gəl edərdi”. Ay nənə, harada qaldın, gecikirik” deyib, səs-küy salardı. Əmisinin onları gətirmək üçün göndərdiyi sürücüsü ilə maşında oturub nənəsinin qarasınca o ki var deyinərdi. Nənəsi maşına yaxınlaşanda isə sevincək maşından atılıb nənəsinə yer göstərərdi. Elə bil nənəsi gec gəldiyi üçün bayaqdan özünü yeyib-tökən bu deyilmiş. Yol boyu da susmazdı. O qədər üyüdüb-tökərdi ki, nənəsi dəng olub acıqlanardı: “Ay qız, bəsdi də, dilotu yemisən?” Bakıya çatanda əmisinin boynuna tullanar, o üzündən, bu üzündən öpərdi. Əmisi isə ərköyün qardaşbalasının öpüşlərindən xoşallanar, gülməkdən uğunub gedərdi. Nənəsi oğlu ilə görüşməyə tələsib nəvəsini kənara çəkərdi. “Ay bala, bizə də imkan ver oğlumuzla görüşək. Bilmirəm, Qızbəs buna hamilə olanda nə yeyib, elə bil uşaq deyil, dayçadı. Adamın üstünə tullanır. Bu qızın axırı necə olacaq görən”, deyib başını yelləyərdi. Əmisi isə anasının gileyli sözlərinə bir xeyli gülər, “dəymə ana, uşaqdı, əmisinin balasıdı, vallah böyüyəndə bir qız olacaq ki, gəl görəsən”, deyib onu sakitləşdirərdi.
Həbibənin oğlan xasiyyəti nənəsini ciddi-ciddi narahat edirdi. Hərdən oğluna, gəlininə acıqlanırdı, qızı çox əzizlədikləri üçün onları danlayırdı. Həbibə sifətdən də oğlana bənzəyirdi. Bakıya gəldiyi günün səhəri oğlan paltarı geyinib əmisi uşaqlarına qoşulur, şəhəri ayaqdan salır, “yoruldum”, demirdi. Bulvarı çox sevirdi. Yelləncəklərə minər, Dənizkənarı parkda təşkil olunan yolka şənliyində şeir söyləyər, hədiyyə qazanardı. Onun fərasətinə əmisi uşaqları da heyran qalırdı. Beləcə, tətil günlərində uşaqlığının ən gözəl günlərini yaşayırdı. Kəndə əlidolu qayıdar, əmisinin aldığı hədiyyələrlə bacılarını sevindirər, Bakıda gördüklərini həvəslə evdəkilərə və kənd uşaqlarına danışardı. Gətirdiyi şokoladları çantasından çıxarıb başına yığışan kənd uşaqlarına paylayar, özü də onlarla bərabər yeyib, şənlənərdi. Bu təşəbbüs əmisinin olsa da, can-başla yerinə yetirmək onun boynuna düşürdü.
Kənd uşaqları ilə müqayisədə Sərvər kişinin balaları çox çətinlik görməmişdilər. Ailədə yeddi uşaq olsa da, ata-ana onlara sıxıntı çəkdirməmişdi. Zəhmətkeş, əliqabarlı valideynlər başlarını aşağı salıb işlə-güclə, təsərrüfatla məşğul olmuş, heç kimin toyuğuna “kiş” deməmişdilər. Kənddə onları sakit, heç kəsin işinə qarışmayan, dedi-qodudan uzaq ailə kimi tanıyırdılar. İncəvara, onlara da dəyib-dolaşan, toxunan olmamışdı. Sərvər kişinin Bakıda yaşayan vəzifəli qardaşı Ənvərdən çəkinib, hər kəs onlara ehmalla yanaşırdı. Ənvər Bakıda yaşasa da, ata məhəlləsində, özünə aid torpaq sahəsində, həyətin yuxarı başında ikimərtəbəli ev tikdirmiş, həyətə su çəkdirmiş, evin düz qarşısına su kranı qoydurmuşdu. Evin içində şəhər mənzillərində olduğu kimi hər şərait var idi. Həyətdə səliqə-sahman yaradıb, yerə rəngli daşlar döşətdirmişdi. Evin dörd bir tərəfinə qızılgüllər əkdirmiş, həyəti cənnətə döndərmişdi. Həyəti işıqlandırmaq üçün yerə gecə lampaları düzdürmüşdü. Həyətdə ovçarka cinsindən olan iti üçün daşdan xudmani dam düzəltdirmişdi. İtin böyüklüyündən qorxub heç kim həyətə girmirdi. Çünki it zəncirlənmirdi. Evin qarşısındakı iri hovuz həyət-bacaya xüsusi gözəllik verirdi. Hovuzun divarlarına hörülmüş müxtəlif rəngli daşlar suyu mavi rəngə boyayırdı. Evin sağ tərəfində istirahət üçün çay daşlarından çardaq tikilmişdi. Qış aylarında çardaqda istirahət etməyin ayrı ləzzəti vardı. Çardaqda nələr yox idi... Televizorundan tutmuş, divan-kreslosuna, bilyard stoluna, samovarına, odun sobasına kimi hər dəstgah var idi. Kişi əjdaha idi vallah, şəhər mədəniyyətini kəndə gətirmişdi. Qonşuların dili ilə deyilsə, bir Ənvərin, bir də raykom katibinin evində belə təmtəraqlı şərait var idi. Yüz yeyənin olsun, bir yeyənin olmasın, hündür hasarlı həyəti, kənar adamların girmədiyi evi dilə-dişə salanlar az deyildi. Qonşu Ağəlnin arvadı Xəbərçi Xədicənin əsas mövzularından biri də bu ev, onun sakinləri idi: “Ta nə dərdləri var, işləri-gücləri yeyib-içib şıllaq atmaqdı. Bircə qulluqçuları çatmır. O da olarey, özləri istəmirlər ki, evlərinin içini görən olsun. Bəxtəvər Qızbəsin başına, elə qaynı var, bir əli üstlərindədir, bir yeyib, beş sadağa versinlər. Belə yarıyasane, yoxsa bizimkilər kimi, al molladırlar, bir xeyirlərini görmədik”. Sərvər qürurlu insan idi, qardaşından umacağı yox idi, ailəsinin ehtiyaclarını özü həll etməyə çalışırdı, həm də övladlarını gözütox yetişdirmişdi.
Yeddi uşaqdan altısını yerbəyer etmişdilər, bircə Həbibədən başqa. Həbibə şəkər xəstəsi olan anası Qızbəsə görə ailə qurmağa tələsmirdi.
Fikirləşirdi ki, evdən getsə anasına kim qulluq edər, işini-gücünü kim görər? Məsələ burasındadır ki, ona elçi düşənlər də Həbibənin ürəyincə olmamışdı, ürəyindən keçənlər də ona elçi düşməmişdilər. Amma Həbibə vaxtını boşa verməmişdi. Onu balası kimi çox sevən əmisinin evində dörd il qalıb pedaqoji universitetin dil-ədəbiyyat fakültəsini bitirmişdi. Fərqlənmə diplomu ilə kəndə qayıtmış, əmisinin köməyilə vaxtilə oxuduğu məktəbdə işə girmişdi. Məktəb direktoru ədəbiyyat dərslərini yaxın qohumu Ramiz müəllimə vermişdi. Əmisinin rayon təhsil idarəsinin müdirinə etdiyi bir zənglə Həbibənin işi düzəlmişdi. Direktor kəsilə-kəsilə qalmış, üzdə bildirməsə də, gənc müəllimə kin bağlamışdı.
Yaşa dolsa da, Həbibə oğlansayağı xasiyyətini dəyişməmişdi. Tələbə vaxtı da ağ köynək, qara pencək geyinməyi xoşlayırdı. Uzun ətək və hündürdaban ayaqqabı geyimini tamamlayırdı. Qalın qıvrım saçlarını toplasa da telləri gözünün üstünə, yandan üzünə tökülürdü. İnqilabdan əvvəlki nəcib qızlar gimnaziyasının tələbələrinə bənzəyirdi. Müasir geyimli, cins şalvarlı, rəngli libaslı tələbələrin qaynaşdığı universitet foyesində o sanki bir möcüzə sayəsində yol azıb on doqquzuncu əsrdən yeni minilliyə düşmüşdü. Onu institutun foyesində görən tələbələr və müəllimlər dayanıb təəccüblə bir neçə dəqiqə arxasınca baxırdılar. Kimi aşkarda, kimisi isə arxasınca təəccüblə “Puşkin ki, Puşkin...” söyləyib keçirdi. Hərdən qulağı alırdı bu sözləri. Fikir verməz, gülümsəyib ötərdi. Nə etsin, özünü öldürməyəcəkdi ki, onu Puşkin kimi dahi şairə oxşadırlar, lap yaxşı.
