|
|
|
|
Səhər yuxudan oyandım və nə baş verdiyini anlamağa çalışırdım. Axı mən bu səhər öz ölkəmdə yox hansısa bir mücərrəd yerdə oyanmışdım. “X” adlı ölkə yazısı hər yerdə idi. Pəncərədən çölə baxırdım ki, hər yerdə “X” Market, “X” gözəllik salonu, “X” tərəvəz dükanı yazılmışdı.
Çölə qorxa-qorxa ayaq basdım. Tanıdığım heç kim yox idi bu boz və mücərrəd şəhərdə. Nasist geyimli hərbçilər gəzişirdi. Küçədə çoxlu dar ağacları var idi. Hər yerdə nasist marşları oxunur, adamlar sakitcə, mənim kimi təəccüb içində ətrafda olub bitənləri müşahidə edirdi. Bir-bir küçəni gəzməyə başladım.
Birinci döngədə bir mayor əli qandallı adamı dar ağacına aparırdı. Adam sarışın bir alman idi. Dayanmadan qışqırırdı və eyni sözü deyirdi: “Siz tarixin ən iyrənc hadisələrini etdiniz, haradan peyda oldunuz?”
Bu anda qorxudan ayaqlarım əsirdi, faşizm kimi idbar bir rejimin ortasına mən necə düşmüşdüm? Ətrafdakı hər şey real idi, amma mənim beynim hadisələri aydınlaşdıra bilmirdi.
Kürsüyə çıxarılan adama bu sözlər deyilirdi: “Hans, sən pedofiliyada günahlandırılırsan. Cinayətin isbat edilib. Sənin yaşamaq haqqın yoxdur”. Sonunu izləmədən qaçdım ordan. Həm içimdə Hansı, həm pedofilləri, həm də faşizmi söyürdüm. Eyni zamanda düşünürdüm ki, mən necə buraya düşmüşəm?
Küçənin bitişində daha bir dar ağacında balacaboy, qırmızı saqqalı olan bir orta yaşlı kişi dizi üstə çökmüşdü. Ətrafda izdiham var. Bu dəfə daha hündür olan cəllad ucadan səslənirdi: “Siz qəssab kimi fəaliyyət göstərməklə yanaşı narkotik vasitələrin satışı ilə məşğul olurdunuz. Sizin əməlləriniz onlarla ailəyə fəlakət gətirib. Yaşamaq hüququnuz əlinizdən alınır”.
Edam prosesini izləyə bilmirdim deyə sürətli addımlarla ordan da uzaqlaşdım. Çörəkçinin yanında bu dəfə tanıdığım adamı gördüm. Yürgensdən hər aman çovdar çörəyi alırdım. Başını aşağı salmışdı. Yenə fərqli cəlladın eyni monoton qışqırığında təkrar-təkrar eyni fikirlər səslənirdi: “Uzun illər saxta mallar satmısan. Keyfiyyətsiz və zərərli məhsullarla, təhlükəli qidaları satmaqla uşaqların gələcəyini korlamısan”.
Elə bu vaxt kimsə arxadan məni səslədi. Ağ işıqların içindən gələn səsə yaxınlaşıb soruşdum:
- Kimsiniz, siz?
- Mən hüquqam.
- ........
- Özünün hüquqlarını bildiyin qədər cəmiyyətin hüquqlarını da bilsəydin, bu gün burada olmazdın.
- Axı mən heç bir cinayət etməmişəm, faşizm rəzaləti çoxdan tarixin çoxdan zibiliyinə gedib. Nə edirəm burda mən?
İşıqdan gələn səs birdən yoxa çıxdı.
Bu dəfə fərqli səs dilləndi:
- İnsan yalnız etdiklərinə görə yox, etmədiklərinə görə də utanmalıdır.
- Siz kimsiniz?
- Mən vicdnam...
Birdən dənizin qırağında olduğumu anladım sanki. Qağayı səsləri və dəniz ləpələri ətrafda əməlli hay-küy yaratmışdı. "Bayaq yaşadıqlarım nə idi" - deyə düşünürdüm.
“İttiham olunanlar da cinayətkarlardır, ittiham edənlər də. Sonda isə hüquq və vicdan gəldi”.
Bu vaxt inboksuma gələn mesajı oxudum:
“Sizdəki kəskin maniakal nevroza görə dərmanları uzun müddət qəbul etməlisiniz. Axsatsanız, hallusinasiyalar görəcəksiniz”.
05.09.2023