Nübar ELDARQIZI
Bir, doqquz, üç, yeddi...
Qapı-baca bilmir, gedir, qayıdır...
Sanki məhərrəmlik, oruc ayıdır.
İştahı diş altda, dibsiz quyudur -
Çoxdan tanıyıram mən bu taleyi.
Sümük tulladılar, cumdu köpəklər,
Harda yağlısı var, qapdı zirəklər...
Qırmızı cizgini aşdı tək-təklər -
Çoxdan tanıyıram mən bu taleyi!
Onu Seyid Əzim, Sabir yaşadı,
Müşfiq Nargin, Cavid Sibir yaşadı,
Adını gözləyən məzar daşıdı -
Çoxdan tanıyıram mən bu taleyi.
...Sən qədər yazarsan, pozan tapılar!
"Xaindir" - ad qoyan "ozan" tapılar.
Bu cəhənnəm, bu qır, qazan tapılar -
Çoxdan tanıyıram mən bu taleyi!
Bəraət... Nə acı bir güzəşt oldu...
Sonra küçə oldu, prospekt oldu...
Dərsliyə salındı, sual, test oldu -
Çoxdan tanıyıram mən bu taleyi!
Üstü dəyişilib, alt qatı eyni!
Edam olunanı, cəlladı eyni!
Bir, doqquz, üç, yeddi - kod adı eyni,
Çoxdan tanıyıram mən bu taleyi!..
Bax
Bəh-bəh, əcəb gözəl gündü,
Bir çıx balkona, səsə bax.
Çördən-çöpdən yuva qurur -
Quşlardakı həvəsə bax!
Unudursan dərdi, qəmi,
Quruyur gözünün nəmi,
Quşu uçub, dərd eləmir,
Bayram edən qəfəsə bax!
Elə bil dünya toydadı,
Hamının əli göydədi,
Toyda söz demək qaydadı,
Yerə tökülən sözə bax...
Ölüm varmı mənə uyğun?
Qarış-qarış gəzdim bu gün
Başdan-başa yalan ömrü.
Qocalanda gözü görmür
Adamın heç qalan ömrü...
Ümid daim günbatanda!
...Qırmızıya at çapanda,
Günəş kandara çatanda
Atlısını salan ömrüm...
Əllərimdən gəlib keçib,
Yaş almışıq, silib keçib...
Artıq hər şey olub-keçib,
Ödəmişik "plan" omrü...
Nədir yenə bu duyduğum,
Buram-buram hissim, duyğum...
Ölüm varmı mənə uyğun,
Verim bu şah, bu xan ömrü?!