Həbibə yaşıdlarından təkcə geyimi ilə seçilmirdi, qızların həvəslə istifadə etdikləri ənlik-kirşandan, bəzək-düzəkdən də uzaq idi. Saçlarına sığal çəkmək də yadına düşməzdi. Heç nəyi dərd etməzdi, dildən pərgar, soyuqqanlı idi. Ən dar macalda da gülümsəməyi bacarırdı, özü də bilirdi ki, onun əsas silahı təbəssümüdür. Özünə inanır, özünə güvənirdi. Əmisi ona çox şey öyrətmişdi. “Özünə güvənən insan heç vaxt məğlub olmur”, demişdi əmisi. Bu sözləri Həbibə qulağına sırğa etmişdi.
Həbibə sirrini heç kəsə verməzdi. Özünü tox tutsa da ürəyində niskil vardı. Qönçələyən sevgisini ürəyinin lap dərinliyində dəfn etmişdi. Bu haqda heç kimə söz açmayacaqdı. İllərlə sevdiyi tələbə yoldaşından aldığı zərbə onun heysiyyatına toxunmuş, insanlara güvənini sarsıtmışdı. Bu niskil onunla bərabər addımlayacaq, əsla onu tərk etməyəcəkdi. Sevdiyi oğlana məktub yazıb ürəyini açmışdı. Cavabında gözləmədiyi hadisə baş vermişdi. Oğlan qrup yoldaşlarının qarşısında onu məsxərəyə qoymuşdu. Məktubu əlində yelləyib: “Get tayını axtar. Güzgüyə bax gör mənə yaraşırsan? Sən heç qıza oxşamırsan. Puşkin!”- deyib qəhqəhə çəkmiş, qrup yoldaşları da ona qoşulub qəşş eləmişdilər. Heç nədən sarsılmayan Həbibə o anda ölmək istəmişdi. Auditoriyadan qaçmışdı, imkanı olsaydı yer kürəsindən baş götürüb gedərdi. Dəhlizdən keçərkən şərəf lövhəsində gülümsəyən şəklinə gözü sataşmışdı. “Eh, nə olsun ki... Boş şeymiş... Gördüm yoldaşlarımın verdiyi qiyməti...”. Qaçaraq universitetdən çıxmış, dalda bir yerə sığınıb doyunca ağlamışdı. Axşama kimi şəhərin əldən-ayaqdan uzaq küçələrini dolaşmışdı. Adamlarla üz-üzə gəlmək istəmirdi, insanlar da, həyat da gözündən düşmüşdü. Nə etsin, əmisigilə necə getsin? Onun halını görüb sorğu-suala tutacaqdılar. Nə deyəydi, necə anladaydı, deyiləsi sözdü məgər?
Əslində əmisi ilə danışmağa, ürəyini boşaltmağa ehtiyacı vardı. Amma başına gələn elə hadisə idi ki, ən yaxın bildiyi əmisi ilə bölüşməyə ar edirdi. Ürəyində əmisilə xeyli danışdı, kənddən təhsil almağa gələrkən əmisinin verdiyi məsləhət, etdiyi nəsihət təkrar-təkrar qulağında səsləndi: : “Həyat yolları hamar deyil, qızım. Yeni aləmə düşəcəksən, yüzlərlə insan görəcəksən, ünsiyyət qurmalı olacaqsan, diqqətli ol. İnsanları tanımaq olmur, şirin dilə aldanma, ürəyin təmizdi, amma elə bilmə ki, hamı sənin kimidir. Xətrinə də dəyəcəklər, incidəcəklər, küsdürəcəklər, haqsızlıq görəcəksən. Belə şeylər səni sarsıtmasın, olan şeylərdir, hamının başına gəlir. Əsas sən güclü ol, qarşına qoyduğun məqsədlərdən geri çəkilmə, ruhdan düşmə. Təhsilinə fikir ver, oxu, öyrən, həyatda sənə elm, savad lazım olacaq. Nə çətinliyin olsa, mənə de, çəkinmə”.
Bir az toxdayandan sonra avtobus dayanacağına gəlmişdi. Bilirdi ki, əmisigil nigarandı. Avtobusda arxa oturacağa oturub gecikməsinin səbəbini əmisigilə necə izah edəcəyi barədə fikirləşmişdi. Sevdiyi oğlanın, yoldaşlarının hərəkətləri yadına düşdükcə, məktub yazdığı üçün özünü qınamışdı. “Özüm-özümü gülünc vəziyyətə saldım. Nə böyük səhv elədim... Mənə dərs olsun”.
Əmisigilə kitabxanada ləngidiyini demişdi. Allahdan əmisi uşaqları dərinə getməmişdilər. Əmisi isə onun gözlərinə diqqədlə baxıb, “universitetdə bir problem yoxdu ki” deyə, soruşmuşdu, kömək etməyə həmişə hazır olduğunu deyib, qardaşı qızının saçlarını sığallamışdı.
Həbibə unutmaq istədiyi o hadisəni arada xatırlayırdı. Peşmanlıq hissi ürəyinin dərinliyinə oturmuşdu, artıq əvvəlki kimi yandırmırdı. Dərsini almışdı, ailə qurmağa tələsməyəcəkdi, yüz ölçüb, bir biçəcəkdi. Anlayışlı, mədəni, savadlı insanla yollarını birləşdirmək niyyətində idi.
Həbibə kənddən çıxandan burada çox az dəyişiklik olmuşdu. Elə əvvəlki kənd idi. Kənd camaatının əksəriyyəti təsərrüfatla məşğul idi, necə deyərlər, səhər naxıra, axşam axıra. Cavanlar, sinif yoldaşları kimi təhsil, kimi iş üçün şəhərə üz tutmuş, orada qalmışdı. Kənddə daha çox qoca, qadın, uşaq vardı. Kişilər şəhərdə qazandıqlarını ailələrinə göndərir, əhali beləcə dolanırdı. Kəndin qızları evdə qalıb qarımışdılar. Arada xəbər yayılırdı ki, filankəsin qızını bəhmankəsin Rusyətdə işləyən oğluna veriblər, bir-iki həftəyə toy olacaq. Toyu olan oğlan beş-altı gün kənddə görünüb yoxa çıxırdı. Xəbərçi Xədicə yeni mövzu ilə qapı-qapı gəzib kəndin mürgüsünü qaçırırdı: “Bəhmankəsin oğlunun Rusyətdə arvad-uşağı var. Dədəsi-anası əl çəkməyib ki, qocalmışıq, bizə bir baxan lazımdı, ya yox? Öz kəndimizdən-kəsəyimizdən birini al, bizə də baxsın, həm də doğub törəsin, sən də ahıllaşanda kəndə qayıdassan, urusdan sənə yar olmaz”.
Günlər keçdikcə Həbibə anlayırdı ki, xəyalındakı ağ atlı oğlan bu ucqar kəndin yolunu heç vaxt tapmayacaq. Anlayırdı ki, yolka budağna məktub asmaqla arzusunun yerinə yetə biləcəyi də nağılmış. Amma ruhdan düşmürdü. Həyatını mənalandıran işi vardı. O, doğma məktəbdə sevdiyi işlə məşğul olacaqdı, dərs deyəcəkdi. Hələ beyinləri kirlənməmiş, saf uşaqlarla hər gün ünsiyyətdə, təmasda olacaqdı. Onlara bilik, savad verəcək, yol göstərəcəkdi. Onlara dost, sirdaş olacaqdı, həyatın daş-kəsək yollarında büdrəməməyi öyrədəcəkdi. Neçə-neçə şagirdi yüksək qiymətlərlə məktəbi bitirib ali məktəbə qəbul olacaqdı. Başını uca edəcəkdi, məktəbin adını yüksəldəcəkdi. Bunları düşündükcə özünü xoşbəxt sayırdı. Hər şeyə görə taleyinə şükür edirdi. Bugünkü günü üçün göydə Allaha, yerdə valideynlərinə, əmisinə minnətdar idi. Onun oxuması, təhsil alması üçün bütün yardımları etmişdilər. Anası xəstə ola-ola ondan heç vaxt iş tələb etməmişdi. Xəstə canı ilə evin bütün yükünü öz üzərinə götürmüş, çöl-bayır işinə qaçmış, qızının hazırlaşıb ali məktəbə qəbul olması üçün onu heç bir işə buyurmamışdı. Altı bacısı oxumamış ailə qurmuşdu. Həbibə onların nə əziyyət çəkdiklərinin şahidi idi. O, bacılarına bənzəmirdi. Bilirdi ki, valideynləri onu özlərinə oğul əvəzi bilirlər. Həbibə elə də olacaqdı, ata yurdunda o qalacaqdı, bir oğul kimi valideynlərinə hayan olacaqdı.
