|
|
|
|
Azərbaycan xeyli müddətdir ki, Qarabağdakı erməni sakinlərin təminatı üçün Ağdam-Xankəndi yolunu təklif edib. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ağdam-Xankəndi marşrutu ilə paralel Laçın yolu da açılacaq. Amma Qarabağdakı separatçılar Ermənistan hakimiyyətinin və Fransa kimi pozucu fəaliyyətlə məşğul olan dövlətlərin təsiri ilə bu yolun açılmasına qarşı çıxdılar və yol ətrafında müxtəlif şoular qurmağa, onu siyasiləşdirməyə başladılar. Guya acından ölürlər, blokada şəraitindədirlər və s. Paralel olaraq dünyada erməni şəbəkəsinin dəstəyi ilə Azərbaycan əleyhinə genişmiqyaslı kampaniyalara başladılar. Lakin "aclıq", "blokada" barədə deyilənlərin həqiqətən şou olduğuna dair heç bir şübhə yox idi. Bakı bununla bağlı lazımi dəlilləri maraqlı tərəflərə təqdim etdi. Həmçinin, Bakının Qızıl Aypara Cəmiyyətinin xətti ilə Qarabağın erməni sakinlərinə 40 ton un göndərdi. Onlar bu günə kimi həmin yükü qəbul etməyiblər. Yəni əgər Qarabağda həqiqətən humanitar böhran hökm sürsəydi, onlar bu təchizatdan imtina etməzdilər.
Bakı, əlbəttə ki, öz tələbində tam haqlıdır. Bu tələb beynəlxalq normalara əsaslanır. Dünyanın heç bir yerində belə president mövcud deyil. Ermənistandan yüklər istənilən vaxt Laçın yolundan keçib Azərbaycanın Qarabağ ərazisinə daxil olması ölkə qanunvericiliyinə, o cümlədən, beynəlxalq hüquq normalarına ziddir. Bakı daha əvvəl də bəyan edib ki, Laçın sərhəd-buraxılış məntəqəsində gömrük və sərhəd prosedurları tətbiq ediləcək.
Nəhayət, əldə olunmuş razılıq əsasında, dünən Ağdam-Xankəndi yolu ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizə yükləri çatdırdı. Paralel olaraq Laçın-Xankəndi yolu ilə də BQXK-nın yüklərinin keçidi baş tutub.
Yada salaq ki, bundan əvvəl Rusiya Qızıl Xaç Cəmiyyətinin (QXC) Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməni əsilli sakinlərə göndərdiyi ərzaq və qeyri-ərzaq məhsullarla dolu yük maşını Ağdam-Xankəndi yolu ilə çatdırılma həyata keçirib.
Hər iki yolun eyni anda açılması ilə bağlı hələ bu il sentyabrın 1-də razılıq əldə edilmişdi, amma bu, sentyabrın 18-də reallaşdırıldı. Separatçılar Qərbin, Avropanın bəzi dairələrinin dəstəyi ilə daha artıq dirəniş göstərə bilmədilər və Bakının şərtlərini qəbul etdilər. Yolun açılmasının əhəmiyyəti nədir və gələcəkdə bu istiqamətdə hansı irəliləyiş ola bilər? İlk növbədə qeyd edək ki, bu, bir daha Azərbaycanın hər hansı təzyiq qarşısında geri çəkilmədiyini, öz haqlı mövqeyində qətiyyətlə dayandığını göstərdi. İkincisi, Qarabağın erməni sakinlərinin reinteqrasiyasında addım sayıla bilər. Digər tərəfdən, BQXK-nın yüklərinin də bu marşrut vasitəsilə çatdırılması vacib məqamdır.
Rusiyalı ekspert İqor Korotçenko sosial şəbəkə hesabında bu mövzuya münasibət bildirib. O qeyd edib ki, Ağdam-Xankəndi yolunun açılması Qarabağ ermənilərinin Azərbaycanın siyasi və hüquqi məkanına praktiki reinteqrasiyasının başlanğıcıdır: "Artıq nə "blokada", nə "kütləvi aclıq", nə də "soyqırımı" var - təbliğat cəfəngiyyatı boşa çıxdı. Separatçılar və onların lobbiçiləri Ağdam-Xankəndi yolunun açılmasına nə qədər mane olsalar da, nəticədə bu nəqliyyat arteriyası işə düşdü. Eyni zamanda, Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş sərhəd və gömrük prosedurlarına riayət etməklə Laçın yolu ilə hərəkət açıldı".
Milli Məclisin deputatı Cavid Osmanov hesab edir ki, Ağdam-Xankəndi yolunun açılması Azərbaycan dövlətinin növbəti parlaq qələbəsidir. O bildirib ki, Ermənistan və havadarları, erməni lobbisi, Xankəndidə qalan xunta rejiminin tör-töküntüləri uzun müddətdir ki, siyasi manipulyasiya edərək Ağdam-Xankəndi yolunun açılmasına qarşı təxribatlar törədirdirlər, süni əngəllər yaradırdılar: "Onların "blokada şou"su iflasa uğradı və Azərbaycanın qətiyyətli və siyasi mövqeyi qarşısında onlar növbəti dəfə uğursuzluğa düçar oldular. Artıq Ağdam-Xankəndi yolunun açılması ilə bağlı razılığa gəlindi və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən göndərilən yüklərin Ağdam-Xankəndi yolu ilə Xankəndiyə çatdırılması təmin olundu. Bu, Azərbaycanın növbəti qələbəsidir və bir daha onu göstərdi ki, Azərbaycan müstəqil siyasət yürütməklə hər hansı bir dövlətin Azərbaycanın daxili işinə qarışmaq cəhdi qətiyyətlə alınacaq".
O qeyd edib ki, Azərbaycan bütün addımlarını beynəlxalq qanunların norma və prinsiplərinə uyğun atır və bir daha sübut etdi ki, ölkə ərazisində yalnız Azərbaycan qanunları çərçivəsində fəaliyyət göstərmək mümkündür: "Bu, eyni zamanda Ermənistan və havadarları, erməni lobbisi, Xankəndidə qalan xunta rejminin tör-töküntüləri gördülər ki, Azərbaycana hər hansı bir təzyiq göstərmək mümkün deyil, Azərbaycan dövlətinin dəmir siyasi iradəsi var və bu, bir daha özünü Ağdam-Xankəndi yolunun açılmasında göstərdi. Bundan sonra da hər kəs bilməlidir ki, Azərbaycan ərazilərində yalnız Azərbaycan qanunları işləyəcək".
Qeyd edək ki, Qarabağdakı separatçılar, nəhayət, Azərbaycanın şərtlərinə tabe olub, Laçın yolunun və Ağdam-Xankəndi yolunun eyni vaxtda açılmasına razılaşıblar.
Belə ki, separatçıların liderləri Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisinin və Rusiya sülhməramlılarının komandanlığının BQXK-nın maşınları ilə Laçın yolu və Ağdam-Xankəndi yolu ilə eyni vaxtda ərzaq daşınmasına dair birgə təklifini qəbul etmək qərarına gəliblər.
Əslində, sentyabrın 1-dən bu marşrutların eyni vaxtda açılması ilə bağlı razılaşma var idi. Separatçılar bunu iki həftədən çox ləngitdilər.
Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus yük maşınları Ağdam-Xankəndi yolu ilə paralel, "Laçın" sərhəd-buraxılış məntəqəsindən maneəsiz keçib.