|
|
|
|

1975-ci ilin oktyabrında Azərbaycanda sovet ədəbiyyatı ongünlüyü tədbirləri keçirilirdi; burada Sovet İttifaqından olan müxtəlif millətlərin və xalqların şair və yazıçıları, incəsənət xadimləri iştirak edir, ənənəvi olaraq müxtəlif şəhər və rayonlarda oxucularla görüşlər keçirirdilər. Bu tədbirlərdə atam - kalmıkiyalı şair Mixail Xoninov da iştirak etmişdi. Azərbaycandakı görüşlərdən aldığı təəssüratlar kalmık şairinin qeydlərində öz əksini tapmışdı; bu qeydlərdə o, Xəzər dənizindəki üzən neft buruqlarını dəvənin əyilmiş iki belinə bənzədirdi. Aşağıda təqdim etdiyim şeir rus dilində yazılıb, səfər təəssürat və qeydlərindən yaranıb, çox illər ötsə belə, indi də maraq doğurur.
Bakıda olarkən qonaqlar Neft Daşlarına səyahət etmişdilər. Mixail Matusovski dünyanın bu səkkizinci möcüzəsini "Neft Venetsiyası" adlandırmışdı, insan əməyinin möcüzəli nəticəsi kimi qiymətləndirmişdi. Mixail Xoninovun insanlar arasında dostluq və qardaşlıq münasibətləri haqqında düşüncələri onun qeyd dəftərçəsindəki yazıların əsas mövzusuydu. "Biz dostluğu qırmızı sözlərlə yox, kollektiv əməklə qurmuşuq" yazırdı şair. "Dostluq bir nəğmədir - himn kimi doğulub. Dostluq - insan ağlıdır!"

M. Xoninov Bakıda çıxan “Vışka” qəzetini oxuyur. 1975-ci il.
Ədəbiyyat və incəsənət ongünlüyü tədbirlərinin iştirakçısı olan Mixail Xoninov müharibə veteranıydı, onun müharibəyə həsr etdiyi və Sovet İttifaqında yaşayan xalqların qəhrəmanlığından bəhs edən romanında müharibədə qəhrəmancasına həlak olan azərbaycanlı Məmmədovun da adı vardı. Bütün bunlar bizim xalqlarımız arasındakı əbədi dostluğu əks etdirirdi. Atam romanında kalmık atalar misalından istifadə edərək yazmışdı: "Vaxtında deyilən söz insanı ölümdən qurtara bilər". Mən də belə deyirəm: "Vaxtında deyilən söz dünyanı xilas edə bilər".
Aşağıda atamın uşaqlara həsr etdiyi bir şeirini təqdim edirəm. Şeirin sətri tərcüməsi Azərbaycan yazıçısı, dostum Kamran Nəzirliyə məxsusdur.
Rimma Xoninova,
Filologiya elmləri doktoru, Kalmıkiya Elmlər Akademiyasının folklor və ədəbiyyat şöbəsinin müdiri, Rusiya Yazıçılar İttifaqının üzvü
Mixail Xoninov
Rusiyanın Xalq şairi,
Kalmıkiya
Balaca uşaqları sevirəm
Əsgər idim,
Mən hər şeyi
gördüm bu dünyada,
Qorxu-filan bilmədim,
Cəbhə yollarında da
bütün fəlakətləri,
Külə dönmüş yerləri
görüb gəldim bu çağa...
Qoy uşaqlar sevinsin...
Ah, mən gör necə
Uşaqları sevirəm!
Əsgər idim.
Bu qaçaqaç əsrdə,
Ya qələbə var idi,
Ya da xırda bir uğur.
Uşaqlar da gördüm ki,
gülüşləri donmuşdu.
Ah, elə o vaxtdan
mən yamanca sevmişəm
Uşaq gülüşlərini!
Əsgər idim,
küləklər və tufanlar
nəğmə oxuyurdular bizə.
Torpaq səngər gəlmişdi
cəbhədə evimizə.
Lakin orda mən
eşidə bilmədim ki
uşaq nəğmələrindən...
Ah, uşaqlar oxurkən
Necə sevinirəm mən!
Əsgər idim,
o illər yada düşür.
Gah özüm düşməni
mühasirəyə aldım,
Gah da mühasirəyə
özüm-özümü saldım.
Cəbhədə gördüm
Uşaq ölümlərini...
Ah, mən indi
Necə də sevirəm
uşaqların üzünü!
Əsgər idim,
onda mən cavan idim.
Özümüzü atırdıq,
oda-suya cumurduq;
Soyuqda, şaxtada, qarda
Ac-susuz uşaqları
Belimizdə
daşıyıb aparırdıq...
Ah, indi necə
fərəhlənirəm mən
uşaq yemək yeyəndə!
Əsgər idim,
Düşmənin "pələng"ləri
çay qırağındakı kəndi
yandırıb kül elədi,
Kəndi yeksan elədi.
Orda əbədi susdu
uşaq oyunları da...
Ah, mən necə sevirəm
uşaqlar oynayanda!
Əsgər idim,
Yenə istər-istəməz
yuxuda atəş gələn
nöqtəni götürmüşdük.
Faşistlər kənd məktəbində
uşaqları yandırıb
külə döndərmişdilər.
Ah, mən necə sevirəm
əlifba kitabının
üstündəki uşağı!
Əsgər idim mən,
qırx beşi gördüm həmən,
Bizim qələbəmizi də,
düşmənin ordusunun
təslim olmasını da,
gördüm öz gözlərimlə.
Yoruldum gəzdirməkdən
avtomat silahımı.
axı çox sevirəm ki
tutum uşaq əlindən
gəzdirim doyunca mən!
Əsgər idim.
Hər şeyi gördüm dünyada!
Neçə dəfə ölümün
üzünü də görmüşəm!
Özümə bu həyatda
əbədi bir sevgini
sevə-sevə hörmüşəm:
İstəyirəm ki, indi
mənim böyür-başımda
yalnız uşaqlar olsun,
Onların gözləri də
sevinc yaşıyla dolsun!