Uşaqlıqda oğlanlarla futbol oynayar, sonda sözləri çəp düşəndə dalaşıb, üst-başı toz içində, paltarı cırılmış halda, kiminsə uşağını döyüb, sanki yarışdan qalib çıxmış kimi evə qayıdardı. Bir dəfə çəpər qonşusu Telli xalanın nəvəsini bərk döymüşdü. Evə dönəndə anası onun sanki duelə çıxıbmış kimi halını görüb deyinmişdi: “Ay oğlanfason, yenə kimin toyuğuna daş atmısan, kimin başını yarmısan?” Biləndə ki, yenə Telli arvadın ərsiz qızının yetimçəsini döyüb və bir azdan Telli nəvəsini qabağına qatıb qapısına davaya gələcək, hər yanı toz-duman bürüyəcək, söyüşün biri bir qəpik olacaq, abır-həyası əldən gedəcək lap hirslənmişdi. “İnan ki, belə getsə əlimdə qalacaqsan. “Dəli qız”, deyib hamı güləcək sənə, bunu istəyirsən? Get əynin-başını dəyiş”. Darvaza tərəfdən Telli arvadın səsini eşidib, ”odur, bax, gəlir, başımın bəlası, indi gəl, çıx qarşısına, cavab ver”, - deyib anası həyəcan içində qonşunun qabağına yüyürmüşdü.
- Ay Telli bacı, xoş gəlmisən,-deyib aranı isitmək istəmişdi.
- Heç xoş gəlməmişəm, ay Qızbəs, -deyib Telli Qızbəsi acılamışdı. - Nə demək istəyirsiniz, yəni kənnddən köçüb gedək deyirsiniz? Qaynın şəhərdə vəzifə sahibidir deyə, bizi ayaq altına almalısınız? Qoçuluq edəssiniz kənddə? Ay arvad, uşağına bir tərbiyə ver, öyüd-nəsihət elə, elə bil qız deyil, dəli keçidir, qabağına çıxanı buynuzuna taxıb xışmalayır. Bunun gələcəyi nə olacaq, sabah, biri gün bir evə düşsə belə hərəkətlərinə görə qaytarıb qoltuğuna verəcəklər. Bu indidən hamını döyür, sabah evlərə düşsə, qayınanasını, baldızını basıb döyəcək. Heçzad, bundan çətin kiməsə gəlin ola.
- Ay Telli bacı, bəsdi sən Allah, Sən uşaq olmamısan? Uşaqdılar, böyüyəcəklər, bizim qız da vallah düzələcək. Nə deyirsən, vurum öldürüm uşağı?
Bir qıza yaxın getmir, gərək bu, oğlan olaydı. Sən Allah bağışla, bir də olmaz. Tənbeh eləyəcəyəm necə lazımdı.
- Ay qız, nə uşaq, hansı uşaqdan danışırsan? Yeddinci sinifdə oxuyure. Mən yeddinci sinifi bitirib ərə getmişəm. Sən nə danışırsan? Yekə qızdıe bu, bugün-sabah ərə gedəsidi, gədələri döyür. Nə qoyub, nə axtarırsan, ay Qızbəst! Sən Allah, bəsdi! Bu düzəlməz, -deyib səsini başına atmışdı Telli. Bir neçə dəqiqə od-alov püskürüb, nəvəsinin əlindən tutub deyinə-deyinə evinə getmişdi.Anasının qonşu qarşısında xəcalət çəkdiyini görüb Həbibə daha heç kimlə dalaşmayacağına özünə söz versə də alınmamışdı. Üç gün keçməmiş yenə kənd uşaqlarından birini döyüb evlərinə yola salmışdı.
Quş qanadlı illər geridə qalmışdı. Həbibə böyümüşdü. Ali təhsilli müəllimə idi.
Həyat yolunu özü təyin etmişdi. O, bir çox kənd qızları kimi səhər o başdan isti yataqdan qalxıb, soyuqda-sazaqda tövləyə inək sağmağa getməyəcəkdi. Valideynləri yuxudan durana qədər, yemək hazırlamayacaqdı. Həyəti süpürməyəcəkdi. Heyvanları nöbətə yola salıb, axşamlar qarşılamayacaqdı. O geyinib-keçinib məktəbə gedəcəkdi. Arxasınca baxanlar ona həsəd aparacaq, evdə qızlarını oxumadıqları üçün danlayacaqdılar. Qızlar da “axırdan-tövlədən çıxmağa imkan verdiniz ki, əlimizə kitab alıb oxuyaq” deyib, analarını günahlandıracaqdılar. Həbibə kəndə qayıdanda özünə söz vermişdi, işləyib valideynlərini saxlayacaq, onların ağır təsərrüfat işlərinə getmələrinə ehtiyac qalmayacaqdı.
Məktəb direktoru Aslan müəllim Həbibəni könülsüz qarşılamışdı. Gənc müəllim hörmət qazandıqca direktorun narahatlığı artmışdı. Qızın əmisindən çəkindiyi üçün acığını içinə atır, üzdə canfəşanlıq edirdi: “Səni başa düşə bilmirəm, o gözəllikdə şəhəri qoyub, nə görmüsən bu tozlu, palçıqlı kənddə? Əminin əli hər yerə çatır, Bakıda sənə iş qəhət idi?” Həbibə direktorun səmimi olmadığını bilir, təmkinini pozmurdu. Müəllim kasadlığı çəkən doğma məktəbində işləməyi bir borc bildiyini, yeni nəslin savadlı müəllimlərə ehtiyacı olduğunu deyib sözaltı direktoru sancırdı. Aslan müəllim onun belə dikbaşlığını əmisinə arxalanmasında görürdü. Daş qayaya rast gəlmişdi. Bütün kənd camaatının savadsızlığından, kobudluğundan təngə gəldiyi direktor bu arxalı, həm də savadlı, cəsarətli gənc müəllimdən ehtiyat edirdi. Həbibə pedaqoji şurada məktəbin şəraitsizliyindən, pedaqoji qaydalara əməl olunmamasından açıq danışır, tədbir görülməsini tələb edirdi. Ürəklərində Həbibə ilə razılaşan bəzi həmkarları Aslan müəllimin qəzəbinə tuş gəlməmək üçün susurdular. Direktora yarınmaq istəyən yaltaqlar özlərini şirin salmaq üçün təhsil idarəsinə yüklənirdilər.
Həbibə şagirdlərinə ürəkdən yanırdı, onlarla mehriban davranırdı. İstəmirdi ki, uşaqlar ondan qorxsunlar, əksinə istəyirdi ki, onunla açıq olsunlar, problemlərini gizlətməsinlər ki, o da vaxtında yetirmələrinə əl tuta bilsin. Dərsi çatdıra bilməyən uşaqlarla dərsdən sonra məşğul olur, təmənnasız olaraq vaxtını sərf etməkdən darılmırdı. Valideynlər də bu gənc müəllimdən çox razı idilər. Həbibə ayda bir dəfə valideyn iclası keçirir, şagirdlərinin dərs mənimsəmə qabiliyyəti, davamiyyəti, hətta xasiyyətləri barədə geniş söhbət aparırdı. Pedaqoji fəaliyyətə yeni başlamış müəllimin bu fəallığı direktorla bərabər bəzi müəllimləin də xoşuna gəlmirdi. Qısqanclıq bir yana, dərsdən kənar şagirdlərlə zəhməthaqqı müqabilində məşğul olan müəllimlərin kürkünə birə düşmüşdü. Köhnə kənddə yeni adət çoxlarına sərf etmirdi.
Həbibə getdikcə daha çox təkliflər irəli sürür, məktəbin təmir olunması, istilik sisteminin, sanitar qovşağının sazlanması məsələlərini qaldırırdı.
Aslan müəllim çox narahat idi, düşünürdü ki, bu söz-söhbət bir gün məktəbin divarlarından kənara çıxa, nazirliyəcən çata bilər. Kişi özündə-sözündə deyildi, gecələr gözünə yuxu da getmirdi. Yoxlama gəlsəydi, məktəbin ehtiyaclarına deyil, sağa-sola xərclənən vəsaitin hesabatını verə bilməyəcəkdi. Həbibənin bu məktəbə gəldiyi günü lənətləyir, Allaha yalvarırdı ki, uzaq yerdən bir elçi düşüb, bu başabəla qızı alıb aparan olsa, qurban kəsəcək.
- Ay Allah, evimiz yıxıldı, tifaqımız dağıldı! Ay Allah, necə qıydın?! Qələmin sınsın, fələk...
Həbibə gözlərini açdı. Qaranlıqda heç nə seçmədi. Elə bildi yuxu görüb. Gözlərini yummaq istəyəndə anasının çığırtısından dik atıldı.
- Ay Allah, ölməli o qədər adam var ki, niyə o anası ölmüşü apardın? Dünyanın ən gözəl adamı idi, niyə onu apardın?
Həbibənin ürəyi şiddətlə döyündü, yerindən qalxmaq istədi, hiss etdi ki, ayaqları sanki daşlaşıb, hərəkət edə bilmir. Bir anlıq yatağın içində oturdu və anidən yerindən götürüldü. Otağının qapısını açıb ümumi otağı çıxdı. Anası sürətlə var-gəl edib, əllərilə dizlərini şappıldadır, nalə çəkirdi. Tez anasını qucaqlayıb həyəcanla soruşdu:
- Atam hanı? Ana, nə olub? Ana, de görüm nə olub?
