
Erməni diasporu və lobbisinin, ümumilikdə dünyadakı erməni şəbəkəsinin Azərbaycan əleyhinə apardığı kampaniyaya bəzi aparıcı media qurumları da qoşulub. Ermənilərin təsiri altına düşən həmin media qurumları heç bir əsası olmayan, bitərəfli, obyektivlikdən uzaq və qərəzli məlumatlar yaymaqla ilk növbədə öz prinsiplərinə xəyanət edirlər. Məlumdur ki, jurnalistika prinsipləri bir hadisənin iştirakçısı olan bütün tərəflərin mövqeyini doğru şəkildə, qərəzsiz olaraq işıqlandırmağı tələb edir. Amma son günlər bizim gördüyümüz, şahidi olduğumuz budur ki, bəzi nüfuzlu xarici medialar separatçılara meydan verir, Azərbaycan-Ermənistan münasibətləri, suveren ərazimiz, o cümlədən, Laçın yolu ilə bağlı qərəzli, əsaslandırılmayan iddialar səsləndirirlər. Əslində indi ermənilərin təsiri altında əleyhimizə kampaniya aparan həmin KİV-lər Azərbaycana yanaşmada hər zaman ikili standartlardan çıxış ediblər. İşğal müddətində yalan informasiya yayıb, Qarabağı "müstəqil" subyekt kimi qələmə verməyə çalışıblar. 44 günlük Vətən müharibəsində də eyni xəttə "sadiq" qalaraq, işğala, separatizmə haqq qazandırıblar. Amma Azərbaycan dövləti müharibədə təkcə hərbi sahədə deyil, diplomatik müstəvidə də qalib gəldi. Öncədən hazırlanan qərəzli sualları dövlət başçısına ünvanladılar, amma gözləntilərinin əksinə olaraq, aldıqları cavablardan "məyus" oldular. İndi də eyni qərəzli yanaşmanı görürük. Amma qeyd etdiyimiz kimi, son aylar açıq şəkildə Azərbaycan əleyhinə iddialar səsləndirilməklə, informasiyalar saxtalaşdırılmaqla bu kampaniya daha da genişlənib. Məqsəd nədir? Bununla həmin medialar nə əldə etməyə çalışırlar? "Washington Post", BBC, "New York Times" kimi media qurumları niyə ermənilərin yalanlarının ruporuna çevrilib? Daha Fransa mediasından danışmırıq, çünki bu ölkənin nə mediasından, nə digər qurumlarından başqa yanaşma gözləmək sadəlövhlük olardı. Heç bir problem olmadığı halda Qarabağda yaşayan ermənilərin guya humanitar böhranla üz-üzə qaldıqlarını, hətta "etnik təmizləmə" kimi absurd iddiaları gündəmə gətirməklə bu medialar əslində qızışdırıcı rol oynayırlar. Azərbaycanın digər dövlətlər kimi, öz suveren ərazisində, sərhədləri daxilində istədiyi addımı atmasına ixtiyarı var. Bu hüququ onun əlindən kimsə ala bilməz. Həmçinin Bakı alternativ olaraq Ağdam-Xankəndi yolunu təklif edib, üstəgəl, bu yol açılandan sonra Laçın yolunun da açılacağını bəyan edib. Bundan başqa, yardımla dolu yük maşınları Qarabağ ermənilərinə çatdırılmaq üçün Ağdam-Xankəndi yolunda gözləyir. Azərbaycan öz ərazisində yaşayan ermənilərin reinteqrasiyası istiqamətində addımlar atır, təkliflər irəli sürür, amma Ermənistan və havadarlarının təzyiqi ilə bu məsələdə hansısa irəliləyiş baş verməyib. Bakı bütün təkliflərini açıq şəkildə səsləndirib: ermənilər ya qalıb inteqrasiya edərək Azərbaycan qanunları ilə yaşayacaqlar, ya da bölgəni tərk edəcəklər. Bəzi xarici media orqanlarının iddia etdiyi kimi, Laçın yolu da bloklanmayıb. Gün ərzində ermənilərin hər iki tərəfə gediş-gəlişi üçün hansısa bir problem yoxdur. BMT Təhlükəsizlik Şurasında bununla bağlı aparılan müzakirələrdə əksər üzv-dövlətlərin Azərbaycanın ədalətli mövqeyini müdafiə etmələri də dediklərimizi sübut edir. Amma BBC və qeyd etdiyimiz digər media orqanları bütün bu aydın olan faktları görməyərək, separatçılara efir verib, onların yalanlarını tirajlayır.
