|
|
|
|
Ötən həftə sonu separatçıların Qarabağda qondarma "seçki" keçirməsi regionda vəziyyəti daha da gərginləşdirməyə hesablanmış təxribat idi. Bununla onlar "varlıqlarını" nümayiş etdirməyə çalışsalar da, beynəlxalq təşkilatlar, aparıcı dövlətlər bu "seçkiləri" tanımadıqlarını bəyan etdilər. Əslində başqa yanaşma da gözlənilmirdi. Çünki sivil dünya separatizmi tanımır və heç vaxt tanımayacaq. 30 il əvvəl də belə idi, bu gün də belədir. Bütün dünya Qarabağı Azərbaycanın suveren ərazisi olaraq tanıyır.
BMT, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Türk Dövlətləri Parlament Assambleyası və digər təsisatlar, Türkiyə, ABŞ, Böyük Britaniya, Ukrayna, Gürcüstan, Moldova, Rumıniya, Macarıstan, Pakistan, Özbəkistan, Qırğızıstan, Bolqarıstan, Rumıniya, Qazaxıstan, İran və bir sıra digər dövlətlər qondarma "seçkilər"i tanımadıqlarını, Azərbaycanın ərazi bütövlüyünə qəti dəstəklərini ifadə etdilər.
Azərbaycan müharibə bitdikdən sonra Qarabağın erməni sakinlərinin reinteqrasiyası istiqamətində addımlar atıb, öz təkliflərini irəli sürsə də, Qarabağdakı separatçılar buna qarşı çıxdı. Eyni zamanda separatçılar reinteqrasiyada maraqlı olan qruplara da təzyiq göstərməkdədir. Rəsmi Bakının təşəbbbüsü ilə Xocalıda bir görüş keçirildi. Təmasları davam etdirmək qərara alınsa da, Azərbaycanın Bakı və Yevlaxda təklif etdiyi dialoq təşəbbüslərindən imtina olundu. Burada əlbəttə ki, həm Ermənistan hakimiyyətinin, həm onun Fransa kimi havadarlarının, eyni zamanda revanşist qüvvələrin rolu var. Baxmayaraq ki, Ermənistan ordusu İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayıb, revanşistlər, eyni zamanda Qarabağdakı separatçıların qalıqları hələ də qarşıdurmada, növbəti genişmiqyaslı əməliyyatlarda maraqlıdırlar. Bu məqsədlə də hazırda Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərində 10 mindən çox qanunsuz silahlı dəstələr var. 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına görə, onlar Azərbaycan ərazisini tərk etməli idilər, üç ilə yaxın vaxt keçsə də, hələ də bu baş verməyib.
Azərbaycan bütün kommunikasiyaların açılmasını, Xankəndiyə əlavə yollar, istənilən yük daşımalarını təklif etdi, ancaq separatçı xunta rejimi bunların heç biri ilə razılaşmadı.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında mövcud olan qanunsuz rejimin "prezident seçkiləri" keçirməsi qəbuledilməzdir. Bu addım həm Azərbaycanın Konstitusiyasına, həm də beynəlxalq hüquq normalarına tamamilə ziddir.
Deputat bildirib ki, Qarabağdakı qanunsuz rejim işğal dövründə Ermənistan tərəfindən yaradılıb və həmin ölkə tərəfindən maliyyələşdirilir. Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqları işğaldan azad edərək, Qarabağdakı erməni sakinlərin reinteqrasiyası üçün davamlı olaraq çağırışlar edir. Lakin görünən odur ki, Qarabağın dinc əhalisi qanunsuz rejimin girovuna çevrilib. O bildirib ki, Azərbaycan ərazilərində yaradılmış qondarma separatçı rejim 30 ilə yaxın müddətdə davam etmiş təcavüz və etnik təmizləmə siyasətinin nəticəsidir: "Azərbaycanın suveren ərazilərində yaradılmış və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində mövcudluğunu davam etdirməyə çalışan bu rejim tərəfindən atılan addımların heç bir qanuni qüvvəsi yoxdur.
Digər tərəfdən, bu addım Ermənistanın son dövrdə xüsusilə kəskinləşən təxribatçı fəaliyyətinin daha bir elementi olmaqla, bölgədə normallaşma və etnik erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiya edilməsi səylərinə ciddi zərbədir. Qondarma "seçkilər"in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, status-kvonun saxlanılması, işğalçı siyasətinin davam etməsi üçün addımlar atan Ermənistan və onun yaratdığı qondarma rejim sülh prosesində həqiqətən maraqlı deyil və bunun əksinə, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutub. Amma bu yol ilk növbədə rəsmi İrəvanın özü üçün yaxşı olmayacaq. Son illərin təcrübəsi də bunu deməyə əsas verir. Artıq bir çox ölkələr və beynəlxalq təşkilatlar sözügedən qondarma "seçkiləri" pisləyib. Ermənistan Azərbaycanın öz suveren ərazisində yaşayan etnik ermənilərlə təmaslarına mane olur. Bu, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş addımdır. Ermənilər və onların havadarları 44 günlük müharibənin nəticələrini unutmamalıdır. Azərbaycan bundan sonra da beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qarşı törədilən təhdidlərin qarşısını qətiyyətlə alacaq. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır. Əgər bu baş verməsə, dövlətimiz lazımi addımlar atmaq hüququnu özündə saxlayır".
Deputat Aydın Hüseynov isə bildirib ki, qondarma "seçkilər"in keçirilməsi bir daha Ermənistan və onun yaratdığı oyuncaq rejimin sülh prosesində həqiqətən maraqlı olmadığını göstərir: "Ermənistanın sülhə və Azərbaycanın suveren ərazisində yaşayan etnik ermənilərlə dialoqa mane olması və bölgədə müharibə çağırışları Azərbaycan dövlətini antiterror əməliyyatları aparmağa məcbur edir. Baş verəcək hər hansı hadisələrə görə isə məsuliyyəti Ermənistan və onun havadarları daşıyacaq.
A.Hüseynovun sözlərinə görə, dünya birliyi də artıq Ermənistanın bölgədə süni manipulyasiya ilə məşğul olmasını yaxşı anlayır, separatçıların qondarma "prezident seçkiləri"nin heç bir ölkə və beynəlxalq qurum tərəfindən tanınmaması və bir çox ölkələr tərəfindən sərt qarşılanması erməniləri həm məyus etdi, həm də gülünc vəziyyətə saldı. Onlar düşünürdülər ki, separatçıları dəstəkləyən ölkələr olacaq və bu, qondarma rejimin bölgədə siyasi üstünlük əldə etməsinə imkan yaradacaq. Lakin Ermənistanın bu siyasi hiyləgərliyi də iflasa uğradı, onlar özlərini gülünc və çətin duruma saldılar".