|
|
|
|
Elnur ELDAROĞLU
Sənə salam göndərirəm
Sənə salam göndərirəm
Buz dövrünün şaxtasından,
Aram-aram göndərirəm,
Qara dəniz yaxtasından.
Sənə salam göndərirəm,
Salam alan əlin yoxdu,
Uzadıram əllərimi,
Kipriyin var, telin yoxdu.
Sənə salam göndərirəm,
Mesaj bir xətt üstündədir.
Gözəyarı oxusan da,
Məndən çıxıb köksündədir.
Sənə salam göndərirəm
Vəziyyətim xoş görünür.
Gec yatıram, ayılmıram,
Dursam hər şey boş görünür.
Sənə salam göndərirəm,
Xala-xətrin qalmasıntək.
Sən xətrimə dəyən gündən,
Xətrim bir gün qalmayıb tək.
Sənə salam göndərirəm
İlk maaşın sevincindən.
O sevinci bol xərclədin,
Nədir səni bəs incidən?
Sənə salam göndərirəm
Gecələrin zülmətindən,
Səhər necə zor açılır,
Xəbərin yox qiyamətdən.
Sənə salam göndərirəm,
Bax, bu gecə şeir yazdım.
İlham pərim sənə sarı,
Yenə yoldan çıxıb azdım.
Sənə salam göndərirəm,
Bir salama dəyməsə də.
Bilirəm çox narahatdı
Üz-gözünü əyməsə də.
Sənə salam göndərirəm
İpəzordan aslı qalıb.
Qurumayan ağ köynəkdən
Sən almışdın paslı qalıb.
Sənə salam göndərirəm
Yusifin Züleyxasından.
Sadiq qulam göndərirəm
Yapışmışam yaxasından.
Sənə salam göndərirəm.
Füzulinin Leylisindən,
Nizaminin Məcnundan
İstəyirsən əllisindən
Göndərsəm də, çatan deyil.