Bilal HÜSEYNBƏYLİ
Hüseynbəyli Bilal Şaiq oğlu 2008-ci il avqustun 11-də Cəlilabad rayonunun Alar kəndində anadan olub, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecində sənaye avadanlıqlarının quraşdırılması və texniki istismarı ixtisası üzrə təhsil alır. Şeirləri ikinci sinifdə oxuduğu vaxtlardan dövrü mətbuatda çap olunur. 2019-cu ildə onun vətənpərvərlik mövzusunda şeirlərindən ibarət "Səngərdən başlayır Vətən" adlı poetik toplusu nəşr olunub. 2023-cü ildə isə "Sərhəd dirəklərinin nəğməsi" adlı ikinci poetik toplusu işıq üzü görüb.
Bilal riyaziyyata maraq göstərsə də, yaxşı şeirlər yazır. Şeirləri öz yaşına uyğundursa da, onlara "uşaq şeirləri" deməyə də adamın dili gəlmir. Çünki bu şeirlərdə qoyulan məsələlər böyükləri də düşündürən və narahat edən mövzulardadır. Onun "Sərhəd dirəklərinin nəğməsi" kitabında toplanmış vətənpərvərlik mövzulu şeirlərindən bir neçəsini oxuculara təqdim edirəm.
Bilal Alarlı-Hüseynov
Filologiya üzrə fəlsəfə doktoru
Bilal HÜSEYNBƏYLİ
Sərhəd dirəkləri
(silsilə şeirlər)
Keşiyində durub doğma yurdumun,
Sərhəd dirəkləri əsgərdi sanki.
Düşmənin bağrını yaran ordumun
Haqq üçün qurduğu çəpərdi sanki.
Sərhədi qoruyan igid oğuldu,
Silaha sarıldı, silaha doldu.
Bu yol qələbəyə aparan yoldu,
Tarix yazan uğur, zəfərdi sanki.
lll
Sərhəddən başlayır Vətən torpağı,
Sərhəd qorunursa, Vətən bizimdir.
Bizlərə sevdirən bu daşı, dağı
Onun qolundakı dəmir dözümdür.
lll
Bu yerlər Vətənim, torpağım, daşım,
Üstünə quş qonmaz sərhədlərimdir.
Millətlər içində ucadır başım,
Ali Baş Komandan güvənc yerimdir.
Azaddır dərələr, dağlar bu yerdə,
Kəndlər abadlaşır, yollar çəkilir.
Yamaclarda çiçək açır güllər də,
Çəmənə Günəşin nuru tökülür.
Ey əsgər, Vətənin dur keşiyində,
Düşməni sarsıdan dəyanətindir.
El rahat yaşasın ev-eşiyində,
Sərhəd dirəkləri əmanətindir.
Əsgər
Ey igid əsgər, Vətəni qoru,
Ananı qoru, atanı qoru.
Elini qoru, obanı qoru,
Nənəni qoru, babanı qoru.
Yaxşı bilirsən, bilirsən ki sən,
Öz əsgərinə güvənir Vətən.
Səngər
Səngərdən başlayır Vətən,
Səngər evim-eşiyimdir.
Səngər mənim azadlığım,
Səngər mənim beşiyimdir.
Şəhid Əkbərin anası
Ruhiyyə xanıma
Əsgər oğlum sağ qayıtsın,
Müharibə bitsin, dedin.
Oğlun evə qayıdan gün
Sən qurban kəsmək istədin.
Öz ayağıyla getmişdi,
Öz ayağıyla dönmədi.
O, çiyinlərdə qayıtdı,
Tabutdan yerə enmədi.
Amma sən qurbanı kəsdin,
"Oğlum qalib gəlib", - dedin.
"Vətəni azad eləyib,
Nə olsun ki, ölüb", - dedin.
"Qalib əsgərə qurbandı
Öz canım mənim", - söylədin.
Qurbanın kabab olmadı,
Qəlbləri kabab eylədin.