
Ermənistan artıq bir müddətdir ki, "blokada", "aclıq" şousu ilə beynəlxalq ictimaiyyətin diqqətini çəkmək, həmçinin Azərbaycana qarşı hansıssa addımların atılmasına nail olmağa çalışır. Bu manipulyasiyalar eyni zamanda sülh danışıqlarına maneə yaradır. İrəvan belə bəhanələrlə vaxt qazanmaq istəyir ki, amma zaman da onun əleyhinə işləyir.
Bakı Qarabağda yaşayan ermənilərin təminatı ilə bağlı öz təklifini irəli sürüb. Azərbaycanın mövqeyi beynəlxalq normalara tam uyğun olan, regionda sülhün, barışın olmasına yönəmiş bir mövqedir. Sosial şəbəkələrdə ermənilərin özlərinin yaydıqları fotolar və görüntülər də onların Qarabağda "blokadada" olması, "aclıq" çəkməsi barədə iddiaları alt-üst edir. Qarabağ "fəalı" adlandıran Artur Osipyan da bu iddiaları təkzib edib. O, erməni KİV-ə açıqlamasında bildirib ki, Qarabağda yaşayan ermənilərin guya aclıqdan öldüyünü deyərək, dünyanı aldatmağa, əhali arasında panika yaratmağa çalışmaq lazım deyil. Hazırda Azərbaycanın Rusiya sülhməramlılarının müvəqəti yerləşdiyi Qarabağ ərazisində yaşayan ermənilərin ərzaq probleminin olub-olmaması, kifayət qədər qida olmaması, kiminsə aclıq çəkməsi barədə suala cavabında Osipyan söyləyib ki, düzünə qalsa, problemin nədən ibarət olduğunu hər kəs bilir və çətin vəziyyət bu gün yaranmayıb: "Bu "hökumət" 30 ildir Qarabağı talayır və bu pisləşmə indi baş verməyib, vəziyyət həmişə ağır olub. Bəli, problemlər var, amma şişirtmək lazım deyil ki, guya Qarabağda insanlar aclıqdan ölür. Çörək növbələri və s. "blokada" ilə bağlı deyil. Bundan əvvəl də eyni hallar olub: həmişə bir hissə yaxşı yaşayıb, digəri isə çətinliklə çörək pulu qazanıb".
Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Azərbaycan ərazisində Ermənistandan erməni hərbi birləşmələri üçün canlı qüvvə, hərbi sursat, mina, habelə hərbi təyinatlı digər vasitələrin qanunsuz daşınmasının qarşısını almaq və aprelin 22-də Ermənistan tərəfindən Azərbaycanla sərhəddə Laçın-Xankəndi yolunun girişində birtərəfli qaydada sərhəd buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazisində Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd buraxılış məntəqəsi təyin edilib.
Azərbaycan tərəfindən erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Rusiya sülhməramlı kontingentinin sərhəd buraxılış məntəqəsindən keçidinin təmin olunmasına baxmayaraq, Ermənistan tərəfi ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə, bölgədə saxta "gərgin humanitar vəziyyət" barədə iddialar yayıb. Eyni zamanda, 15 iyun tarixində sərhədçilərimizin atəşə tutulması, qaçaqmalçılığa cəhd edilməsi, yük avtomobillərinin 26 iyul tarixində Azərbaycan ərazilərinə icazəsiz göndərilməsi kimi təxribatlar törədib.
Azərbaycan tərəfindən erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün "Ağdam-Xankəndi" yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürülməsinə və onların Avropa İttifaqı, BQXK tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bu təkliflərə qarşı çıxıb, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması "humanitar vəziyyət" barədə iddiaları siyasi şantajdır.
Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov hesab edir ki, artıq yük maşınları ilə bağlı təxribat öz aktuallığını itirir: "Danışa bilən və danışmalı olan hər kəs fikir bildirdi. Yük maşınları isə bir santimetr belə tərpənmədi. Açığı, son iki il yarımın təcrübəsi göstərir ki, Azərbaycan öz ərazisində atacağı addımlara münasibətini dəyişməyəcək. Azərbaycan Ermənistanı, Rusiyanı, Qarabağ ermənilərini, ABŞ, Avropa İttifaqını və digərlərini həm sözdə, həm kağız üzərində, həm də əməldə ərazi bütövlüyü prinsipinə hörmət etməyə məcbur edir. Başınızı divara vursanız da, heç nə dəyişməyəcək, əksinə, Azərbaycan öz hüquqi sahəsini Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə qədər genişləndirməkdə daha da irəli gedəcək. Əsas maneə Ermənistan silahlı qüvvələrinin Qarabağdakı qalıqlarıdır və yaxın gələcəkdə bu maneə də aradan qaldırılacaq".
F.Məmmədova görə, heç nəyin baş verməməsi Azərbaycan üçün normal haldır, reallığa alışmaqdır: "Ermənilər və onların himayədarları üçün bu proses ağrılıdır, reallığa ilk toxunuşda havaya uçan, informasiya köpüyü yaradan tvitlər və məqalələr yazmaq əks effekt verir. Heç bir şeyin baş verməməsi ilk baxışda Paşinyan üçün də normaldır, amma ilk baxışda...
Yük maşınları ilə təxribat sülh prosesində fasilə yaradıb və bundan İrəvan merinin seçilməsi üçün istifadə oluna bilər. Beynəlxalq fon dizayn edilib, yüzlərlə dəstək tvitləri, yük maşınları artıq turistik məkana, diplomatların və daşlar ölkəsinin qonaqlarının selfi çəkdirmək məkanına çevrilib. Amma... Paşinyan başa düşməlidir ki, Bakı İrəvanda mer seçkilərinin vacibliyini dərk edir və öz işini davam etdirəcək. İrəvan merinin seçilməsində uduzmaq Paşinyan üçün sonun başlanğıcı olacaq".
Ekspert hesab edir ki, Praqada planlaşdırıldığı kimi, ötən ilin sonunda Azərbaycanla sülh müqaviləsi bağlansaydı, Paşinyan daxili siyasətdə Azərbaycanla bağlı vəziyyətindən daha az asılı olardı: "Burada isə seçkilər ərəfəsində Bakının elektorata təsir göstərməsinə şərait yaradılır. Ermənistan paytaxtının Ağsaqqallar Şurasına seçkilər Paşinyanın özünə etimad plebisitidir və məğlubiyyət hakim partiyanın birliyinə də təsir edəcək. Bu imkanı Bakıya Paşinyan özü verib, indi heç nə baş verməməsi o demək deyil ki, yaxın gələcəkdə nəsə olmayacaq. Bütün diqqətlər Bakıya yönəlib".



