
Ermənistan tərəfi sülh prosesini əngəlləmək, regionda gərginliyi artırmaq, staqnasiya vəziyyəti yaratmaq üçün təxribatlarını davam etdirir. Azərbaycanın müharibə bitdikdən dərhal sonra sülh çağırışlarına, normallaşma prosesi, sülh sazişinin imzalanması üzrə əməli addımlarına baxmayaraq, Ermənistan adekvat reaksiya vermir. Əvəzində Azərbaycan ərazisində yaşayan ermənilərin reinteqrasiyasına mane olur, Qarabağda hələ də mövcud olan qanunsuz silahlı birləşmələrə, separatçılara dəstək göstərir. Sülh danışıqlarında vasitəçi olan bir sıra beynəlxalq iştirakçılar Azərbaycanın təkliflərini dəstəklədiklərini bəyan etsələr də, təəssüf ki, İrəvanın oyunlarına göz yumurlar, Bakını tənqid edən açıqlamalar səsləndirirlər. Məsələn, sonuncu Brüssel formatındakı üçtərəfli görüşdən sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel səsləndirdiyi yekun bəyanatda Ağdam marşrutunu dəstəklədiklərini açıqladı. Lakin Ermənistanın qurduğu "humanitar böhran" şousundan sonra Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel İrəvanın yanlış mövqeyini müdafiə edən əsassız açıqlama ilə çıxış etdi. Onun bəyanatı təbii ki, Avropa İttifaqının mövqeyi ilə ziddiyyət təşkil edirdi. Çünki Aİ-nin bütün sənədlərində Azərbaycanın ərazi bütövlüyü dəstəklənir.
Ümumiyyətlə, bu gün Ermənistan özü də daxil olmaqla, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə olan halda, Laçın yolu ilə bağlı yaranmış şounun əsas məqsədi nədir? Bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qəsd etmək cəhdidir və birbaşa beynəlxalq hüququn pozulmasıdır. Uzun illər Azərbaycan torpaqlarının işğalına, bir milyona yaxın insanın öz yurd-yuvasından didərgin düşməsinə göz yuman beynəlxalq birlik, indi də suveren ərazimizə qəsd cəhdinə eyni münasibəti sərgiləyir, hətta daha da irəli gedərək separatçıların oyunlarına şərik olaraq, sərhədlərimizin açılmasını tələb edirlər. Təəssüf ki, bu məsələdə də illərlə üzləşdiyimiz ikilistandartı görürük. Bir nümunəni yada salmaq kifayət edir. 2014-cü ildə beynəlxalq birlik Rusiyanın Donetsk və Luqanska humanitar yük göndərməsinə qarşı çıxaraq, bunu ərazi bütövlüyünə qəsd kimi qiymətləndirirdi. Qərb dövlətləri Rusiyadan Ukraynanın ərazi bütövlüyünə hörmət göstərməsini tələb etdilər. Azərbaycandan isə Ermənistandan göndərilən yüklər üçün sərhədlərin açılması tələb olunur. Baxmayaraq ki, Bakı alternativlər təklif edib.
İstənilən halda, bir şey dəqiqdir ki, Azərbaycan geri addım atmayacaq və öz ərazisinə başqa bir dövlətin yüklərinin rahat şəkildə daxil olmasına, ərazi bütövlüyünə, suverenliyinə qəsd cəhdlərinə imkan verməyəcək.
Bu ətrafda prosesləri şərh edən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Azərbaycan Qarabağda bu prosesə son qoymaq və istəyənlərə vətəndaşlıq verməklə onları inteqrasiya etmək istəyir. Ermənistan isə istəyir ki, Azərbaycan 1975-ci il sərhədlərini tanısın. İrəvan bununla da öz təhlükəsizliyini təmin etmək və bundan sonra ermənilərin "hüquqları və təhlükəsizliyi" adı altında Qarabağa ərazi iddialarını davam etdirsin.
Sabiq nazir hesab edir ki, bütün keçmiş "həmsədrlər", o cümlədən, İran münaqişəyə regionun idarə olunmasında vasitə kimi baxır, onun davam etməsini istəyir: "Ermənistanın və xarici "oyunçuların" münaqişəni davam etdirmək istəyini görən Azərbaycan "güzgü prinsipi"ndən istifadə edərək Qərbi Zəngəzur və Göyçə mahalı, eləcə də "Qərbi Azərbaycan icmaları" mövzusunu irəli sürür. Buna görə də Bakı sərhədin 1975-ci il xətti üzrə müəyyən edilməsinə razı olmayacaq və 1920-ci ilin payızına qədər mövcud olan xətdə israr edəcək. Azərbaycan siyasi və müdafiə potensialının üstünlüyünü nəzərə alaraq münaqişə zonasını Qərbi Zəngəzur ərazisinə və ondan kənara qədər genişləndirməyə hazır olacaq. Həmçinin, Azərbaycan Şərqi Zəngəzurun reinteqrasiyası prosesində kənar iştiraka imkan verməyəcək".
T.Zülfüqarov deyib ki, Rusiyanın reinteqrasiya prosesinə qarşı çıxacağı təqdirdə, hətta 2025-ci ilə qədər sülhməramlı qüvvələrinin Türk Dövlətləri Təşkilatı ölkələrinin üzvlərindən ibarət polis missiyası ilə əvəzlənməsi prosesinə start verilə bilər. Sabiq nazir Türkiyə mətbuatına istinadən sözlərinə onu da əlavə edib ki, İran ərazisindən Ermənistana gətirilən və çatdırılması gözlənilən təkcə Hindistan silahlarının həcmi 750 milyon dollara çatıb.



