|
|
|
|
Bu gün Azərbaycan regionun lideri olmaqla yanaşı, beynəlxalq aləmdə də nüfuza malik, söz sahibinə çevrilən dövlətdir. Bu, əlbəttə ki, ilk növbədə ölkəmizin həyata keçirdiyi uğurlu, uzaqgörən xarici siyasət xətti ilə bağlıdır. 44 günlük Vətən müharibəsi ilə öz torpaqlarının 30 illik işğalına son qoyan Azərbaycan, regionda yeni reallıqlar yaratmış oldu. Bu gün bütün dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı günü-gündən artmaqdadır. Eyni zamanda Bakının təmsil olunmadığı beynəlxalq və regional təşkilatlar da ölkəmizə xüsusi önəm verir, Prezident İlham Əliyevi fəxri qonaq statusunda öz tədbirlərinə dəvət edirlər. İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə toplantısının plenar iclasına, "Avropa siyasi birliyi" Zirvə toplantısına xüsusi qonaq qismində dəvət olunması Azərbaycanın yüksələn beynəlxalq nüfuzunun və dünyada artan rolunun göstəricisidir. Prezident İlham ƏliyevinTacikistanda keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı da dediyimizi sübut edir. Vurğulamaq lazımdır ki, ilk dəfədir Məşvərət görüşündə regiondankənar ölkənin rəhbəri iştirak edir. Bu, əlbəttə ki, İlham Əliyevin şəxsi nüfuzunun, Azərbaycanın beynəlxalq arenada sülhün və təhlükəsizliyin təmin olunmasına, əməkdaşlığın genişlənməsinə töhfələrinə verilən yüksək qiymətin nümunəsidir.
Tədbir çərçivəsində Prezident İlham Əliyev Tacikistanın dövlət başçısı Emoməli Rəhmonla görüşüb, Məşvərət görüşündə çıxış edib.
Ümumiyyətlə, Azərbaycanın xarici siyasətində Türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Prezident İlham Əliyev Mərkəzi Asiya dövlətləri arasında fəal dialoqla bağlı deyib: "Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil. Amma tarixi və mədəni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağlıdır. ...Zənnimcə, Mərkəzi Asiya və Azərbaycan gələcəkdə, ilk növbədə, sözsüz ki, nəqliyyat, təhlükəsizlik məsələləri baxımından daha çox inteqrasiyalaşmış ola bilər. Çünki Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələləri və ixrac bazarlarına çıxış bu gün bir müddət əvvəl olduğundan daha çox əhəmiyyət kəsb edir. ...Biz Mərkəzi Asiya ilə Azərbaycan arasında regional əməkdaşlığa töhfə vermək üçün əlimizdən gələni edirik. ...Biz Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələri ilə, Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatındayıq, Tacikistanla çox fəal siyasi və iqtisadi dialoqumuz var. Bu, bir növ bu günün reallığıdır. Əlbəttə, bunu daha da fəallaşdırmaq vacibdir. Son iki ildə mənim Mərkəzi Asiyadan olan tərəfdaşlarla qarşılıqlı əlaqələrim və qarşılıqlı səfərlər misli görünməmiş dərəcədə yüksəkdir".
Dövlət başçısının qeyd etdiyi kimi, son bir neçə il ərzində Mərkəzi Asiya ölkələrinə ardıcıl qarşılıqlı səfərlər həyata keçirilib ki, bu da təkcə Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında deyil, bütün türk dünyası üçün əlaqələrin sıxlaşması inteqraqsiyanın dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər təbii ki, ölkələrimiz arasında müxtəlif sahələrdə münasibətlərin gələcək perspektivlərini müəyyən edir. Xatırladaq ki, Prezidenti İlham Əliyev bu il Tacikistanda dövlət səfərində olub. Prezident eyni zamanda Tacikistan lideri Emoməli Rəhmonu Azərbaycana dövlət səfərinə dəvət edib.
Onu da xüsusi vurğulamaq lazımdır ki, 2020-ci ildə Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad edən Azərbaycan bununla Türk dünyası ölkələri arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl imkan yaradıb. 2020-ci il 10 noyabr üçtərəfli bəyanatında Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndin olması və bu müddəanın yerinə yetirilməsi türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq, Şərqdən Qərbə uzanan vahid marşrut xəttini formalaşdıracaq ki, bu da böyük bir coğrafiyada yüklərin rahatlıqla, qısa zaman kəsiyində və daha münasib qiymətə daşınmasına böyük töhfə verəcək.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən, Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Bir sözlə, Azərbaycan bu gün artan tranzit imkanları ilə müxtəlif qitələri birləşdirir.
Mərkəzi Asiya dövlətləri də Azərbaycanla əlaqələrə xüsusi önəm verirlər. Həm Vətən müharibəsində, həm ondan sonrakı dönəmdə bu region dövlətləri Azərbaycanın ədalətli mövqeyini dəstəkləyiblər. Bu günlərdə Azərbaycanın Qarabağ bölgəsində separatçı rejim tərəfindən keçirilmiş "prezident seçkiləri" ilə bağlı Özbəkistan, Qırğızıstan, Qazaxıstan dövlətləri bəyanatlar verərək qondarma "seçkiləri" tanımadıqlarını bildiriblər. İşğaldan azad olunmuş ərazilərimizdəki bərpa-quruculuq işlərinə də Mərkəzi Asiya dövlətləri öz töhfələrini verirlər. Özbəkistanın Füzulidə inşa etdirdiyi və Prezident Şavkat Mirziyoyevin şəxsən iştirakı ilə açılan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb buna bir nümunədir. Eyni zamanda, Qazaxıstan tərəfindən Füzulidə Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi inşa ediləcək.
Ölkəmizin Mərkəzi Asiya ilə əlaqələrində Türk dünyası ilə münasibətlər də xüsusi önəm daşıyır. Prezident İlham Əliyev bəyan edib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Dövlət başçısının bu istiqamətdəki keçirdiyi siyasət onu göstərir ki, Türk dünyası arasında əlaqələrin güclənməsində Bakının mühüm rolu var. Tarixi, mədəni bağlar, o cümlədən, hazırda həyata keçirilən siyasət onu göstərir ki, Azərbaycan-Mərkəzi Asiya əlaqələri yaxın perspektivdə daha da inkişaf edəcək və genişlənəcək.