Qızbəs qızının üzünə baxmadan dizlərini döyürdü:
- Əmin getdi, bala, dağ kimi əmin getdi...
Həbibə qulaqlarına inanmadı:
- Elə şey olmaz, ana, ola bilməz?
- Oldu, ay bala, oldu. Daş düşdü başımıza. Gecə-gecə nə bəd xəbər idi gəldi üstümüzə...
Həbibə hələ də anlaya bilmirdi, inana bilmirdi, onun əmisi ölə bilməzdi, onun əmisi dünyanın ən yaxşı adamı idi, ona heç nə ola bilməzdi. Key-key anasına baxırdı. Qızbəs özünü didib-tökür, hönkür-hönkür ağlayırdı.
Giriş qapısı şappıltı ilə açıldı. Ənvər kişi içəri girdi. Rəngi ağappaq ağarmışdı, heç kimin üzünə baxmadan:
- Evin qapısını açdım, gedin hazırlıq görün. İndi camaat tökülüşəcək. Bir saata Bakıdan çıxacaqlar.
Həbibəyə indi çatmağa başlamışdı, deyəsən, əmisi həqiqətən artıq həyatda deyil, “ölüb” deməyə ürəyi gəlmədi. Atasının yorğun üzünə baxdı, elə bil indi hiss etdi ki, əmisi atasına çox bənzəyirmiş. Qəhər onu boğdu, içini çəkməyə başladı, yaşlı qadınlar kimi ağlamağa utandı, hıçqırığını içinə salırdı, amma davam gətirə bilmədi:
- Əmiiiii... - Qızın qışqırtısı açıq qapıdan bütün həyətə yayıldı. Ata-anası bir anlıq duruxdu. Sonra qızlarını qucaqlayıb hönkürdülər. Gecənin sükutu çilik-çilik oldu.
Hava hələ açılmamışdı. Amma bütün kənd oyaq idi. Qara xəbər tez yayılar, deyirlər, bütün kənd camaatı ayaqüstə idi. Hündür hasar içindəki evin nəhəng darvazası çoxdandan bu cah-cəlalın marağında olanların üzünə açılmışdı. Qadınlar içəridə bahalı xalıları döşəyir, xara döşəkçələri üzərinə düzürdülər. Mətbəxdə büllur stəkanlar, çini nəlbəkilər cingildəyir, boşqablar dəst-dəst dolablardan çıxarılırdı. Qohum qadınlar qənd-çay, halva üçün şəkər-yağ siyahısı tuturdular. Çox keçmədən darvazanın qarşısında iki yük maşını dayandı. Danqadurunqla dəmir borular yerə atılanda məlum oldu ki, bunlar çadır maşınlarıymış. Ucu-bucağı görünməyən həyətdə iki mağar qurulacaqdı. Adamların əlləri də, dilləri də işləyirdi. Kənd camaatı xeyirdə-şərdə umu-küsünü belə unudur, hər kəs bir işin ucundan yapışmağa çalışır.
Xəbər məktəbin direktoru Aslan müəllimə də çatmışdı. Onsuz da gecələr səksəkə içində yatan Aslan müəllim “axır ki“ deyib, ölü yiyəsinə başsağlığı vermək üçün özünü hamıdan əvvəl çatdırmışdı. Necə olsa, müəlliməsinin əmisi idi. Gəlməli, dərdlərinə “şərik” olmalı idi. Əslində Aslan müəllimin içi gülürdü. Bilirdi ki, Həbibənin başı bir müddət əmisinin yasına qarışacaq və məktəbə gəlməyəcək. Həbibəyə yaxınlaşıb başsağlığı verdikdən sonra, canı yanırmış kimi “sən dərslərdən narahat olma, işə gəlmə, yasınızı yola verin, qoymaram dərslərin boş qalsın”, demişdi. Həbibənin danışacaq halda olmadığını görüb “bundan sonra görüm necə fironluq edəcəksən, əminə çox arxayın idin”, demişdi ürəyində.
Günlər keçsə də, əmisinin ölümünü qəbul etməyən Həbibə yorğan-döşəyə düşmüş, xəstələnmişdi. Həkim, dava-dərman kömək olmamışdı. Qızbəs qızına nə çarə edəcəyini bilmrdi. Qızının fikirdən dəli olacağından qorxurdu. Mollaya, baxıcıya getməkdən yorulmuşdu. Atası da bilmirdi nə desin. Qızının halına baxıb, göz yaşı axıdırdı. Ənvərin qırxı da verlmişdi. Həbibə günlərlə çörək yemir, yataqdan qalxmırdı. Həyatdan küsmüş, ruhdan düşmüşdü. Heç kəslə danışmaq, heç kimi görmək istəmir, bir küncə çəkilib səssizcə göz yaşı axıdırdı. Onun belə vəziyyətindən istifadə edən Aslan müəllimin əlinə girəvə düşmüşdü. Həbibənin bir aydan çox işə çıxmadığını səbəb gətirərək, əmr verib işdən çıxarmışdı.
Bundan nə Həbibənin, nə də valideynlərinin xəbəri vardı.
Atası belə qərara gəlmişdi ki, Həbibəni əmisinin qəbri üstə aparsın, bəlkə torpağın üzü sərin olar, qız toxdayar. İstəmişdi Həbibə qəbiristanda uyuyan körpələrin, gənclərin məzarını görsün. Qız getmək istəməsə də atasının solmuş üzünə, kədərli gözlərinə baxıb sözünü yerə salmadı. Ata-bala qəbirlərin arası ilə addımlayırdılar. Əmisinin qəbrinə az qalmış atası sükutu pozdu:
- Ətrafına bax, qızım, gör qara torpaqda neçə tifil yatır, daşlardan baxanları görürsən? Onlar yaşamaq istəyirdilər, onların arzu-kamı vardı. Ölənlə ölməzlər, qızım. İnsanın başına çox şeylər gəlir, çox ağrılar çəkir, amma həyat şirindir, can şirindir. Özünü ələ al, bizi də fikirləş, xəstələnsən, başına bir iş gəlsə, anan-mən necə yaşayarıq? Bu qədər vaysınmaq Allaha xoş getməz, qızım. Əminin də ruhu əziyyət çəkir indi. Səni necə çox istəyirdi... Ruhu görüre səni, niyə qoymursan qəbirdə rahat yatsın? Uşaq deyilsən, özünü ələ al. Sabahdan işinə çıx. Arada gəlib əmini ziyarət edərsən.
Qəbiristandan çıxanda Həbibə bir yüngüllük hiss etdi. Elə bil huşu özünə qayıtmışdı. Gözlərinin önündəki duman çəkilmiş, ətraf işıqlanmışdı. Evə çatanda anasının ona diqqətlə baxdığını gördü. Əvvəllər gözləri heç kimi görmür, qulaqları eşitmirdi. Anasının nə qədər çökdüyünün indi fərqinə vardı. Yaxınlaşıb onu qucaqladı. İsti göz yaşları yanaqlarına süzüldü, bir neçə dəqiqə beləcə dayanıb səssiz-səssiz ağladı.
- Ana, yeməyə nəyin var?
Anası qulaqlarına inanmadı, təəccüblə qızına baxdı. Qızının ona dikilmiş baxışları sanki sualı təkrar edirdi. Qızbəs sevincək:
- Anan qurban gözlərinə, çolpa bişirmişəm. Başqa ürəyin nə istəyirsə, bu dəqiqə bişirərəm.
Həbibə hələ də anasına baxır, bu neçə gündə onu bu qədər incitdiyinə görə az qalırdı üzr istəsin.
-Çolpa bəsimdi, süfrə aç, atamı da çağır, - deyib əl-üzünü yumaq üçün hamama keçdi.
“Allah, sənə şükür, qız bir az özünə gəlib. Deyəsən, Molla Əbülhəsənin yazdığı dua kömək olub” deyə, fikirləşdi. Qızbəs çoxdan hiss etmədiyi bir həvəslə mətbəxə keçdi və yemək tədarükünə başladı.
Həbibə gözlərini açanda gün çırtdamışdı. Tumbanın üstündəki saata baxdı, “gecikməmişəm” deyib, ayağa qalxdı. Otağından çıxanda çəngəl-bıçaq səsi eşitdi, anası səhər yeməyi hazırlayırdı. Yarım saat sonra Həbibə masanın arxasında oturub çay içirdi. Anası da özünü yemək yeyirmiş kimi göstərirdi, əslində gözü qızında idi. Həbibənin səliqəli geyiminə, tumarlı saçlarına baxıb ürəyində dua edirdi. Nəsə demək istəyirdi, amma ürək eləmirdi, elə bilirdi danışsa, Həbibə fikrindən daşınacaq, yenidən özünə qapılacaq. Qız ayağa qalxanda Qızbəs də qeyri-ixtiyari yerindən durdu. Dəhlizə qədər qızının arxasınca getdi. Həbibə qapını açanda arxayınlaşdı:
-Qızım, Allah işini avand eləsin, - dedi.
