|
|
|
|
Kövrək və səmimi bir xatirə
Atam Cəmil Əkbərin sentyabrın 15-də 95 illik yubileyidir. Mənə duyğusal xatirələr yaşadan bu əziz gündə istədim ki, dəyərli alimimiz professor Şəhrəddin Məmmədovun atama vaxtilə ünvanladığı səmimi məktubdakı fikirlərlə xalqımız, ziyalılarımız, “525-ci qəzet”in hörmətli oxucuları da tanış olsunlar.
1976-ci ilin sentyabr-dekabr aylarında 4 aylıq elmi təkmilləşdirmə kursuna ezam olunduqları Özbəkistanda tanış olmuşdular. Bu tanışlıq sonrası Şəhrəddin müəllimin Cəmil Əkbərin ünvanına 23 yanvar 1977-ci ildə yazdığı qiymətli məktubu atamın arxivindən tapdım. Əsl ziyalılığın göstəricisi adlandırıram bu məktubu. Cəmil Əkbərə bir insan, şəxsiyyət alim-şair kimi dürüst baxışı, həssas duyumu, müşahidəsi əsasında yazdığı iki vərəqlik məktubda onun haqda təhlili mülahizələrini uğurla verə bilib müəllif. O dönəmdə Şəhrəddin müəllim Neft Akademiyasının ictimai-siyasi elmlər kafedrasında, Cəmil Əkbər isə Gəncə Kənd Təsərrüfatı İnstitutunda çalışırdı (təəssüf ki, Şəhrəddin müəllimin rəsmini tapa bilmədim).
Ziyalılıq adına yaraşan qiymətli məktubun yayınlanmasını həm də ona görə istədim ki, indi bu fani dünyada nə Şəhrəddin müəllim, nə də Cəmil Əkbər var. Ancaq insan oğlu xatirələrdə, fikirlərdə, məktublarda, ürəklərdə, mənəvi dünyada əbədi yaşayır. Ruhları şad olsun mərhum ziyalılarımızın!
Hörmətlə
İlqar CƏMİLOĞLU-İMAMVERDİYEV
Gaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının professoru, sənətşünaslıq elmləri doktoru
31 avqust 2023
Sizinlə ünsiyyətə girəndən sonra belə qənaətə gələ bildim ki, adamların bir-birini öyrənməsi üçün bir pud duz yemələrinə ehtiyac yoxmuş. Bir ay, hətta bir neçə gündə də müəyyən müsbət və ya mənfi rəyə gəlmək olar. Siz əsasən tez tədqiq olunan adamlardansınız (Adam da var ki, onu hətta 1 il yoldaşlıq şəraitində də özün üçün kəşf edib öyrənə bilməzsən). Mən sizi sizin özünüz vasitəsi ilə öyrəndim, tədqiq etdim və çox yaxın ehtimal ki, səhv etməmişəm. Hər şeydən əvvəl yəqin etdim ki, sizin rübabınız məhz sizin özünüzə məxsusdur. Onun materialını özünüz axtarıb tapmısınız, özünüz düzəltmisiniz və özünüz də çalırsınız (bu baxımdan siz əsil xoşbəxtsiniz). Özgəni təkrardan, düzü, zəhləm gedir. Qoy çalğın hələlik püxtələşməmiş olsun, havaların sayı az olsun, mizrabı bəzən lap kobud vursan da olar. Amma özün vur. Qoy orda qanının hərarəti, öz barmaqlarının ağrısı duyulsun (Bu baxımdan da siz orijinalsınız). Mən Cəmili Cəmil kimi gördüyümə çox şadam (Sizə məlumdur ki, özü kimi görünən, daxili də zahiri kimi olan adam tapmaq problemi, bütün zamanlarda olduğu kimi, bu gün də problem olaraq qalır). Amma mən görəndə ki, siz sinənizdəki yumruq boyda ət parçasına bütün dünyanın kədərini yerləşdirmək və öz qanınızla bütün dünyanı isindirmək istəyirsiniz, onda fikirlərimiz haçalanır. Mən Sizinlə razılaşmıram. Bu əsla mümkün deyil. Sizin və mənim təbliğ etdiyimiz təlim öyrədir ki, insan öz qarşısına ancaq həll edə biləcəyi problemləri qoymalıdır.
Cəmil yaradıcılığı dünya ədəbi yaradıcılığı okeanında kiçik bir damla deyilmi?! Mətləb həmin faydalı zərrəciyi inkişaf etdirməkdən ibarət olmalıdır. İdmançının hünəri yarış meydanında qalib gələndən sonra bilinər. Yuvasında mürgüləyən qartalın hansı ənginliklərə yüksələ biləcəyini qabaqcadan demək çətindir. O, qıy vurub bütün qumrulardan yüksəyə qalxanda deyərsən ki, bax bu, qartaldır. Nə qədər ki, pələngin qulaqbatıran nəriltisi eşidilməyib onun olduğu yeri bilən kimdi ki? Yerin altında gizlənən sərvət də aşkara çıxandan sonra qiymətə minər. Qızıl tapıldımı, o həm mənsub olduğu yerin, torpağın hörmətini qaldırar, həm də adamlara zinət və fayda verər. Təəssüflənirəm ki, mənim Cəmilim hələlik bütün turbinləri işə düşməmiş, tam gücü ilə enerji verə bilməyən işıq mənbəyi kimidir.
