Şəmsi VƏFADAR
Mən burdayam...
Vaqif Səmədoğluya
Günahlara bələndim,
Mən burdayam, İlahi!
Bəxtimə dərd ələndi,
Mən burdayam, İlahi!
Hər gün əl açıb göyə,
"Ya rəbbim" deyə-deyə,
İçimi yeyə-yeyə
Mən burdayam, İlahi!
Nəyim var ki, qorxam mən,
Gözü-könlü toxam mən.
Kim deyib ki, yoxam mən,
Mən burdayam, İlahi!
Dünyadan qopar məni,
Yanına apar məni,
Kim olsa, tapar məni,
Mən burdayam, İlahi!
Bitməmiş eşq nağılı,
Qolları, gözü bağlı,
Ürəyi, qəlbi dağlı,
Mən burdayam, İlahi!
Sevəndən dərdi-qəmi,
Taleyim batmış gəmi,
Unutmamısan məni?
Mən burdayam, İlahi!
Səni sordum
Rüzgarlara məktub yazıb,
Küləklərdən sordum səni.
Gözü yaşlı, sevgi dolu,
Ürəklərdən sordum səni.
Həsrətindən ölə bilsəm,
Məni eşqə
kölə bilsən -
Sən çiçəksən, axı gülsən,
Çiçəklərdən sordum səni.
Bağrımın başı yaradı,
Bəxtimə düşən qaradı,
Gözlərim gəzdi, aradı
Mələklərdən sordum səni.
Günaha yazma
Qəlbindən dərd boylanır,
Gözündə qəm gizlənib.
Nigaranam gecikmə,
Yollarda çən gizlənib
Qəlbimdəki yaralar,
Uşaq kimi ağlayır.
Sənin dərdin, həsrətin
Ürəyimi dağlayır.
Ürəyimin göz yaşı
Damla-damla süzülər.
Sən olmasan, dünyadan
Əlim çoxdan üzülər.
Tanrı mənə tapşırıb:
- Eşqin yolunda azma.
Bu sevgini, bu eşqi,
Ya Rəbb, günaha yazma.
Məni apar yanına
Həsrətin ayaq səsin,
Eşidirəm hər gecə.
Qəlbimi sənə verdim,
Günlərim getdi heçə.
Ürəyimi göynədir,
Səsindəki göz yaşı.
Qorxuram dəli etsin
Məni eşqin təlaşı...
Ürəyimə yazmışam,
Axı sənin adını.
Mənə sən öyrətdin, sən
Ayrılığın dadını.
Həsrətinlə doludu
Qəlb evim, könül evim.
Gəl incimə, nə olar...
Üstünə səni sevim.
Qəlbimin divarından,
Şəkilini asmışam.
Yaram yaman göynəyir,
Üstünə köz basmışam.
Yoruldum gözləməkdən,
Harda qaldı bu ölüm.
Allah, apar yanına,
Dərdimi sənlə bölüm.