|
|
|
|

Elman İSGƏNDƏR
Cığırın üfüqə döndüyü yerdə
Xəyalsan, izinə düşmüşəm sənin,
Üstümdə fələyin ahı, qarğışı.
Süzürsən içində dumanın, çənin,
zəhərli qılınctək kəsir baxışın.
Çatıram, sürüşüb uçursan bir də,
görünür, yox olur iz də, ləpir də.
Cığırın üfüqə döndüyü yerdə
ovcuna yığırsan yağan yağışı...
Sənə fərqi yoxmu yığdığın nədi?
Duzludu, şirindi, acıdı, təlxdi?
Bəlkə bir fəqirin qəlb yaxan bəxti,
bəlkə bir aşiqin nakam göz yaşı?
Dolanbac
Dünya bir dəryaymış, sirr ilə dolu...
Xəyala daldıqca sirr oldum, Allah...
Nə dolanbac imiş bu həyat yolu?
Çıxışı tapınca yoruldum, Allah.
Hər məqama ayrı məna verdilər.
Hər əməldə bir qəbahət gördülər.
Geriyə qalanda "yazıq" dedilər,
irəli gedəndə, vuruldum, Allah.
Nə qədər düz, eniş, yoxuş dolaşdım.
Fırlandım, əyildim, buruldum, aşdım...
Çoxa qaçdım, çox da kirə bulaşdım.
Aza qane oldum, duruldum, Allah.
Rübabın kökündən düşər cüt simi
Gerçəyə çevrilmir çox vaxt arzular,
arzu var aşkardı, arzu var sirdi.
Sənin ürəyimdə ayrı yerin var,
mənsə gözlərində adidən biri...
Nə mən dönəcəyəm bu qismətimdən,
nə sən biləcəksən duyduqlarımı.
Sənin addım səsin keçər içimdən,
mənim daş bağlayar ayaqlarımı...
Bir şərqi göylərə qaldırar səni,
bir ağı içimdə boğar səsimi.
Bir ağrı susdurar bir xoş nəğməni,
rübabın kökündən düşər cüt simi...
Məzəmmət
Yenə məzəmmət eləyib
Bu davan nə davasıdı?
Fələk unumu ələyib,
halva onun halvasıdı...
Hamı deyir: "Unut qəmi"...
Hər günüm - son ümid kimi,
Gözüm dolub bulud kimi.
Yoxsa yağış havasıdı?
Gah gedənlə, gah qalanla
ömür-gün çapır dördnala.
Hamı dilində yalanla
deyir Elman vasvasıdı...
Yağış
Mən özümə bir ev qurmaq istədim...
Təməlini qazdım, divarı tikdim.
Damını örtməyə macal tapmamış
bu leysan, bu tufan bəs hardan gəldi?!
Torpaq su üzünə həsrətmiş demə.
Təbiət çönübmüş - yanırmış oda...
Bu yağış hamıya yarıdı, bircə
məni - islanmışı qorxutdu o da...
Bu payız gəlməyə heç tələsməmiş,
bu yağış yağmamış, külək əsməmiş,
duman dörd tərəfi hələ kəsməmiş...
Gərək bağlayaydım evin damını!
Qış gələr, hər tərəf ayazda, qarda.
Üşüsəm, axtarım ocağı harda?
Gərək bir soba da quraydım orda.
Bir sabah bacamdan tüstü çıxardı...
Lap yağış yağsa da, külək əssə də,
gərək bağlanaydı evimin üstü!
Damı bağlı evdə nə qəm, nə qüssə?
Yayı sərin keçir, qışıysa isti...



