|
|
|
|
Ramiz ORSƏR
Görən gözlər gözəl olsa
Ağ mayadı,
gündüşməzdə
bir ağ çiçək...
Kor qız da ərə gedər,
Hər oxunan qəzəl olsa,..
Bütün qızlar gözəldi,
Görən gözlər gözəl olsa!
Dağların papağı buluddandı,
düzlərin örpəyi dumandan, çəndən.
Hərə bir balıqdı,
Zamanın tilov əlləri dənizdə.
Nə dənizdə dənizlik var,
nə məndə məndən.
Kiminin basarağı kef-damaqdı,
Kiminin başı ahda-amanda.
Hörümçək torundan asır özünü,
Sabaha yol gedən xəyal, güman da.
Ağ mayadı,
yol üstündə tər bənovşə.
Kor qız da ərə gedər,
hər oxunan qəzəl olsa.
Bütün qızlar gözəldi,
Ürəklər ipək,
görən gözlər gözəl olsa!
Olsun
Səsləsən, səsinə hay verərəm mən,
Diləyini bir-bir say, verərəm mən,
İstəsən dünyanı, pay verərəm mən,
Təki ürəyinin xətri xoş olsun.
Yüyrək yolumuzu illərmi kəsdi?
Küləklər atlandı, yellərmi kəsdi?
O sərxoş yağışlar, sellərmi kəsdi?
Bu yağan yağışlar xeyrə tuş olsun.
Vasvası qeybətlər üzür canımı,
Əkirəm yollara hər gümanımı,
Tarımar eyləmə din-imanımı,
Həsrət də şərabdı, iç ki nuş olsun.
Səsləsən, səsinə hay verərəm mən,
Diləyin nə, di sən say, verərəm mən,
İstəsən dünyanı, pay verərəm mən,
Təki, ümidlərin xətri xoş olsun.
Vaxtın ayağında...
Vaxtın ayağında ləngidi baxtım,
Torpağa əyildim, taxtım olmadı.
Gözlərdən başlayır hər cür ayrılıq,
Səni sevməyə də vaxtım olmadı.
Əlim körpü oldu yaxşılıqlara,
Sevincim piyada, sözüm piyada.
Qar-qar üstə yağar, bu bir məsəldi,
Ağla özün üçün, kimə nə fayda.
Nə bir dalda yerim, nə söz deyənim,
Kədərin gözləri oxudu məni.
Xoş gün, aydın səma - hamıya qismət,
Kim atıb yoluma bu duman, çəni?
Hərənin öz ömrü quruca naxşı,
Mən sükut butalı tale səsiyəm.
Sözü girov düşən sevdalıların
Son sıra nəfəri, ilk həvəsiyəm.
Vaxtın ayağında ləngidi baxtım,
Torpağa əyildim, taxtım olmadı.
Gözlərdən başlayır hər növ ayrılıq,
Səni sevməyə də vaxtım qalmadı.