|
|
|
|
Kirman RÜSTƏMLİ
Ömrün payızı
Bir yarpaq düşdümü ömürdən , gündən,
Demək ki, ömrümün payızı gəlmiş.
Mənsə bezməmişəm haraydan, ündən,
Ömrümün sərt qışı, ayazı gəlmiş.
Nədənsə tez gəlib izi payızın,
Ağaclar yarpağın yolur ətəkdən.
Bəlkə məndən küsüb üzü payızın,
Şirəsi qurtarıb axan pətəkdən.
Qəribə sirri var belə dünyanın,
Baharı gül-çiçək, dolu bağ olar.
Qışında dağlarda çılpaq qayanın,
Üstündə yorğanı, üzü ağ olar.
Kəmərtək dolanır başıma payız,
Durnası səmada asılı qala.
Gör necə yaraşır yaşıma payız? -
Sürətlə ötməyə, qısılı qala.
Ömür nədən bitsin, uzatsın Allah,
Həyatın payızı, sanı bilinməz.
Nə qədər acım var, azaltsın Allah,
Payızda köç etsəm, anı bilinməz.
Zəfər
Oba qurdum, ocaq çatıb yurd oldum,
Vətən tikib çatısını bağladım.
Düşmənimə əl çatmayan qurd oldum,
Zəfərimə sevinc qatıb ağladım.
İşıqlandı toran görən gözlərim,
Yeddi ağac aşırımın görürəm,
Göyərdi ki, zəfər ruhlu sözlərim,
Bu gün onun meyvəsini dərirəm.
Qırx dörd günüm şərəf verdi xalqıma,
Vətən bütövləşdi, şəhidlər üstə,
Hər şəhid nəşini basdım bağıma,
Kimisi nəhəngmiş, kimisi bəstə...
Bu, şanlı tarixdir, yazdım adıma,
Qızılla bəzədim hər bir hərfini.
Dar gündə dostlarım çatdı dadıma,
Açdım qaranlığın ilk səhərini.
Otuz il idi ki, Zəfər gözlədik,
Gözləməkdən gözlərimiz kor oldu.
Aman Allah, biz bu günü özlədik,
Şəhid verdik, qələbəmiz zor oldu.
lll
Sevgi elə belə yaranmır, gülüm,
Gələndə gözlərdə ildırım çaxır.
Məhəbbət doğulmur, yaranmır, gülüm,
Günəşdir şəfəqi ürəyə axır.
Nə qədər ülvidir adı sevginin,
Cahanda bəşəri verib dünyaya.
Sonsuz kainatda canlı aləmin,
Doğuşu olubdur bir qətrə maya.
Kim ki dadın bilir saf məhəbbətin,
Xoşbəxtlik ələnər baxışlarından
.
Taleyin verdiyi sevgi şərbətin
İçərsən üzdəki naxışlarından.
Bunlar bəs etdimi, ay gülüm, sənə,
Sevginin tərifin, düsturun yazım?
Mənim qabırğamdan yaranmısan sən,
Gəl, sənə qəlbimdə bir məzar qazım?