Zaur BAYRAMOĞLU
Evimizin arxasından keçən əllilik qaz borusunun yanında Kəmalə xalamın kətil oturacağı və ərik kötüyündən düzəltdirdiyi stulda əyləşib əsgərlik yoldaşım İsmayılla telefonda söhbət edirdim. Ermənilərin Kəlbəcər istiqamətində yenə atəşkəsi pozduqları xəbərini bir az müzakirə etdikdən sonra ona iyirmi altı il öncə başıma gələn bir əhvalatı danışdım:
- İsmayıl, 97-ci ildə uşaq filarmoniyasının yaxınlığındakı yaşayış binasının inşaatında işə düzəldim. O vaxt universitetdə təhsil aldığımdan gündüzlər ikinci növbədə fəhlə işləyir, gecələr isə həmin inşaatda gözətçilik edirdim. İki iş müqabilində aldığım əmək haqqı qəpik-quruş olsa da, mənə sərf edirdi. Çünki cəmi-cümlətanı iki-üç torba əşyamla birlikdə gözətçi otağında yaşadığımdan kirayə evə pul ödəməkdən də canım qurtarmışdı.
Onmərtəbəli bina kimi layihələndirilən tikintinin qaba inşaatı ilə bərabər, sahibkarın pulu da bitdiyindən təmir işləri dayanmışdı. O boyda inşaatda mən, mühəndis və iki-üç fəhlədən başqa kimsə qalmamışdı. Onları da binadan çox, yan tərəfdə tikilən çörəkbişirmə sexinin inşaatı maraqlandırırdı. Günlərin bir günü səhər yuxudan qalxdım, əl-üzümü yuyub geyindim, hazırlaşıb çıxmaq istəyirdim ki, mühəndis məni çağırdı:
- Kitab-dəftərini qoy, gəl kranın yanına, qarmaqları tora ilişdirib gedərsən.
Sakitcə əlimdəkiləri masanın üstünə qoyub onun ardınca binanın ətrafına dolanıb kranın yanına gəldim. Burada o, relslərin üzərində hərəkət edən elektrik kranının kabinəsinə minib mühərriki işə saldı, mən də kranın oxu aşağı əyildiyində əsas qarmaqdan asılı duran trosun ucundakı qarmaqları bir neçə gün öncə qaynaqçı tərəfindən toxunmuş metal tora keçirmək üçün hazırlaşdım.
- Nə toruydu ki?
- Lift boşluğunun zəmininə qoyub üstünə beton tökəcəkdilər.
- Hə, qardaş, nə isə kranın oxu xeyli aşağı endiyində qarmaqlardan tutub tora tərəf çəkmək istədim. Amma toxunmağımla məni tok vurmağı bir oldu. İnanırsan, İsmayıl, elə bildim ki, cərəyan bütün bədənimdən keçib gözlərimdən çölə püskürdü. Necə bağırdımsa, mühəndis kranın mühərrikini söndürdü. Təsəvvür elə, qollarım quruyub ağaca dönüb, dirsəkdən aşağı qismini heç yerli-dibli hiss eləmirəm. Qollarımı qaldırmaq istəyirəm qalxmır, qatlamaq istəyirəm, qatlanmır, qanım bədənimdə donduğundan az qalır ürəyim partlasın. Kömək istəmək üçün güc-bəla ilə hələ də kranın kabinetində əyləşən mühəndisə tərəf döndüyümdə nə görsəm yaxşıdır? Oturduğu yerdəcə mənə baxıb pis-pis gülür...
- Səni Allah qurtarıb e, qardaş.
- Hirsim, hikkəm bir az da onun laqeydliyindən artdı, bağırıb söymək, ürəyimi boşaltmaq istəsəm də, qəzəbimi qıcadığım dişlərimin arasında boğub dayandım... Hə, bir dəfə də ekskavatorun lapası əyilmişdi. Sürücü bir neçə dəfə gupbanla vursa da, düzəldə bilmədi. Yaşlı fəhlələrdən biri məsləhət gördü ki, qaynaqçını gözləsin, o gələndə lapanı qaynaqla qızdırar, sonra döyüb düzəldərlər. Ekskavatorun sürücüsü etiraz etdi:
- Mən qaynaqçını haradan tapım? Bu gün işimi bitirməliyəm, sabah başqa yerdə sifarişim var.
Yaşlı fəhlə:
- Onda qaynaqdan başı çıxan bir nəfər tap, sənə kömək etsin, - deyə yol göstərdi.
