|
|
|
|
Yoldaş Eşbek (1952) çağdaş özbək ədəbiyyatının görkəmli nümayəndələrindən biri, ana dilindəki onlarla şeir kitabları ilə yanaşı, Azərbaycan, türk və rus dillərindən çoxsaylı bədii tərcümələrin müəllifidir. 2015-ci ildə Ankarada “Əbədi məsafə” (“Eysem” nəşriyyatı) kitabı və ingilis dilində dünyanın tanınmış 500 şairinin yer aldığı müntəxabata (“Top 500 – Poem Hunter”) daxil olan şeirləri ilə artıq Özbəkistanın sərhədlərini adlamış qələm sahiblərindən sayılır. Şərq təsəvvüf ədəbiyyatına dair çoxsaylı tədqiqatları və tərcümələri Yoldaş Eşbek yaradıcılığının son mərhələsində də öz izlərini buraxmışdır. Azərbaycan oxucusu ilə ilk tanışlıq olduğunu nəzərə alıb, istedadlı şairin müxtəlif səpkili şeirlərindən bir neçəsini sevimli qəzetin oxucularına təqdim edirik.
Tərcüməçilərdən
Qarabağ
Dünyanın ən ağır taleli bağı,
Qardaş köksündəki yaranın dağı.
Daş olub öpsəydim, olmazdı dərdim
Saysız şəhidləri öpən torpağı...
Yaşantı
Əgər Fərhad kimi dağ olmasam,
Yoxalt məni.
Əgər Tahir kimi axmasam,
Etmə sən azad məni.
Şirin, Zöhrə olsan, bilməsəm,
Sat məni –
sat məni!
Gözlərim kor olsa –
görməsəm ,
At məni –
Oyat məni!
Maqsud Şeyxzadə portretinə cizgilər
(Bütün dövrlərin böyük şairi, mədəniyyətlərimizin qızıl körpüsü, Uluğbəy və Mənquberdinin layiqli davamçısı olan dahi alim və həqiqi qəhrəmana sonsuz ehtiramla!..)
Nəsimi dabanı başımda mənim,
Qarşımda yedilər Məşrəbin başın.
Nizami həsrəti yaşımda mənim,
Yaşından aldıar Məcnunun yaşın.
Səmavat tar kimi cəlb edər məni,
Sazıma sığmadan səbrim, sirdaşım.
Bu dünya dar kimi göynədər məni,
Başımdan aldılar Məşrəbin başın.
Başını aldılar, dara ar gəldi,
Ancaq bircə kərə uf demədi o.
O cür böyüklüyə dünya dar gəldi,
Asiman var ikən, qəm yemədi o.
Nəvainin başı isə səmada
Nə qılınc, nə də dar çatardı ona.
Mənim başım hara, o başlar hara,
Yollardayam uca bir dardan yana!
Şairlər taleyin darlar edər həll,
Hərənin bir ilgək salar boynuna.
Şair arar daim bir xilaskar əl,
Əllərsə meyl edər çox vaxt oyuna.
Duaya açılmaz kinli yumruqlar,
Dardan qaçanlarla əlbirdir onlar.
“Vətən, Vətən...” deyə bərkdən bağırar,
Əslində vətənə cəbrdir onlar.
Onlardır ən alçaq dar ağacları,
Səs-küyündə haqdan nişanə yoxdur.
Onlardır daim şan-şöhrət acları,
Hərçənd qadınları həmişə toxdur.
Həmişə hazıra nazirdir onlar,
Ərzə sığmayanı çəkərlər dara.
Mənsurlara dardır, qəbirdir onlar,
Bəşərin köksündə sağalmaz yara.
Bir yol qaldı dara çəkilənlərdən,
Davamçılar da bu yolla gedərlər.
Bir yol qaldı qəlbə əkilənlərdən,
Ariflər o yola qibtə edərlər.
