
44 günlük Vətən müharibəsi ilə işğaldakı torpaqlarını azad edən Azərbaycan təxminən 24 saat davam edən lokal antiterror tədbirlərindən sonra Qarabağda öz suverenliyini bərpa etdi. Bu, Azərbaycanın həm hərbi, həm diplomatik müstəvidə növbəti mühüm qələbəsidir. İkinci Qarabağ müharibəsindən keçən üç ilə yaxın müddət ərzində Bakı həm İrəvanla sülh müqaviləsinin imzalanması, həm də Qarabağ ermənilərinin reinteqrasiyası üçün öz təşəbbüslərini, təkliflərini irəli sürdü. Təəssüf ki, ötən müddət ərzində Azərbaycanın bu təşəbbüslərinə adekvat reaksiyalar olmadı. Azərbaycan ərazisində ikinci erməni dövləti yaratmaq istəyənlər, Qarabağda separatizmə dəstək verən bəzi xarici güclər düşünürdülər ki, bölgəyə hesablanmış mənfur planlarını gerçəkləşdirə biləcəklər. Ermənistan hakimiyyəti və onun Fransa kimi havadarları bölgədə yeni müharibə şəraiti yaratmaq üçün ardıcıl siyasi və hərbi təxribatlara əl atdılar. Bakıya təzyiqlər göstərməklə nələrəsə nail olacaqlarına ümid edirdilər. Azərbaycan son üç ildə öz addımları ilə sübut etdi ki, ərazi bütövlüyü və suverenliyinə qəsdə heç cür imkan verməyəcək və onunla təhdid, güc dili ilə danışmaq mümkün deyil. Azərbaycan dövləti öz ərazisində separatçı xunta rejiminin, başqa dövlətin - Ermənistanın silahlı birləşmələrinin, eyni zamanda qanunsuz silahlı dəstələrin olmasına uzun müddət dözməyəcəkdi.
Antiterror tədbirləri zamanı rus sülhməramlıları da peşəkarlıq nümayiş etdirdilər və əhalinin təhlükəsizliyinin təmini ilə məşğul oldular. Eyni zamanda, Azərbaycan tərəfi də sülhməramlıların öz funksiyalarını yerinə yetirmələri üçün tam şərait yaratdı.
Antiterror tədbirləri zamanı Azərbaycan Prezidentinin birbaşa tapşırığı ilə ordu bölmələrimiz heç bir halda mülki obyektləri və mülki əhalini hədəf götürmədi, yaşayış məntəqələrinə daxil olmadı. Yalnız hərbi hədəflər vuruldu.
Prezidentdən sitat: "Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Biz həm yüksək dəqiqliyə malik olan silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Ordumuzun peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratdı".
Çox nadir nümunədir ki, bu miqyasda tədbirlər zamanı mülki əhali demək olar ki, zərər görmədi. Hətta BMT əməliyyatlarında belə mülkilər arasında itki olur. Azərbaycan bu məsələdə də dünyaya nümunə göstərdi. Və bir daha sülhpərvər, humanist dövlət olduğunu nümayiş etdirdi. Azərbaycanın sülh gündəliyi də məhz bunları ehtiva edir. Qarabağın erməni sakinlərinin reinteqrasiyası, regionun inkişafı, ümumilikdə Cənubi Qafqazda sülh və əmin-amanlığın, təhlükəsizliyin, rifahın təmin olunması. Dövlət başçısı müraciətində bir daha vurğuladı ki, Qarabağdakı erməni əhalisi bizim vətəndaşlarımızdır. Dövlət başçısı qeyd edib ki, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası "rəhbərləri" o insanları (Qarabağın erməni əhalisini - red.) girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir: "Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur".
Azərbaycanın mərkəzi hakimiyyəti Qarabağın erməni sakinlərinin nümayəndələri ilə dialoq aparmaq üçün dəfələrlə təkliflə çıxış edib. Xocalıda bu ilin fevralında Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında müzakirələr aparılsa da, növbəti dialoq təkliflərindən Qarabağdakı separatçı xunta rejiminin və Ermənistan hakimiyyətinin təzyiqi altında imtina edilib. Dünən isə Yevlaxda növbəti dialoq baş tutdu. Bu, reinteqrasiya üçün mühüm addımdır. Azərbaycan dövləti özünün Qarabağ ərazisindəki erməni sakinləri ilə heç bir vasitəçi olmadan görüş keçirməklə bunun daxili işi olduğunu bir daha bu prosesə soxulmaq istəyən bəzi kənar qüvvələrə nümayiş etdirdi.
Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil ediblər. Qarabağın erməni sakinlərini isə Sergey Martirosyan və David Melkumyan təmsil ediblər. Rusiya sülhməramlı kontingentinin nümayəndəsi görüşə iştirakçı kimi qatılıb.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, Prezidentin Azərbaycan xalqına müraciəti özlüyündə həm də bölgənin gələcəyinin ifadə olunduğu yol xəritəsidir. Onun sözlərinə görə, Azərbaycan lideri yeni reallığın yaradıcısı kimi bu bölgəni necə görmək istəyir və bölgədə birgəyaşayışı hansı formada təsəvvür edir, bununla bağlı kifayət qədər aydın məqamları ortaya qoydu: "İlk növbədə Azərbaycan rəhbərinin simasında biz rəsmi Bakı tərəfindən Qarabağda yaşayan erməni əsilli insanlara ali səviyyədə siyasi təminat verildiyinin şahidi olduq. Həmçinin möhtərəm Prezidentin özünün də ifadə etdiyi kimi, Azərbaycan qanunvericiliyinin, Azərbaycan Konstitusiyasının digər vətəndaşlara münasibətdə müəyyən etdiyi bütün hüquqi təminatlar, o cümlədən, Azərbaycanın ayrılmaz parçası olan Qarabağa da, təbii ki, şamil edilir və erməni əsilli sakinlər əminliklə bu ölkənin tam hüquqlu vətəndaşı kimi bütün sosial-iqtisadi, həmçinin hüquqi təminatlardan istifadə edə bilərlər. Bundan başqa, möhtərəm Prezidentin çox vacib istiqamətlərdən biri kimi diqqətə çatdırdığı məqam bölgəyə yad ünsürlərin müdaxiləsi və bu müdaxilənin birgəyaşayış, bölgədə davamlı, dayanıqlı sülh və sabitlik üçün təhdid olması ilə bağlı idi. Azərbaycanın niyyəti çox aydındır. Azərbaycan bölgə dövlətləri ilə sağlam, sülh və əmin-amanlıq şəraitində yaşamaq, tərəqqiyə, inkişafa nail olmaq niyyətindədir. Azərbaycan işğaldan azad etdiyi Qarabağ və Şərqi Zəngəzurda son 3 il ərzində həyata keçirdiyi tədbirlərlə inkişaf və tərəqqidə özü bir nümunə yaradıb. Ermənilər də əmin olmalıdır ki, onlar üçün ən doğru seçim məhz Azərbaycan Respublikasının üçrəngli bayrağı altında, Azərbaycan qanunvericiliyi çərçivəsində yaşamaq, Azərbaycanın, bütövlükdə regionun inkişafına, tərəqqisinə töhfə verməkdir. Heç şübhəsiz ki, güclü ölkənin vətəndaşı kimi, qalib ölkənin nümayəndəsi kimi onlar da bu inkişafdan, bu tərəqqidən faydalanacaqlar".