Mən də neçə vaxtdı qaynaq etməyi öyrənmək istəyirdim, "elə yaxşı fürsət düşüb", - deyə düşündüm və "mən kömək edərəm", - deyə irəli atıldım.
Yaşlı fəhlə:
- Ay bala, sənlik deyil, - deyib etiraz etsə də, ekskavatorun sürücüsü, - elə bir iş görməyəcək ki, sadəcə lapanı əyildiyi yerdən qızdıracaq, mən də gupbanla vurub düzəldəcəyəm, - deyə mənə tərəfkeş çıxdı. Sevincək gedib zirzəmidən qaynaq aparatı ilə bir qutu elektrod götürüb gəldim. Aparatı işə salaraq qaynaqçı dəbilqəsini başıma keçirdib başladım işə.... bir neçə dəqiqəyə qutudakı yüz elektrodun hamısını lapanın əyilən tərəfində əridib o qalınlıqdakı dəmiri qıpqırmızı qızartdım. Mən geri çəkilən kimi ekskavatorun sürücüsü əlindəki doqquz kiloluq iri gupbanla lapanı döyüb düzəltdi...
- Gecə "Kaspar"ın şüşəli bazarın yaxınlığındakı yataqxanasına gəldim. Şıxmahmuddan olan tələbə yoldaşım Tural da gəldi. Bir çay içib bir az söhbət etdikdən sonra yatdıq. Demək, İsmayıl, gecə yuxuda görürəm ki, üst-üstə üç-dörd ədəd günəş gözlüyü geyinmişəm, gözlərimdən də bulaq kimi su qaynayıb axır... Yuxudan oyananda gördüm gözlərim elə göynəyir ki, elə bil qapaqlarını qaldırıb altına duz doldurmusan. İnanırsan, hər iki gözümdən də şırhaşır su tökülür. Gördüm ki, heç nə görə bilmirəm. Göz qapaqlarımı əlimlə qaldırdım ki, bəlkə, nəsə görəm, xeyri olmadı. Gündüzkü qaynaq etməyimi də unutduğumdan öz-özümə düşünürəm ki, bəs mənə nə oldu? Uzun sözün qısası, Turalı çağırıb oyatdım. Dedim: "Qardaş, get mənə su tap gətir, üzümü yuyum". O da bir az dolanıb gəldi ki, bəs nə əl-üz yuyana, nə də hamama su gəlir. Dedim: "Onda get küçədə bir yerdən su al gətir". Nə isə bu getdi, beş-on dəqiqə keçdikdən sonra gəldi. Dedim: "Qardaş, su tapdınmı?" Dedi ki, hə, gətirmişəm. Elə oturduğum yerdəcə ovcumu açdım ki, əlimə tök, üzümə vurum. İndi oğlan suyu ovcuma tökdükcə baxıram ki, barmaqlarımın arasından şirəli bir maye axıb gedir döşəməyə. Öz-özümə düşünürəm ki, bu su niyə belədi? Nə isə, ovuc dolusu suyu üzümə vurduğumda nə görsəm, yaxşıdır?
İsmayıl maraqla soruşdu:
- Nə oldu ki?
- Nə var, nə olsun? Bütün sir-sifətim şirə oldu. Deyirəm: "Ay Tural, bu nədi? Belə də su olar?" Nə desə, yaxşıdır?
- Həqiqətən, nə gətirmişdi ki?
- Demək, gedib su tapmayıb, hardansa bir şüşə fanta tapıb gətirib...
Üzümü yuya bilmədim, çar-naçar oturub səhərin açılmasını gözlədim. Səhər saat altı radələrində yataqxananın əl-üz yuyanına su vuruldu. Tural qoluma girdi, gedib yuyundum. Az sonra yavaş-yavaş gözlərim açılmağa başladı.
- Bəs həkimə getmədin?
