|
|
|
|
Sevinc QƏRİB
Qoltuq ağacları iz saxlamır yollarda
Çıxıb gedərəm ömründən,
Tanrı da tapmaz məni...
yerimdə qalan boşluğa
açılar qolların,
duyğuların ruhundan küsər,
bəlkə yaşayarsan birtəhər
ürəyini buz kəsər.
Yerimi bilməzsən
soraqlayıb gələsən,
təngə gətirərsən küçələri,
ayaqların üzünə durar,
yorğun dabanların baxmaz sözünə...
Öz-özünə danışarsan,
buludlar enər kipriklərinə,
əllərinə hönkürərsən,
dizlərində kiriyərsən.
Dönüb-dönüb eyni yerə gələrsən,
görənlər elə bilər dəlisən.
Qəsdinə durar yaddaşın,
unudarsan yuvam olduğunu...
Yorma yolları,
yaddaşını lənətləmə,
ayaqlarına da yazığın gəlsin,
bütün nişanələr yoxluğa aparır..,
qoltuq ağacları iz saxlamır yollarda...
Sonra...
Sonra kirpiklərim yükünü atdı,
boşaldı gözümün dolu tərəfi.
Sonra boğazımda dağı əritdim,
qəhər selə döndü o dar cığırda,
çəkdi qoşunların nəfəs yolumdan,
yenildi səbrimə qəzəb ordusu...
Sonra zəfər çaldı çiyinlərim də,
soyundu əynindən məğlub libasın.
Açıldı qaşımın düyünləri də,
sovruldu alnımdan qırış topası.
Sonra qollarımı havaya açdım,
"çiçəyi çırtladı" ümidlərimin...
Sığalsız saçlarım çox ağlamışdı,
sonra barmaqlarım savaba batdı.
Qurudu göz yaşı saçlarımın da
öldükcə ovcumda sığal həsrəti.
Yetim əllərimdə dua göyərdi,
inandım yerişsiz ayaqlarıma.
Bəlkə də üz tutub göyə gedərdim,
"dön" səsi oxundu qulaqlarıma.
Sonra ürəyimə bir nəğmə axdı,
dirildi içimdə ölən arzular.
Çəkdim pərdələri günəşə sarı,
tutdum şəfəqinin hörüklərindən.
...sonra gülümsədi aynamın üzü
baxdım ki, əksimi yaz qucaqlayıb...
Yetim qalmaq qismətidi bu eşqin...
Bilirəm, ömrünə kədər gətirdim,
Ayrılaq, taleyin hirsi soyusun.
Mən özümü həsrətəcən ötürdüm,
Sən də çıx get, artıq təməl qoyulsun.
Nə gördük ki, göz yaşından savayı,
Qısır oldu bu sevdanın sevinci.
Təkcə dərddi bizə düşən havayı,
Hara getsək tapdı bizi birinci.
Arzularım qundağında boğulur,
Vüsalını dadmadı heç əllərim.
Duyğuların yad adamda doğulur,
Sığalını yadırğayır tellərim.
İnanmıram fələk bizi qarğıya,
Bədhaxların nəfsi kəsdi bu eşqi.
Məhəl qoyma sinəmdəki ağrıya,
Yetim qalmaq qismətidi bu eşqin.
Nəm gözlərim yollarına yıxılsın,
İntizarın dara çəksin ruhumu.
Bu sevgidən sən-mən adı çıxılsın,
Kiridərəm için-için ahımı...
Ayrılığın mürgü vursun gözümdə,
Qollarıma yiyə dursun sənsizlik.
Mən birtəhər güc taparam özümdə
Təki səni ağrıtmasın mənsizlik...
Get, sevincin qucaqlasın boyunu,
İşıq bitsin yollarında, izində.
Uduzanı mən olum bu "oyunun",
Gedişinə yas tutaram gizlində...