Çünki bilirlər ki, dardadır Vətən,
Yalnız sərhəd deyil, mənadır Vətən.
Ta ki, Yusifləri zindanda ikən,
Yalnız qəm-qüssəyə anadır Vətən.
Yurd üçün yanırıq bu gen dünyada,
Sarsılmaz bir iman bilib Vətəni:
Nəsimi dabanı getməsin bada,
Mənsurun əli tərk etməsin məni!
Övladlığa alsın məni Şah Məşrəb,
Xidmətçisi etsin Şahi-Nəqşbənd!
Könül şahzadəlik etməkdə tələb,
Misli yox çiçəyə, gülə olub bənd.
Bir gülün yolunda əridi könlüm,
Əridi köksümdə olub-qalanım.
Ancaq zərrə qədər əriməz gülüm,
Əriməz könlümə atəş salanım.
Ürək könül deyil, onun rəmzidir,
Leyli də gül deyil, onun rəsmidir.
Dar da dar deyildir, sirli didardır,
Zar da zar deyildir, nurlu azardır!
...Bir vaxtlar o böyük şairlər şeyxi
Təşrif gətirmişdi Azərbaycandan.
Keçib neçə uca dardan o dahi,
Sonda dürlərini saçdı Turandan!
Kaş elə taleyi hər bir şairə
Tanrı payı kimi pay verəndə də,
Tuş etmədən hər cür alçaq darları,
Çox görməsin əsla uca darları!
Könlümü yaxdıqca odlu bir istək,
Aram verməz uca dar ehtiyacı.
“Gündoğmuş” darıtək, Bülbül darıtək:
“Salam dar ağacı, tale ağacı!”
Məhz uca dar keçdi hər qadağanı,
“Özbək işin” düzüb-qoşan dığanı,
Göstərib türklüyə əsl yağını,
Akiflə Yaşara açdı bağrını...
Yol gedər, başları hələ də darda,
Şeyxzadə yolunun davamçıları.
Dönməz amalından harda olsa da,
Turan baharının ilhamçıları!
Dostlarım, həsrətlər olmazmış yaşsız,
Bəzən xatirəsiz, bəzən qəhərsiz.
Nə qədər çətinsə orda Yoldaşsız,
O qədər çətindir burda Sizlərsiz!
Ancaq şükür yenə Haqqın mehrinə,
Uca darlarını görürmüş səma.
Artıq qurban gedən başlar yerinə,
Turanın başına qonmaqda Hüma!
Dua
Yanar dağlar gördüm, şəfəqlər içrə
Alışıb yanardı əlvan bağları.
Üstündən fəryadla quşlar uçardı,
Üfüqdə qalardı qara dağları.
Azadlıq dilərəm mən o dağlara,
Hər hansı qayalıq dağ deyil, axı!
Abaqdlıq dilərəm mən o bağlara,
Hər hansı ağaclıq bağ deyil, axı!
Tanrı çox görməsin uca dağını,
Dadına çatanda hər gülüstanın!
Ağ günə çıxartsın Qarabağını
Yenilməz mərdləri Azərbaycanın!
Nazim Hikmət xatirəsinə
(ixtisarla)
Nazim Hikmət kimi yaşadım, demək olar ki!
Təkcə partiyada olmadım, məhbəsdə yatmadım,
Çünki Vətən özü məhbəsdə idi!
Doğulduğum, yaşadığım quruluş
Qırx yaşıma qədər qəfəsdə idi!
Bir gün həmin dövranın
Düz gözünün içinə dedim:
“Ey rəngləri solanlar,
Ey dilləri ölənlər,
Sizə acıyıram mən!
Acıyıram sizlərə,
Görə-görə hər kərə
Özün görməməzliyə
Vuran satqın kimsələr,
Miskinsiniz nə qədər!
Acıyıram sizlərə,
Kirayədə yaşayan
Məzlum xalqlar, millətlər!