Siz yaxşı adamsınız, üzünüzün xoş təsir bağışlayan fizioloji quruluşunda, nüfuzedici gözlərinizdə, bütün hərəkətlərinizdə zərrə qədər də hiylə və məkr əlaməti yoxdur. “Düzlük” və “xeyirxahlıq” sözləri elə bil alnınıza həkk olunub... Bir müdrik insan deyir ki, hindlilər elə bilirlər, insan yaranmamışdan əvvəl ilanlar varmış, dağlarda yaşayanlar elə bilirlər, insan yaranmamışdan əvvəl qartal havada imiş. Məncə, ilanlardan da, qartallardan da əvvəl insan yaranıb. Lakin onların bir qismi pis niyyətdə, adamların həyatını zəhərləmək niyyətində olduqlarından dönüb ilan olublar. Bir qisimi öz xoş niyyətləri, öz gözəl, təmiz havalı dərinliklərini özlərinə məskən ediblər. Mənim mikroaləmimdə siz məhz yaxşı, saf, əsil insansınız.
Mühitin təsiri haqqında sizin fikirlərinizə tamamilə şərikəm. Cəmildə bir qədər tələsmək, hövsələsizlik varsa, orda, şübhəsiz, müəyyən psixoloji amilin, şəraitin təsiri var. Şəhrəddinin səbirli və dözümlü olmasında da müəyyən faktorların rolu olmamış deyil. Amma biz unutmamalıyıq ki, ən böyük, həlli ehtimal olunmayan məsələlər də səbirlə, ustalıqla həll olunar.
Əlində yumşalsa dəmir, bunu bil,
Tədbirlə yumşalar, hiddətlə deyil.
Böyük iş görmək üçün təkcə elm azlıq edər. Bunun üçün helm, ustalıq da tələb olunur (Çilinzardakı qarı nənə elə bir tip idi ki, onu ancaq helm ilə, ustalıqla ram etmək olardı. İnan, həqiqi sözümdür. Mən onu görən kimi xatalı adam olduğunu yəqin etmişdim. Ona görə də dərhal ona yanaşmaq üsulu seçdim. Gördüyün kimi, nəticə də pis olmadı).
Mən istəyirəm, dostum Cəmil daim məşəl kimi yanar olsun. Onun odlu qəlbi Maksim Qorkinin romantik qəhrəmanı Dankonun qəlbi kimi işıq saçsın, adamlara xeyirxah niyyətlə irəliləmək üçün yol göstərsin. Mən istəyirəm, o həmişə əməksevər, xoşniyyət adamlarla ünsiyyətdə olsun. Vaxtı boş keçirib sonradan təssüflənən adamlardan kənar olsun. Mən istəyirəm, Sizin öz cığırınız, öz ləpiriniz olsun. “Şamın yaşamağı yanmağındadır, Əgər o yanmırsa, yaşamır demək”.
Sizin şam kimi yanmağınıza mənim zərrə qədər şübhəm yoxdur. Amma istəyirəm, şüalarınızın əhatə dairəsi daha böyük olsun. Sizdə qələm də, mühakimə də, hünər də var. Onu elin malı etmək lazımdır. Bax bu cəhətdən Sizin üzərinizə böyük vəzifə düşür. Yaşa, yarat əzizim. Qoy beyninin bütün məhsulu elin malına çevrilib fayda versin.
Mən çox şadam ki, elimin gözəl oğlu qardaş eldə - Özbəkistanda bizi yaxşı cəhətdən tanıda bildi. İsminiz bir xatirə qoydu.
Cəmil Əkbərovla birlikdə təhsil də olmaq olar, yol da getmək olar, nəğmə də oxumaq olar, şeir də söyləmək olar.
Bütün ailəyə dərin hörmətim olduğunu bildir. Gözəl, ağıllı musiqiçi bala İlqarı bağrıma basıram. Müzadilin gələcəyinə tamamilə inanıram.
Qatar pəncərəsindən Türkmənistan səhralarında otlayan dəvələrə baxa-baxa şeir söyləmək, gəmi göyərtəsində qağayıları yemləmək nə gözəldir, əzizim. Gəncə torpağında Nizaminin ayağı dəyən yeri öpürəm. Sağ ol.
Professor Şəhrəddin MƏMMƏDOV
23.01.1977