Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev sosial şəbəkədə ona qarşı olan hücumlardan boğaza yığıldığını, bu səbəbdən də hətta Azərbaycanı tərk etmək niyyətində olduğunu bildirib. Bu barədə özünün sosial media hesabında açıqlama yayan Xalq yazıçısı Bakı ləhcəsində danışdığı üçün qınanıldığını vurğulayıb. Çingiz Abdullayevin bu qeydləri ictimai rəydə müzakirələrə səbəb olub, bir çox tanınmış şəxslər bununla bağlı öz fikirlərini bölüşüblər.
525.az xəbər verir ki, müzakirələrə səbəb olan bu məsələyə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının rəhbəri Elxan Süleymanov da münasibət bildirib.
- Mən görkəmli yazıçı Çingiz Abdullayevə qarşı belə kütləvi hücumu qətiyyətlə pisləyirəm. Çingiz Abdullayev çoxmillətli, tolerant ölkə olan Azərbaycanın tanınmış nümayəndəsidir. Onun məhz rus dilində yazmasına, rus dilinin çox işləndiyi Bakı şəhərinin ləhcəsində danışmasına görə belə kəskin, bəzən heç bir əndazəyə, ədəbə sığmayan tərzdə tənqid və hətta təhqir olunması ilk növbədə ölkəmizin multikultural səciyyəsinə və xalqımızın tolerant imicinə xələl gətirir. Əsərləri dünyanın əksər dillərində 20 milyondan çox tirajla dərc olunmuş, bir çox ölkələrdə ssenarilərinə, o cümlədən, Azərbaycan dilində yazdığı ssenarilərinə filmlər çəkilmiş, öz imzası, yaradıcılığı ilə Azərbaycanı dünyaya tanıtmış görkəmli yazıçıya belə təhqiramiz münasibət, yumşaq desək, ölkəmiz haqqında müsbət rəy yaratmır, əksinə, xaricilərin bəyənərək tərif etdiyi tolerantlığımıza, başqa xalqlara loyal münasibətimizə kölgə salır.
Mən ilk fəaliyyətimə mədəniyyət sahəsindən başlamışam. Hələ tələbə olarkən, sovet dövründə strateji ideoloji müəssisələrdən sayılan mədəniyyət mərkəzinin, Fioletov adına Mədəniyyət klubunun müdiri olmuşam. Demək olar ki, ölkəmizin bütün görkəmli, böyük sənət və mədəniyyət xadimləri ilə əməkdaşlıq etmişəm, onlardan çox şey öyrənmişəm. Rəhmətlik Xalq artisti Mirzə Babayevlə həm də dostluq etmişəm. Onun bir sözü həmişə yadımdadır. Bir dəfə televiziyada bir müğənninin çıxışına baxarkən, dedim ki, yaxşı ifaçıdır. Cavab verdi ki, Elxan, bunlar Biləcəriyə qədər olan müğənnilərdir. Bizə isə dünya miqyasında olan, sərhədləri aşan sənətkarlar lazımdır. Çingiz Abdullayev məhz belə sənətkardır, onun əsərləri dünya dillərinə tərcümə olunaraq, xarici ölkələrdə 20 milyon tirajla nəşr olunub. Bu kitablarda Çingiz Abdullayev imzası var. Milyonlarla oxucu məhz onun sayəsində Azərbaycanı tanıyır, onlarda ölkəmizə maraq oyanır. Bununla fəxr edəsi deyilikmi? Belə bir istedadlı yazıçı həmvətinimizlə qürur duyası deyilikmi? Onu haqlı-haqsız aşağılamaqla nə qazanacağıq? Tanınmış yazıçımıza belə haqsız, ədalətsiz və layiq olmayan münasibət ziyalılığa yaraşırmı?
- Elxan müəllim, bəs Azərbaycanın Xalq yazıçısının başqa dildə yazması, ana dili ilə müqayisədə daha səlis danışmasını necə dəyərləndirək?
- Bir məsələni deyim. Yazıçının, şairin, alimin başqa dildə danışması müəyyən səbəblərdən tarix boyu aşkarlanan hadisədir. Şərqdə ərəb və fars dilləri olduğu kimi, Qərbdə də latın və fransız dilləri uzun müddət elm və ədəbiyyatın dili olub. Rusiya imperiyası yarandıqdan sonra və xüsusən də sovet dövründə rus dili keçmiş SSRİ məkanında əsas ünsiyyət dilinə, eyni zamanda beynəlxalq aləmə çıxmaq üçün əsas vasitəyə çevrildi. Bu dövrdə ədəbiyyatda rusdillilik yarandı. Hətta M.F.Axundov özünün “Şairin ölümünə” əsərini rus dilinə tərcümə etdi və bunun sayəsində bu əsər geniş dairələrdə tanındı. Eləcə də türk xalqlarının böyük nümayəndələri Çingiz Aytmatov, Oljas Suleymenov vətənləri, türk xalqlarınının mənafeyi yolunda böyük işlər görüblər. Başqa dildə yazmaq bir faktdır, təbii ki, anadillli ədəbiyyat mədəniyyətimizdə aparıcı mövqedə olmalıdır. Ancaq biz başqa dillərdə yazmış bir çox klassiklərimizdən də imtina edə bilmərik. Çingiz Abdullayev də rusdilli mühitdə formalaşıb və bəlkə də, bu amilə görə əsərləri bütün dünyada yayılaraq, ölkəmizə, xalqımıza da başucalığı gətirib. Gəlin, onun əsərləri sevilə-sevilə oxunduğu halda yaradıcılığına kölgə salmayaq. Elə bu nüfuzuna görə də 44 günlük müharibə dövründə onun Rusiya televiziyasında çıxışının Azərbaycan həqiqətlərinin yayılmasında böyük rolu oldu. Mən xüsusən gənclərimizə tövsiyə edərdim ki, gəlin belə görkəmli ədiblərimizin qədrini bilək, istedadlı şəxsiyyətlərimizi təbliğ edək, onlarla fəxr edək və yeni əsərlərə onları ruhlandıraq.