Bir neçə gün əvvəl daha bir yalan dolu məqalə "Nyu-York Times" nəşrində dərc olunub. Məqalənin müəllifi kifayət qədər təcrübəli və peşəkar sayılan Nikolas Kristof Laçın yolu ətrafında ermənilərin qurduğu şou ilə bağlı qərəzli məqalə yazmaqla öz peşəkarlığını da qurban verib, jurnalistikanın prinsiplərini də pozub. Bir qədər də uzağa gedərək "Qarabağda etnik təmizləmə baş verə bilər, lakin biz buna məhəl qoymuruq", yazıb. Müəllifin baş verənlər barədə həqiqətlərin nədən ibarət olduğunu bilməsinə dair şübhə yoxdur. Əgər məlumatı olmasaydı belə, jurnalistikanın prinsipləri bunu hərtərəfli araşdırmağı ondan tələb edir. Guya Azərbaycan Rusiyanın-Ukrayna münaqişəsindən istifadə edərək "bəşəriyyətə qarşı cinayətlərini" törədir. Görünür, Kristof da digər həmkarları kimi, ermənilərin "blokada", "aclıq" şousunu təbliğ edən, antiazərbaycan kampaniyasını təşkil edən şəbəkənin muzdlu jurnalistinə çevrilməyi bacarıb.
Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "New York Times"a açıq məktub ünvanlayıb. Məktubda vurğulanıb: "NYT-nin bütün səslər üçün ədalətli platforma olmaq əvəzinə, alternativ baxışlara təhlükəsizlik divarları və bürokratik maneələr qoymasına təəssüflənirəm. "X" mənim ölkəmə qarşı sovet üslubunda təbliğat aparan bəzi qərb media orqanlarının informasiya monopoliyasına qarşı daha güclü alternativ, azad və açıq platforma təqdim edir. Bu məqalələrin hamısını, o cümlədən, NYT-ni yoxlayanda belə təəssürat yaranır ki, onların hamısı eyni hökumət studiyasında və ya erməni lobbisi və hökuməti tərəfindən maliyyələşdirilən PR şirkətində yazılıb".
Həqiqətən də, Azərbaycana qarşı xarici mediada sərgilənən şər, böhtan kampaniyasında eyni dəst-xətt izlənilməkdədir. Hərb meydanında Azərbaycana məğlub olan ermənilər bu cür kampaniya ilə informasiya savaşında yeni cəbhə açacaqlarını, öz yalanlarına dünyanı inandıracaqlarına ümid edirlər. Amma Azərbaycan əlbəttə ki, informasiya savaşında da aktiv mübarizə aprır. Elə bir neçə gün əvvəl Azərbaycan Mətbuat Şurasının BBC telekanalına qarşı etiraz bəyanatı da buna bir nümunədir. Bu bəyanatdan, ümumilikdə digər etirazlardan sonra BBC administrasiyası Azərbaycanın mövqeyinə yer verəcəyini açıqladı. Daha sonra isə azərbaycanlı jurnalistə efir verdi. Düzdür, bu, öncədən edilməli idi, jurnalistika prinsipləri məhz bunu tələb edir. İstənilən halda, Azərbaycan bütün cəbhələrdə Ermənistanın təxribatlarının qarşısını almaq gücündədir və informasiya savaşında əleyhimizə işləyən şəbəkə məğlub olacaq.