Həbibə sanki ilk dəfə idi bu məktəbə gəlirdi, sanki əvvəl yaşananlar başqa yerdə çox-çox əvvəllər baş vermişdi. Yavaş-yavaş addımlayıb üzərində “direktor” yazılmış qapının önündə dayandı. Tərəddüdlə qapını döydü. Hay verən olmadı. Qız təkrar qapını taqqıldatdı. İçəridən “gəl” deyə, səs gəldi. Həbibə qapını ehmalca açdı. Aslan müəllim başını aşağı salıb nəsə yazırdı. Həbibə qapının ağzında dayanıb, direktorun nə vaxt yazıdan ayrılıb onu yaxına dəvət edəcəyini gözlədi. Aslan müəllim isə tələsmirdi. Nəhayət, qələmi kənara qoyub gözucu qapıya tərəf baxdı, bir az duruxub qələmi əlinə aldı və özünü məşğul kimi göstərməyə çalışdı. Həbibə bu soyuq qarşılanmadan pərt oldu. Hər halda yaslı idi, uzun müddət depresiya keçirmişdi, xəstə sayılırdı, direktor onu daha xoş qarşılaya bilərdi. Qız yenə dinmədi, səbirlə gözlədi. Aslan müəllim başını qaldırıb soyuq-soyuq:
-Nə lazımdı? - deyə soruşdu.
-Aslan müəllim, mən işə çıxmışam. Gəldim ki, sizə məlumat verim.
-Nə iş? Sən bizdə işləmirsən.
Həbibə elə bildi direktor zarafat edir, amma kişinin üzündən zəhrmar yağırdı, heç zarafat eləyənə oxşamırdı. Qız mat-mat direktora baxdı:
-Aslan müəllim, başa düşmədim...
Direktor onun sözünü kəsdi:
-Nəyi başa düşmədin? İki aydı işdə yoxsan, bir dəfə maraqlanmamısan ki, şagirdlər necə oldu, səni əvəz eləyən oldumu-olmadımı, indi gəlmisən ki, işə çıxıram. Əmrini çoxdan vermişik, həm də statya ilə. Get kadrolar şöbəsinə, haq-hesabını al. Xoş gəldin.
Həbibə əmisinin ölüm xəbərindən necə sarsılmışdısa, indi də o vəziyyətə düşdü. Ürəyi sürətlə çırpınmağa başladı, əlləri əsdi. Bir müddət heç nə deyə bilmədi, donub qaldı. Direktor onun duruxduğunu görüb ürəyində sevindi:”Adamı belə qıfıllayarlar ha, indi çağır əmin gəlsin hayına”. Həbibə birtəhər özünü ələ aldı, astadan dilləndi:
-Axı bilirdiniz ki, xəstə idim. Gələ bilmirdim. Özümdə deyildim.
-Hanı, xəstəlik kağızın var? Onu düz deyirsən, özündə deyildin. Bütün kənd danışırdı ki, Həbibə müəllimə havalanıb. İndi mən xalxın uşaqlarını sənə tapşırım? Camaat nə deyər? Məktəbi baykot eləyərləre. Nazirliyəcən yazarlar. Mən ağrımayan başıma yaylıq bağlaya bilmərəm. Sənə istirahət lazımdı, get evində dincəl. Tam sağalarsan, gedib ucqar rayonlardan birində dərs deyərsən. Çox səsə salma, yoxsa nazirliyə xəbər çatar, sənə ömürlük məktəbdə iş verməzlər. Sağ ol de ki, mən səni xəstəlik adı ilə çıxarmamışam. Hələ onu demirəm ki, anan ölkədə molla-cadukün qoymayıb, sənin üçün fala baxdırıb, dua yazdırırmış. Sən necə pedaqoqsan ki, belə bir xurafata yol verirsən? Hansı zəmanədə yaşayırıq? İşim çoxdur, vaxtımı alma. Gedə bilərsən.
Həbibə sakit-sakit direktora baxırdı. Direktorun nəfəsini dərmədən dediyi sözlərin ona deyildiyinə inana bilmirdi. Aslan müəllimin əlindən yaxşılıq gəlmədiyini bilirdi, amma bu qədər qəddar ola biləcəyini də zənn etmirdi. Dəqiqələr keçdikcə onun sözləri elə bil qıza indi-indi çatırdı və hər kəlmənin ağrısını yavaş-yavaş hiss edirdi. Sözlər ürəyini deşir, yerinə isə elə bil duz basırdılar. Nitqi tutulmuşdu, nə deyəcəyini bilmirdi. Bu ölümcül yaranın müqabilində nə desin, nə etsin? Direktorun gözlərinin düz içinə baxdı. Bu gözlərdə qıvrılıb yatmış ilan başını dikəldib dilini oynadırdı, elə bil Həbibəyə gülürdü. Qızın əti ürpəşdi, gözlərini direktordan çəkib qapıya sarı addımladı. Düz qapının ağzında geri çevrilmək istədi, amma daşındı. Cəld qapını açıb otaqdan çıxdı.
Dəhlizdə Dilbər müəllimə rast gəldi. Direktorun otağına yaxın sinifdə dərs dediyi üçün o, hay-küyü eşitmişdi. Həbibənin çıxmağını gözləyirdi, o dəqiqə yaxınlaşıb qızın qolundan yapışdı və gözdən uzaq yerə çəkdi.
-Səni işdən çıxarıb hə? Bilirdim, fürsət düşən kimi səni buradan uzaqlaşdıracaq. Onun düz adamlarla arası yoxdur. Həbibə, sən də əl çəkmə, qoçaq qızsan, qətiyyən ruhdan düşmə. Təhsil idarəsinə get, nazirliyə yaz. Xəstə olmusan da, ixtiyarı yoxdur səni işdən çıxarmağa. Dünya dərəbəylik deyil ki, qanun var, qayda var.
Həbibə yuxudan ayılan kimi oldu. Yadına düşdü ki, ata-anası evə neçə dəfə həkim çağırmışdılar. Bir neçə gün əvvəl də həkim evə gəlib onun səhhəti ilə maraqlanmışdı, hələ də müalicəyə ehtiyacı olduğunu bildirmiş, sakitləşdirici dərmanları hələ kəsməməyi tapşırmışdı. Həbibə Dilbər müəllimə təşəkkür edib uzaqlaşdı.
Məktəbin həyətindən çıxıb dərindən nəfəsini dərdi. Tini burulub kəndin tibb məntəqəsinə tərəf yol aldı. Hər addım atdıqca elə bil sakitləşirdi. Həkimdən arayış almaq ağlına gəlməmişdi, o halda yadına nə düşürdü ki? Heç məktəbə qayıdacağı, işinə davam edəcəyi barədə də düşünməmişdi. Elə indi də çölə-bayıra çıxmaq, işləmək həvəsi yoxdu. Amma direktorun haqsızlığı qarşısında susmaq olmazdı, bu artıq prinsip məsələsi idi.
Fikir-xəyal içində tibb məntəqəsinə nə vaxt çatdığını bilmədi. Kəndin tibb ocağı yamyaşıl geniş bağın ortasında yerləşirdi. Şam ağacı çox olduğundan bağ qışda da yaşıllığını saxlayırdı. Birmərtəbəli bina bir neçə il əvvəl təmir olunmuşdu. Yadındadır ki, təmir işlərinə əmisi kömək etmişdi, hətta rayon rəhbərliyi əmisini məntəqənin təmirdən sonrakı açılışına da dəvət etmişdi. Qonum-qonşu atasını, anasını görəndə minnətdarlıqla əmisinə dua edirdilər. Həbibə çoxdandı burada olmamışdı, uşaq vaxtı bir-iki dəfə anası onu peyvənd vurdurmaq üçün gətirmişdi. Ömründə xəstələnməmişdi, həm də Bakıda təhsil aldığı üçün kəndin tibb məntəqəsindən istifadə etməmişdi. Uzun ensiz dəhlizlə irəliləyib qapıların üstündəki adları oxuyurdu. “Nevropatoloq Nəzakət Əlizadə” yazılmış lövhəni görəndə dayandı, yarıaçıq qapıdan stol arxasında oturmuş həkimi gördü. Həkim gülümsəyib:
-Buyurun, -dedi.
-Salam, doktor, -deyib Həbibə qapının ağzında dayandı.
Nəzakət həkim onu görüb təəccüblənən kimi oldu, eyni zamanda qızı ayaqüstə görüb sevindi.
-Həbibə, xəstəxanaya gələnə “xoşgəldin” deməzlər, amma nə gizlədim, səni gördüm şad oldum. Maşallah gözümə yaxşı dəyirsən. Necəsən?
Nəzakət xanımın xoş rəftarı Həbibəni bir az da sakitləşdirdi. Həkimin işarəsilə qarşıdakı stulda oturdu. Dərindən nəfəs alıb:
-Yaxşıyam, sağ olun. Siz çox zəhmət çəkdiniz, halım özümdə olmayıb, sizə təşəkkürümü bildirməmişəm. Şükür indi yaxşıyam, çox sağ olun.
