|
|
|
|

Azərbaycan sentyabrın 19-da separatçı xunta rejimin və qanunsuz erməni silahlı birləşmələrin, eləcə də Ermənistan silahlı qüvvələrinin olduğu ərzilərində başlatdığı lokal xarakterli antiterror tədbirlərinin dünən dayandırıldığını rəsmi şəkildə elan etdi. Antiterror tədbirlərinin həyata keçirilməsində əsas məqsəd 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi idi. Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Qarabağın erməni sakinlərinin nümayəndələri Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətində Bakının şərtlərini qəbul etdiklərini bildiriblər. Bundan sonra Azərbaycan antiterror tədbirlərini dayandırmaq barədə qərar verdi. Rəsmi açıqlamada qeyd edilib ki, Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri isə buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Bu, Azərbaycan liderinin və ordumuzun cəmi bir günə təmin etdiyi qələbədir. Azərbaycan Ordusu növbəti dəfə öz yüksək peşəkarlığını, döyüş ruhunu, vətənpərvərliyini nümayiş etdirdi. Separatçıların və ərazimizdəki qanunsuz silahlıların təslim olmaqdan başqa çıxış yolu qalmadı. Fransa kimi havadarları, riyakar qərb siyasətçiləri belə onlara kömək edə bilmədi. Çünki Bakı öz qətiyyətli və tam haqlı mövqeyini ortaya qoymuşdu. Geriyə addım atılmayacağı hər kəsə məlum idi. Əslində, Bakının təkliflərini qəbul etsəydilər, dinc yolla məsələ həllini tapacaqdı. Belə ki, Azərbaycan 44 günlük müharibədən sonra dəfələrlə Qarabağdakı xunta rejimini təslim olmağa, silahlıların ərazimizdən çıxmasını tələb etmiş, erməni icması üzvlərini Bakı ilə dialoqa dəvət etmişdi. Amma həm Ermənistan hakimiyyətinin, eləcə də Fransa kimi pozucu fəaliyyətlə məşğul olub, Qafqazda gərginliyin qalmasında maraqlı olan dövlətlərin, dünyadakı erməni şəbəkəsinin təsiri ilə Qarabağ erməniləri bundan imtina etdilər. Bu ilin avqustunda Yevlaxda görüşə razılıq versələr də, son anda gəlmədilər. Əvəzində həmin qüvvələrin təhriki ilə hərbi və siyasi təxribatları genişləndirdilər. Gah "blokada", gah "aclıq" kimi oyunlara başladılar. Mövzunu BMT Təhlükəsizlik Şurasına kimi çıxardılar. Amma aylarla davam edən təxribatları ilə heç nəyə nail ola bilmədilər. Çünki oyun artıq bitmişdi, hər hansı bəhanəyə, vaxt uzatmağa yer qalmamışdır. Bakı bütün tələblərində tam haqlı idi və elə haqlı olaraq bəyan etdi ki, öz ərazisində "boz zona"nın olmasını qəbul etməyəcək. Ermənistan Qarabağ ermənilərinin reinteqrasiyası məsələsində "beynəlxalq mexanizm" ifadəsini gündəmə gətirməyə çalışmaqla, vəziyyəti daha da gərginləşdirməyə, Azərbaycanın daxili işi olan bu məsələni beynəlxalq müstəviyə çıxartmağa çalışırdı. Amma Bakı buna imkan vermədi. Azərbaycan Prezidenti dəfələrlə bəyan etdi ki, Qarabağ bizim daxili işimizdir. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar. Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır.
Bakı növbəti dəfə öz prinsiallığını nümayiş etdirdi, istədiyinə nail oldu. Azərbaycan artıq bütün ərazisinə tam nəzarət edəcək, "boz zona" aradan qaldırılır. Onu da xüsusi vurğulamaq lazımdır ki, həm İkinci Qarabağ müharibəsində, həm antiterror tədbirləri zamanı mülki şəxslər hədəfə alınmadı. Bəzi Qərb siyasətçilərinin, sosial şəbəkələrin erməni seqmentlərinin guya mülki şəxslərin "hədəfə götürülməsinə" dair iddiaları öz təsdiqini tapmadı. Bunlar yalnız şər-böhtandır. Azərbaycan Silahlı Qüvvələri yalnız hərbi obyektləri hədəfə götürür. Antiterror tədbirləri davam etdiyi müddətə həm media, həm rabitə vasitəsi, həm də Müdafiə Nazirliyi tərəfindən Qarabağdakı erməni əhali məlumatlandırıldı və xəbərdarlıqlar edildi. Azərbaycan heç bir halda mülki əhaliyə xələl gətirilməsini istəmir və bunun üçün SQ öz üzərinə düşən vəzifələri yerinə yetirirlər. Ancaq mülki əhalinin "təəssübünü" çəkən Qərb siyasətçiləri 2020-ci ildə Ermənistan SQ tərəfindən mülki əhalinin hədəfə götürülməsi, Gəncə, Bərdə və Tərtərin vəhşicəsinə atəşə tutulması, yüzlərlə mülki şəxsin qətlinə nə o vaxt, nə də sonra münasibət bildirdilər. Bu da ikili yanaşma və riyakarlıq nümunəsidir. Azərbaycanı fərqli edən də məhz budur. Digər ölkələrdən fərqli olaraq bütün məsələlərini özü, heç bir kənar dəstək olmadan həll etməklə Bakı dünyada nüfuzunu daha da artırıb. 44 günlük müharibə ilə ərazilərini işğaldan azad edən Azərbaycan, BMT TŞ-nın qətnamələrini özü icra etdi, ərazilərində separatizmə son qoydu. Bu, dövlətimizin gücünü, onun liderinin sarsılmaz iradəsini, qətiyyətini, müstəqil siyasət apardığını nümayiş etdirir.
Separatçıların təslim olmasından sonra, bu gün, sentyabrın 21-də Yevlax rayonunda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə reinteqrasiya məsələlərini müzakirə etmək üçün görüş olacaq. Bu barədə Azərbaycan Prezident Administrasiyası məlumat yayıb. Bakının bəyan etdiyi kimi, ermənilərin təhlükəsizliyi digər etnik azlıqların təhlükəsizliyi kimi Azərbaycan Konstitusiyası və qanunverciliyi ilə təmin ediləcək. Görünən odur ki, Bakının bütün təşəbbüsləri məhz sülhə, rifaha, barışa yönəlib. Azərbaycan güclü olduğu qədər də, sülhsevər ölkədir. Və Bakının bütün təşəbbüsləri məhz sülhə, rifaha yönəlib. Odur ki, Ermənistan hakimiyyəti də Qarabağ erməniləri üzərində təsir rıçaqlarından, təxribatlar hazırlamaqdan əl çəkib, Bakının sülh təşəbbüslərinə mane olmamalıdır. Çünki nəticəsi özü üçün ağır olacaq.