- Yox, həftə sonu olduğundan poliklinikaya gedə bilmədim, ertəsi günə də bir şeyim qalmadığından harasa gedib yoxlanmadım... Bu hadisənin üstündən illər keçdikdən sonra Yaşmada işləyirdim. 2001-ci ilin yanvarında dispanzeriya üçün Müdafiə Nazirliyinin mərkəzi poliklinikasına getmişdik. Terapevtdən aldığımız blank əsasında qan analizindən "EKQ"yə qədər müxtəlif şöbələrdə müayinə olunur, nəticələrini blanka qeyd etdirirdik. Sonda gəlib çıxdım oftalmologiya şöbəsinə. Bura hər üç ayda bir gəldiyimizdən, demək olar ki, bütün həkimləri, tibb bacılarını tanıyırdıq. Oftolmologiya kabinetinin qapısını döydüm, içəri daxil olanda göz həkiminin yerində olmadığını görüb otaqdakı tanımadığım xanımdan həkimin harada olduğunu soruşdum. Qırx-qırx beş yaşlarındakı ağbəniz, gözəl əndamlı xanım həkimin getdiyini, artıq xəstələri onun qəbul edəcəyini bildirdi. Açıq-krem rəngli köynək və tünd-krem rəngli uzun ətək geyinmiş bu xanıma doğru yaxınlaşıb blankı uzatdım, müayinə olunmaq istədiyimi dedim. Xanım ayağa qalxaraq məni müayinə masasına oturtdu. Öncə qarşı tərəfdəki lövhədə yazılmış müxtəlif ölçülü hərfləri, rəqəmləri oxumağımı istədi. Sonra yaxınlaşıb qarşımda əyləşərək gözlərimi keratometr cihazı ilə müayinə etdi və başını bulayaraq:
- Sizin gözlərinizdə dörd il əvvəl xəstəlik başlayıb, 7-8 aya görmə qabiliyyətini itirəcəksiniz, - dedi. Çaşıb qalmışdım, nə deyəcəyimi bilmədiyimdən üzünə key-key baxıb gülümsədim... Həkim davam edirdi:
- Tərxis olunmaq istəyirsənsə, sənə kömək edə bilərəm, çıxıb gedərsən evinə-eşiyinə.
Ancaq mən düşünmədən onun bu təklifini geri çevirdim....
- Niyə? Bəlkə, o vaxt həkimin sözünə qulaq assaydın, sonu daha fərqli olacaqdı.
İsmayılın telefonun digər ucunda qaşlarını çatıb başını buladığını hiss etdim.
- Yox, ay İsmayıl, bilirsənmi, bu, mənə ilk təklif deyildi.
- Əvvəl də belə təklif olmuşdu ki?
- Qulaq as da, deyirəm. Hələ kursant vaxtı, ilk müayinəyə getdiyimizdə flüoqrafiya kabinetində rentgen çəkdirdik. Döş qəfəsinin şəkillərinə baxan həkim hərbi hissənin həkimi ilə məni birlikdə yanına çağıraraq döş fəqərəmdə xərçəng olduğunu və bu hərbi hissəyə yaramadığımı bildirərək tərxis olunmaq istəyib-istəmədiyimi soruşdu. Lakin mən qəti etiraz edərək nə hərbi hissədən, nə də ordudan tərxis olunmaq istədiyimi bildirdim, kağıza sağlam yazması üçün az qala yalvardım...
- Döş qəfəsində nə var idi ki?
- Fəqərələrin arasında balaca şiş var idi.
- Müalicə etdirdin, yoxsa öz-özünə çəkilib getdi?
- Yox, müalicə etdirmədim, heç çəkilməyib də. Ayda bir dəfə sıxıram ağır qoxulu çirk gəlir... Nə isə, İsi, kursu bitirib xidmət etməyə başladıq. Növbəti dispanzerizasiyada nevropatologiya şöbəsində kişi həkimi var idi. O mənə fransız legionu barədə danışdı. Siqaret çəkib-çəkmədiyimi soruşub, əgər ora getmək istəyərəmsə, yardım edə biləcəyini bildirdi. Amma siqareti tərgitməli olacağımı dedi... Üçüncü də bu qadın... Bir də İsmayıl, təəccüblüdür ki, o qadın həkimi nə məndən öncə, nə də məndən sonra heç kim o poliklinikada görməyib, hətta oranın işçiləri belə...
Susdum, İsmayıl da dəstəyin o biri tərəfində susur, nəfəs aldıqca burnundan çıxan hava fit səsinə bənzəyirdi....
Bayaqdan yanıb qurtarmış siqaretin kötüyünü barmaqlarımın arasında əzişdirib yerə atdım. Dərindən bir ah çəkib davam etdim; - Poliklinikadan gələndə göz həkiminin yazdığı dərmanları alıb bir müddət istifadə etsəm də, müalicəni yarımçıq saxladım....
Üçüncü xəbərdarlıqdan yeddi ay sonra - iyul ayının 26-da komandirin verdiyi tapşırığı yerinə yetirərkən uğradığım mina partlayışı bu məsələnin son nöqtəsini qoymuş oldu...
İsmayıl nəsə demək üçün ağzını açdı, amma deməyə söz tapmadığından susdu, mən də susurdum... Handan-hana:
- Qardaş sən bunu yaz, - deyə rica etdi.
Bir az düşünüb:
- Baxarıq da, İsi, - deyə cavab verdim....