-Sevinirəm ki, yaxşısan. Həkim üçün xəstəsini sağaltmaqdan gözəl nə var ki... De görüm, şikayətin varmı, özünü necə hiss edirsən?
-Şikayətim yoxdur, yaxşıyam, -Həbibə Nəzakət həkimə baxıb susdu. Mətləbə necə keçəcəyini bilmirdi.
Nəzakət həkim əsəb böhranı keçirmiş Həbibənin xoş rəftara, sakitləşdirici prosedurlara ehtiyacı olduğunu nəzərə alıb bu gəlişdən faydalanmaq, ona terapevtik tövsiyələr vermək istəyirdi. Növbə gözləyən xəstə olmadığı üçün məqam idi.
-Bax, qızım, hər bir insan həyatda çətinliklərlə üzləşir, elə bilir ki, dərdin əlacı yoxdur, həyatın sonudur, amma elə deyil. Ağlamaqla, sızlamaqla heç nəyə nail olmazsan. Dərdə, kədərə təslim olmayacaqsan, əksinə onu özündən uzaqlaşdırmalısan. Başını faydalı işlərlə qatmalısan, yaxşı şeylər düşünməli, gələcək üçün planlar qurmalısan. Gül kimi sənətin var, müəllimsən, təmiz-saf uşaqlarla işləyirsən, ən gözəl terapiya elə budur.
Müəllimlik müqəddəs sənətdir, öyrətmək, yetişdirmək qədər gözəl nə var?!
Söhbət tam mövzunun üzərinə gəlmişdi. Nəzakət həkim susan kimi Həbibə mətləbə keçdi:
-Doktor, haqlısınız, mən sənətimi çox sevirəm, sinfə girəndə, uşaqlara dərs deyəndə hər şeyi unuduram, elə bilirəm, dünya sinif otağından, bir də şagirdlərimdən ibarətdir. Amma mənim dünyamı əlimdən almaq istəyirlər.- Həbibə doluxsundu, sonra özünü ələ alıb davam etdi: - Direktor məni işdən çıxarıb. Mənimlə arası yox idi, xəstə yatdığım vaxt xəbərdarlıq etmədən məni işdən çıxarıb. Sizin köməyinizə ehtiyacım var. Mənə işləmədiyim günlər üçün xəstəlik vərəqi lazımdır. Demirəm, mənə görə qanunu pozun, fikirləşdim ki, bəlkə məni yoluxmağa gələndə rəsmi qeydiyyat aparmısınız?
-Əlbəttə, aparmışam, Otuz ildir həkim işləyirəm, minlərlə xəstə görmüşəm, bilirəm ki, xəstəyə sənəd lazım ola bilər, həm də hər qəbul barədə qeydiyyat aparmaq mütləqdir, qayda belədir. Bir neçə gün əvvəl mən səni yoxlayanda tam sağalmamışdın, ona görə də xəstəlik vərəqəni bağlamamışdım. Gəl bir təzyiqini yoxlayım, nəbzini dinləyim, hər şey qaydasındadırsa, vərəqəni bağlayarıq, sabahdan işə çıxarsan. Xəstəlik müddətində heç kim səni işdən çıxara bilməz.
Həbibə bir neçə saat ərzində ikinci dəfə heyrətə düşdü. Məsələsinin belə asanlıqla həll olunduğuna mat qalmışdı. “Allah, sən nə böyüksən! Sən haqqı nahaqqa verməzsən”. Qız sevincindən az qaldı durub Nəzakət həkimi öpsün. Gözləri doldu. Danışmadı, danışsaydı özünü saxlaya bilməyib ağlayacaqdı. Az qala iki aydan sonra ilk dəfə idi ki, sevinirdi, ürəyi köksünə sığmırdı. Nəzakət həkim diqqətlə qıza baxır, onun üzünün necə dəyişdiyini bir həkim kimi analiz edirdi. Həbibə çox həyəcanlanmışdı, bu həyəcan sevincə qərq olmuşdu və bu sevinc həyatdan küsmüş qıza hava-su, dərman kimi lazım idi.
-Sağ olun, doktor, - Həbibə minnətdarlıqla həkimə baxdı.
Nəzakət həkim:
-Sən də sağ ol, qızım, - deyib təzyiq aparatını işə saldı. Göstəricilərin qənaətbəxş olduğu həkimin üzündən oxunurdu.
Həbibənin uçmağa qanadı yox idi. Tibb məntəqəsinin qapısından çıxanda həyətdə ayaq saxladı, bayaq gələndə heç fikir verməmişdi, bağçanın həyəti cənnətə bənzəyirdi. Qışın ortasında rəngbərəng gülllər baharı andırırdı. Həbibə gülləri oxşadı, əyilib qoxladı. Ürəyində fikirləşdi ki, dünya yaxşı insanlardan xali deyil. Alaqapıdan çıxıb məktəbə üz tutdu.
Bu dəfə məktəb binasına daha ürəkli girdi. Direktorun otağına çatıb qapını döydü. Cavab gəlməyəndə bu dəfə qapını daha ucadan tıqqıldatdı. Cavab gəlməsini gözləmədən qapını açıb içəri girdi. Direktor bayaqkı ədası ilə yenə başını qaldırmadı. Yenə qarşısındakı sənədlərə baxırdı.
Həbibəyə elə gəldi ki, direktor dodağının altında zümzümə edir. Ürəyində “yəqin mənə elə gəlir” deyib gözlədi. Aslan müəllim handan-hana başını qaldırıb qapıda Həbibəni görəndə elə bil kişini əqrəb sancdı, yerindən dik atıldı. Həbibə anladı ki, səhv etməyibmiş, Aslan müəllimin kefi saz imiş və həqiqətən zümzümə edirmiş. Çünki direktor başını qaldıran anda qız onun üzündəki xürrəmlik ifadəsini sezə bilmişdi. Aslan müəllim əllərini stola basıb hirslə soruşdu:
-Niyə qayıtdın? İndi nə var? Pahatonnan, belə cavan olasan, özü də qız xeylağı, belə üzlü... Dünya, niyə dağılmırsan?
Direktorun təhqirə keçməsi Həbibəni hövsələdən çıxardı.
-Danışığınıza fikir verin, - deyib Həbibə çantasını açdı. Xəstəlik vərəqəsini stolun üstünə qoydu. – Bu, mənim xəstəlik vərəqəmdi. Sabahdan işə çıxacağam.
Aslan müəllimin rəngi ağardı, istədi Həbibəni otaqdan qovsun, özünü güclə yığışdırdı. Xəstəlik vərəqəsinə gözucu baxıb dedi:
-Gedib saxta sənəd alıb gəlmisən üstümə. Nə qədər ki, səni məhkəməyə verməmişəm, açıl başımdan. Day əmin yoxdur ey səni müdafiə etsin. Get işinlə məşğul ol.
Həbibə yerindən tərpənmədi, daha qətiyyətlə:
-Mən sabah işə çıxacağam. Hünəriniz var məni işə qaytarmayın, məhkəməyə özüm müraciət edəcəyəm. Qanunları sizdən yaxşı bilirəm. Məni qeyri-qanuni işdən çıxarmısınız, işimə bərpa edin. Yoxsa cavab verməli olacaqsınız.
Aslan müəllim Həbibənin dikbaşlığına bələd idi, bilirdi ki, qız geri durmayacaq. Amma təslim də olmaq istəmirdi. Qızın iki daşın arasında xəstəlik kağızı gətirməsindən belə ümid edirdi ki, yəqin vərəqi rüşvətlə alıb, “xox” eləsə bəlkə çıxıb gedər. Stolun üstündəki xəstəlik vərəqini götürüb o üzünə, bu üzünə baxdı və kağızı silkələməyə başladı.
-Mən bu kağızı ekspertizaya göndərəcəyəm, tibb məntəqəsnin rəhbərini də bura çağırtdıracağam, görüm zadni çislo ilə sənə necə bülleten yazıb. Səhiyyə nazirliyini ayağa qaldıracağam, prokurorluğu, məhkəməni tökəcəyəm bura. Sənin ucbatından neçə adam əlli-ayaqlı gedəcək, uşaqları ac qalcaq. Yaxşılıq deyil ki, əlindən gəlsin, yıxdın camaatın küməsini.
Direktorun qaraqışqırığı Həbibəyə təsir etmədi, soyuqqanlı şəkildə:
-İstədiyinizi edə bilərsiniz. Sabah mən sinfimdə olacağam – deyib, otaqdan çıxdı.
Həbibə gedəndən Qızbəs narahat idi, bir yerdə qərar tuta bilmirdi, gah həyətə düşür, gah alaqapıdan məhəlləyə boylanırdı. Qorxurdu ki, qızının halı pisləşər, maşına qoyub evə gətirərlər, ya şagirdlərdən kimsə gəlib deyər ki, qızının ürəyi gedib, rayon xəstəxanasına aparıblar. Həbibə tini burulanda anasını darvazanın ağzında gördü. Addımlarını sürətləndirib elə uzaqdan əlilə işarə etdi: “Xeyir ola?” Qızbəs Həbibəyə sarı bir neçə addım atıb dayandı. Bildi ki, qızı narahat oldu. Gülümsəyib əlini yellədi. Həbibə anasına yan alanacan ürəyindən qara-qura fikirlər keçdi. Əmisinin qəfil xəbərindən sonra hər şeydən xoflanırdı.
