|
|
|
|

Aysel haqqında birinci dəfədir yazıram. Ayselin şəkil çəkməyi sevən balaca qızdan fəal oxucuya, sonra isə istedadlı yazara, rəssama dönüşməsini illərlə müşahidə edən biri kimi onun bugünkü uğurlarının təsadüfi olmadığını deyə bilərəm.
“Mənəm, Yusif” hekayəsi ilə imzasını tanıtmış Aysel Şıxlınn ilk romanı - “Qanadsız Mələk” gənclər tərəfindən böyük maraqla qarşılandı. Əvvəla ona görə ki, müasir Azərbaycan gəncləri bu əsərdə özünü gördü. Səhvləri və düzləri ilə, necə varsa elə. Həmçinin kitabın nəfis tərtibatı, müəllifin özü tərəfindən işlənmiş üz qabığı, axıcı dili və orijinal üslubu diqqəti cəlb edirdi. Bu səbəblərdən qısa müddətdə kitabın tirajı bitdi və təkrar nəşr olundu.
23.09.23 tarixində "Libraff" kitab evində romanın ikinci nəşrinin təqdimatı və müzakirəsi oldu. “Yazmağa davam edirəm. Fərqli janrlarda özümü sınayıram. Daha uğurlu işlərim var və olacaq”, - Aysel Şıxlı dedi.
“Mən sənə uğurlar arzulayıram, Aysel. Arzu edirəm ki, “Şıxlı” imzasını uğurla davam etdirəsən. İri həcmli əsər yazmaq həm bacarıq, həm də cəsarət tələb edir. Sən çox cəsarətli qızsan!” Elçin Şıxlı.
“Əsəri oxuyuruq və özümüzü görürük. Sanki güzgüyə baxırıq. Oxuyanda mənə o qədər doğma gəldin ki... Uğurların daimi, yolun açıq və aydın olsun!” Vüsalə Babayeva.
“Sən bizim fəxrimizsən, Aysel. “Mənəm, Yusif” hekayəsini oxuyanda bildim ki, sən gözəl yazıçısan” Səbinə Yusif.
Qeyd edim ki, gənc yazarın ikinci kitabı: “Arzuların səyahəti” artıq nəşr olunub və tezliklə təqdim olunacaq. “Kitabın illüstrasiyalarını özüm çəkəndə fikirlərimi oxucuya daha yaxşı ötürürəm”, - deyən Aysel bu kitabın bütün illüstrasiyalarını özü işləyib. Müasir rəssamların işlərini, kitab illüstrasiyalarının inkişaf trendini izləyən müəllifin çəkdiyi illüstrasiyalar da fərqlidir.


Reyhan Yusifqızı