Qəfəstək külbələrdə
gün görməyən, ey həmvətən şairlər,
Acıyıram sizlərə!
Ey haqsızlığı görüb,
sakit axan qanlarım,
Ey çıxmayan canlarım
Acıyıram sizə mən!..
...İnsan heç nə yeməsə,
sonu nə olacaqsa,
Mən də heç nə deməsəm,
sonum o olacaqdı.
Yaşaya bilməzdim, şeir yazmasam!
Amma kitablarım dayandırıldı,
Xitablarım toplu kimi toplandı könüldə.
Sanki səsi batmış müğənni idim,
Bir tikə çörəyə mən qane idim.
...Di gəl ki, dönmədən etiqadımdan,
Hayqırıb, “Hardasan, Türküstan?!” dedim.
Sən şahidsən, Turan!
Şahid Azərbaycan,
İstanbul, Kaşqar,
Əbədi nur kimi parlayan Bakı!
Hər bir türk xalqının arzusundakı
Bir amal yolunda çırpındım hər an.
Nurlu bir məsləkin qəmini yedim,
“Bütün türk elləri birləşsin!” – dedim.
Kaş ki, Ankarada gəzə biləydim,
Doğma Daşkəndimdə gəzdiyim kimi!
Dəmir sədlər ilə bölündü millət,
Bu böyük əsrə xas ən mənfur illət!
Zindanda kirayə haqqı ödəndi,
Kirə haqqı isə etiqad idi!
Ödəməyənin getdi başı,
Ödəyən zindanda yaşadı...
Sağlam ağıl bu dəhşətə bayıldı:
Etiqaddan keçmək xəyanət isə,
Etiqada vəfa cinayət sayıldı!
Xalq isə imanın gizli qorudu,
Ta azadlığına çatana qədər,
Allahım, çatdığı kaş gerçək olsun!
Səni səsləyirəm
Astanana qəlbimin
Tellərini bağladım.
Mən bir dünya gözəldən
Səni seçdim, sayladım.
Yazıq sevgim gözümdə
Damcı-damcı yaş oldu.
Bu bivəfa dünyanın
Bağrı mənə daş oldu.
Sən ulduzsan – əlçatmaz,
Aşiq oldum, sevgilim.
İndi sənin yerində
Qoşuq qaldı, gözəlim.
Bir nəğmə ki, qəlbimi
Hər gün, hər an titrədər.
Desəm ahdır, deməsəm
Bil saraldar, soldurar.
Astanana qəlbimin
Tellərini bağladım.
Mən bir dünya gözəldən
Səni seçdim, sayladım.
Qapınızın dəstəsi
Qızıldammış, bildim ki!
Yoxsul, yazıq olduğum
Bilib, bağrım dəldim ki!..
Sınıq könül içində
Dərdin qan tək axmaqda.
Aha dönən qəlbimi
Gözlərimə atmaqda:
Gözlərimdə sevdiyim
Damcı-damcı yaş oldu.
Bu bivəfa dünyanın
Bağrı mənə daş oldu.
Vətən
Eşqimin hər anı ömründən nəfəs,
Nəğmələrim canı sənin nurundan.
Sən deyə ölsəm mən, ollam müqəddəs –
Günahım tökülər şəkkak ömrümdən.
Hər bir fəryadının səbəbkarı – biz,
Hər sənin şadlığın bizə ətadır.
Yatanlar olmasa – bəxtiyarıq biz,
Oyada bilməsək – ömür xətadır.
Fəqət sən haqdadır mənim hər şeirim,
Karına yarasam – qürurum mənim,
Nisgilin, sevincin, sevgin, həsrətin
Laylaların sənin – sürurum mənim.
Özbək dilindən çevirənlər:
Akif Azalp,
Özbəkistan Yazıçılar Birliyinin üzvü,
Yaşar Qasmbəyli,
Özbəkistan Yazıçılar Birliyinin üzvü