-Ana, ürəyim qopdu, xeyir ola burada dayanmısan?
-Salamatlıqdı, a bala, elə dedim, bir baxım görüm gəlmirsən ki? Necə oldun, bala, dərsin yaxşı keçdimi? – Qızbəs qızını sakitləşdirməyə çalışdı.
Həbibə cavab verməyə tələsmədi. Həyətə keçəndə dedi:
-Nə dərs, ay ana, direktor məni işdən çıxarıb.
Qızbəs bilirdi ki, direktor qızı ilə yola getmir, amma onun Həbibəni işdən çıxara biləcəyi ağlına gəlməmişdi. Elə bildi qızı zarafat edir. Amma qızının cəld otağına girdiyini görüb bildi ki, məsələ ciddidir. Həbibə əynini dəyişib, əl-üzünü yuyub aynabənddəki divanda oturan kimi Qızbəs kiçik sinidə iki stəkan çay gətirib jurnal stolunun üstünə qoydu. Qızının yanında əyləşib onun söhbətə başlamasını gözlədi. Həbibə bilirdi ki, anası onun açıqlamasının intizarındadır. Bu gün yaşadıqlarını söyləməyə nə həvəsi, nə halı vardı, amma anasını da nigaranlıqdan qurtarmalı idi. Olanları qısa şəkildə danışdı. Anası çox həyəcanlandı, qarğış-nalə tökdü. Həbibə anasına ürək-dirək verdi:
-Ana, dünya dərəbəylik deyil ki, mən işimdə işləyəcəyəm. Yaxşı eləmisiniz mənim üçün həkim çağırmısınız, yoxsa həqiqətən işimdən olacaqdım.
Amma o cadu-pitik elətdirmək nədi, ay ana, məni bütün kənddə biabır eləmisən. Direktor başıma vurdu, yəqin ki, aləmə yayıb. Elə şeylər eləmə, ana. Mən xalqın balalarına elm-savad öyrədirəm, anam cindar yanına gedir.
-Neynəyim, a bala, suda boğulan saman çöpündən yapışar. Bizi yaman qorxutmuşdun.
Həbibə sinif otağına girəndə gördü ki, Ramiz müəllim onun yerində oturub. Ürəyindən gizilti keçsə də, sakit görünməyə çalışdı. Ramiz müəllimə salam verib, stolun yanında dayandı. Ramiz müəllim ağızucu salamı alıb, qarşısındakı jurnaldan başını qaldırmadı. Həbibə direktorun asanlıqla təslim olmayacağını bilirdi. Hər şeyə hazır idi. Amma atası yaşında müəllim yoldaşına “yerimdən qalxın” deməyə üzü gəlmirdi. Bir müddət dinməzcə dayanıb gözlədi. Ramiz müəllim özünü elə aparırdı ki, sanki sinif otağında heç kim yoxdur. Həbibə gördü ki, indi danışmasa, bir azdan şagirdlər yığışacaq, uşaqların qarşısında həmkarı ilə höcətləşmək yolverilməz bir şeydir.
-Ramiz müəllim, mən artıq işə başlamışam. Şagirdlərimə mən dərs deyəcəyəm. Sağ olun, neçə müddət məni əvəz etmisiniz.
Ramiz müəllim, nəhayət, başını qaldırıb tərs-tərs Həbibəyə baxdı. Direktor dünəndən onu təlimatlandırmışdı, Ramiz müəllim Həbibənin dərs keçməsinə imkan verməməliydi. Onsuz da Ramiz müəllim Həbibədən çoxdan yanıqlı idi, qisas vaxtı gəlmişdi.
-Səni əvəz etmək? Yanılırsan, mən öz sinfimə dərs keçmişəm. Sən məni bir müddət əvəz elədin, bəsindi. Praktika keçdin də... Gedə bilərsən, indi şagirdlərim gələcəklər, dərsə mane olma.
Şagirdlər bir-bir, iki-bir gəlməyə başlamışdılar. Həbibə anladı ki, burada vaxt itirmək mənasızdır. Sinifdən çıxıb direktorun otağına gəldi. Katibə dedi ki, direktor yerində yoxdur. Həbibə dərs hissə müdirinin yanına getdi, o da daş atıb başını tutdu. Həbibə məktəbdən çıxıb bir başa kənddən rayona gedən avtobusların dayanacağına gəldi. Avtobus sürücüsü sükanın arxasında oturub mürgüləyidi. On beş dəqiqə içində avtobus doldu və sürücü mühərriki işə saldı.
Təhsil idarəsi rayon mərkəzinin qələbəlik hissəsində yerləşirdi. Həbibə qabaqcadan yazdığı ərizəsini dəftərxanadan keçirdi. Sonra təhsil idarəsinin müdirinin qəbuluna düşdü. Müdir bildirdi ki, məktəbin direktoru təqdimat yazıb, Həbibə işə çıxmadığı üçün azad edilib. Müdir gələcəkdə hansı məktəbdəsə yer boşalsa, onu işlə təmin edəcəklərini vəd etdi. Həbibə anladı ki, təhsil idarəsinin müdiri Aslan müəllimlə əlbirdir, indi də onun başını yastığa qoyub vaxtı uzatmaq istəyir. Həbibə təslim olmaq niyyətində deyildi. Haqsızlıqla üzləşdikcə daha da sərtləşir, mətinləşirdi və əsla ümidsizləşmirdi. Rayon mərkəzində çox ləngimədi, tez evə çatıb ən yuxarı instansiyaya məktub yazmaq qərarına gəlmişdi.
***
Kəndin başında bir hadisə baş verəndə beş dəqiqə sonra ayağında xəbər artıq bütün təfərrüatı ilə şərh edilirdi. Səhərin gözü yeni açılmışdı ki, kəndə hay düşdü bəs məktəbə yuxarıdan yoxlama gəlib, Aslan müəllimi damlayacaqlar. Neçə vaxtdan bəri çölə-bayıra çıxmayan Həbibəyə də xəbər çatmışdı. Qonşu Nabat nəvəsini məktəbə yola salanda Xəbərçi Xədicə qabağını kəsib ki, uşağı hara göndərirsən, məktəbdə qiyamatdı, lap yuxarıdan qəmisiyə gəlib. Nabat da Həbibənin başına gələnlərdən xəbərdar idi deyən, qaçaraq Qızbəsi muştuluqlamışdı. Həbibənin inanmağı gəlmirdi ki, yoxlama onun yuxarılara yazdığı məktuba əsasən gəlib, fikirləşirdi ki, yəqin adi yoxlamadır, gəliblər təhsilin səviyyəsilə maraqlanmağa, bəlkə də müfəttişlikdən gəliblər, direktora nə var ki, onları da razı yola salacaq.
Yoxlama olayından bir həftə keçmişdi. Həbibəyə xəbər gəldi ki, onu məktəbə çağırırlar. Qız çox həyəcanlandı, tez hazırlaşıb məktəbə getdi. Direktorun qəbul otağına gircək katibə qız dedi ki, təhzil nazirliyinin nümayəndələri direktorun otağında onu gözləyirlər. Həbibə Aslan müəllimlə üzləşmək istəmirdi, fikirləşdi ki, nazirliyin nümayəndələri də direktorun tərəfini tutacaqlar və uzun zamandan bəri ilk dəfə ümidini itirdi. “Bu da son” deyə, düşünüb direktorun qapısını döydü. İçəridən tanış olmayan bir səs “buyurun”, dedi. Həbibə qapını açdı və dayandı. Direktorun yeri boş idi.
Qarşıdakı stolun arxasında iki kişi oturmuşdu, biri ağsaçlı yaşlı adam idi, digər kişi nisbətən cavandı. Yaşlı kişi nəzakətlə dedi:
-Siz yəqin Həbibə müəllimsiniz, şəxsi işinizdə şəklinizi görmüşəm. Buyurun əyləşin.
Kişinin ona Həbibə müəllim deyə, müraciət etməsi, xoş davranışı qızı ürəkləndirdi. O, kənarda qoyulumuş stulda oturdu. Yaşlı kişi üzbəüzündəki stulu göstərib:
-Yaxın əyləşin, söhbətimiz uzundu,-dedi.
Həbibə bir az da həyəcanlandı, keçib yaşlı kişi göstərən stulda əyləşdi.
-Həbibə müəllim, biz təhsil nazirliyinin nümayəndələriyik, ikimiz də şöbə müdiriyik. Sizin ölkəmizin prezidentinə ünvanladığınız məktubdakı faktların araşdırılması təhsil nazirliyinə tapşırılmışdır. Biz nöqsanlara laqeyd qalmadığınız üçün sizə təşəkkür edirik. Yoxlama nəticəsində aydın oldu ki, məktəbdə nöqsanlar sizin qeyd etdiyinizdən də çoxdur və məktəbin direktoru illərlə yarıtmaz işlərini davam etdirmiş və çox təəssüf ki, məktəbin kollektivi də, valideynlər də nə etiraz ediblər, nə bizə məlumat veriblər, direktor da bu susqunluqdan sui-istifadə edib. Sizə qarşı da qanun pozuntusuna yol verib. Yaxşı ki, siz təkcə şəxsi məsələnizlə bağlı müraciət etməmisiniz, məktəbdəki çox nöqsanları işıqlandırmısınız.Yəqin ki, keçmiş direktor bu əməllərinə görə məsuliyyətə cəlb olunacaq, bir neçə əməkdaşın da direktorla əlbir olub-olmadığı araşdırılır. Həbibə müəllim, siz işinizə bərpa olunmusunuz, təbrik edirik. Sizə bir təklifimiz var. Baxmayaraq ki, gəncsiniz, təcrübəsiz sayılırsınız, amma siz stajlı həmkarlarınızdan daha bacarıqlısınız, əsl pedaqoqa xas olan bütün xüsusiyyətlər sizdə var, iş yoldaşlarınız da sizin barənizdə yüksək fikirdədirlər. Biz bir çox valideynlə də, dərs dediyiniz şagirdlərlə də söhbət etmişik, hamı sizin barənizdə yalnız yaxşı sözlər deyib. Nazirliyin qərarı belədir ki, siz də razısınızsa, bu məktəbin rəhbərliyi sizə həvalə olunsun.
Yaşlı kişi susub diqqətlə Həbibəyə baxdı. Qız nə deyəcəyini bilmirdi. Möcüzə baş vermişdi! Ölkənin bu qarışıq vaxtında, daxili və xarici gərginliyin cəmiyyəti çalxaladığı bir zamanda ölkənin rəhbəri sadə kənd müəlliminin məktubunu oxumuş, tədbir görülməsi üçün göstəriş vermişdi. Qız yuxu görürmüş kimi qeyri-ixtiyari səsləndi: “Heydər baba...” Nazirliyin nümayəndələri təəccüblə baxışdılar. Həbibə fikrə dalmışdı, gözləri yol çəkirdi. Handan-hana özünə gəldi, üzr istədi. İşinə bərpa olunduğu üçün çox sevinirdi, amma direktor olmaq yatsa yuxusuna girməzdi. Tərəddüd edirdi. Nazirliyin nümayəndələri səbirlə cavab gözləyirdilər, gənc müəllimin belə bir məsuliyyətli vəzifəyə anında razılıq verməyəcəyini bilirdilər. Cavan kişi Həbibənin sıxıldığını görüb dedi:
-Sizi tələsdirmirik, biz hələ üç-dörd gün buradayıq, siz də yaxşıca fikirləşin. Biz inanırıq ki, siz bu vəzifənin öhdəsindən gələcəksiniz. Sizə telefon nömrələrimizi verəcəyik, nə sualınız, çətinliyiniz olsa, birbaşa bizə müraciət edə bilərsiniz. Müəllim savadlı olmaqla yanaşı, əsl vətəndaş olmalıdır, bu iki keyfiyyətin ikisi də sizdə var. Xalqın gələcəyi olan uşaqları sizə əmanət etmək olar.
Həbibə gülümsəyib:
-Gözlənilməz təklif oldu, - heç vaxt ağlıma gəlməzdi ki, bu yaşda mənə belə bir məsuliyyətli iş tapşırarlar. İcazənizlə, mən valideynlərimlə də məsləhətləşmək istəyirəm, bir fikirləşim, sizə qərarımı bildirərəm. Etimadınıza görə çox sağ olun. Mənim üçün ən vacibi haqsızlığın aradan qaldırılmasıdır, demək, düz düzdə qalmır. Bu günü ömrüm boyu unutmayacağam.
Bütün kənd heyrət içində idi. Camaat Aslan müəllimin direktorluqdan getməyini yatsa yuxusunda görməzdi. Şayiə gəzirdi ki, Həbibə müəllimin əmisinin yuxarılarda yaxşı dostları varmış, acığa düşüb Aslan müəllimin torbasını tikiblər. İki daşın arasında Xəbərçi Xədicə sabiq direktorun ismarıcını da Həbibəyə çatdırdı ki, rəhmətliyin bazburutlu dostları varmış, Həbibə niyə ona deməyib, onu lap zavuç qoyardı. Üstəlik də deyib ki, “ölmüşəm, yerdən götürənim yoxdu, məni dolandırsın başına, bu cəncəldən qurtarsın, kişi deyiləm, imarətimi Həbibənin adına yazdırmasam”. Həbibə başını yelləyib, “hələ də dərs almayıb, onu islah koloniyasına göndərmək lazımdır, bəlkə ağıllanar” deyib, Xəbərçi Xədicənin muştuluq niyyətini gözündə qoydu.
Üç gündən sonra Həbibə məzunu olduğu məktəbə direktor təyin edildi. Bu xəbərə sevinən də oldu, məəttəl qalan da. Pıçhapıç kəndi bürümüşdü:
“Dünyanın işinə bax, dağ boyda Aslan müəllimi çıxardıb, yerinə ağzından süd iyi gələn, altı ayın müəllimi Puşkini direktor qoydular. Dağılasan, dünya!”
Direktor vəzifəsinə başladığı günün səhəri Həbibə əmisinin məzarını ziyarət etməyə getdi. Canında ağrı-acı yox idi, sanki heç əmisi ölməmişdi, həyatda idi. Həbibə əmisinin abidəsini çiçəklərə qərq edib fəxrlə dedi:
-Əmi, sənə minnətdaram, mənə yaxşı məktəb keçmisən. İndi təkcə özümə güvənmirəm, bu dünyada haqqın-ədalətin olduğuna da inanıram.
Həbibə əmisini ziyarət etdikdən sonra poçta yollandı. Heydər babaya təşəkkür teleqramı göndərdi, sonra iri addımlarla məktəbə doğru yol aldı. Burada onu daha ağır, daha məsuliyətli işlər gözləyirdi. Məktəbə çatıb yolunu səbirsizliklə gözləyən müəllim və sevimli şagirləri ilə səmimi görüşdü. Həmkarları ilə söhbət edə-edə direktor otağına yaxınlaşdı. Qapı açıq idi. İçəridə Aslan müəllim əşyalarını yığışdırıb, təhvil-təslim üçün onu gözləyirdi. Ayaqüstə dayanmışdı, gözlərini direktor kreslosuna zilləyib fikrə getmişdi. Qırx il oturduğu kreslonu tərk etmək ona ağır gəlirdi. Bu kresloda oturub nə qədər kağıza imza atmışdı, qarşısında mil dayanan insanlara əmrlər vermişdi, çığırmışdı-bağırmışdı. Bu da son! Valideynlərinə belə dərs dediyi bir şagirdi göydən zənbillə düz onun kreslosuna enmişdi. Allah bu zülmü necə götürdü?! Həbibə içəri girib salam verdi. Aslan müəllim diksinib xəyaldan ayrıldı. Çaşqınlıqdan Həbibənin salamını almadı. Heyrət içində məğlub olduğu gənc müəllimə baxırdı. Həbibə də ilk olaraq nə deyəcəyini bilmədi, amma özünü tez ələ aldı.
-Aslan müəllim, niyə ayaq üstə qalmısınız, buyurun əyləşin, - deyib ona yer göstərdi.
Keçmiş direktor stul çəkib oturdu. Həbibə direktor masasının arxasına keçdi. Aslan müəllim gənc müəllimi altdan-altdan süzüb köks ötürdü, danışacaq halda deyildi. Həbibə də bu durumdan sıxılırdı, haradasa Aslan müəllimə acıyırdı. Tez- tələsik təhvil-təslim aktını imzalayıb ayağa qalxdı. Aslan müəllim də yerindən durdu. Həbibə nəsə bir xoş söz deyib vəziyyəti yumşaltmaq istəyirdi. Aslan müəllim qapıya sarı getdi, nə fikirləşdisə, geri dönüb Həbibəyə yaxınlaşdı. Belini əyib stola dirsəkləndi. Diqqətlə, sınayıcı nəzərlərlə Həbibənin gözlərinin içinə baxdı. Şəhadət barmağını göyə qaldırıb qorxa-qorxa, kiminsə eşidəcəyindən qorxurmuş kimi pıçıltıyla soruşdu:
-Puşkin, düzünü de, o yuxarıdakı sənin nəyindi?
Həbibə sabiq direktorun kimi soruşduğunu anlayıb gülümsədi. Sonra ciddiləşərək, Aslan müəllimin hikkədən qıyılmış gözlərinə baxdı və onu çox intizarda qoymayıb cavab verdi:
- O, mənim babamdır, o, hamının babasıdır, Aslan müəllim.
22.07.2023