|
|
|
|
Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Göyçay Ensiklopediyası”nın təntənəli təqdimat mərasimi keçirilib. Tədbir Göyçay Rayon Heydər Əliyev Mərkəzində baş tutub.
525.az xəbər verir ki, mərasim iştirakçıları öncə Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb.
Qonaqları salamlayan Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev tədbiri giriş sözü ilə açaraq bildirdi ki, bu tədbir çox əlamətdar bir ildə və tarixi günlər ərəfəsində baş tutur:
“Hamıya məlumdur ki, bu il Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 ili tamam olduğu üçün bu il “Heydər Əliyev İli”dir. Həmçinin biz 3 il əvvəl Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə bugünkü günlərdə böyük Zəfərə doğru irəliləyirdik. Bir neçə gün öncə isə lokal xarakterli antiterror tədbirləri nəticəsində qürurverici anları yaşadıq. Tam və qəti Qələbəmizə nail olmuşuq, bütün ərazilərimizdə suverenliyimiz bərpa olub. Belə bir tarixi ildə, bu cür tarixi günlərdə Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, həmyerlimiz Elxan Süleymanovun təşəbbüsü və rəhbərliyi ilə Göyçay ensiklopediyasının işıq üzü görməsi və Heydər Əliyev adını daşıyan bu möhtəşəm mərkəzdə biz göyçaylılara təqdim edilməsindən böyük və dəyərli hədiyyə ola bilməz”.
Heydər Əliyevin 100 illiyinə ithaf olunan kitabın ideya müəllifi, naşiri AVCİYA prezidenti Elxan Süleymanov öncə 44 günlük müharibədə qazandığımız böyük Qələbəni, 24 saatlıq lokal antiterror tədbirlərində əldə etdiyimiz Zəfəri, suverenliyimizin tam bərpasını bizə bəxş etmiş Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə və Ordumuza təşəkkürlərini bildirdi: “İlham Əliyev azərbaycanlıları məğlub xalqdan qalib xalqa çevirən dahi lider və böyük sərkərdədir. Son 200 ildə bizə ilk dəfə zəfər sevinci yaşadan komandandır, rəhbərdir. Biz onun dövründə yaşamağımızdan fəxr etməliyik”.
E.Süleymanov çıxışında Ulu Öndərin Göyçay üçün gördüyü işlərdən bəhs etdi: “Ulu öndər və onun layiqli davamçısı, Prezident İlham Əliyev ölkəmizin bütün bölgələrinə olduğu kimi, Göyçaya da xüsusi qayğı və diqqətlə yanaşıblar. Göyçaylıların dərin minnətdarlıqla xatırladıqları mühüm faktlar kifayət qədərdir. 1976-cı ildə Göyçay ərazisini daimi sel sularından qorumaq üçün Heydər Əliyevin göstərişi ilə Ərvan çayı üzə¬rində bənd tikildi. Bunun sayəsində rayonumuzun geniş torpaq sahələri abadlaşdırıldı, yüzlərlə ev, məktəb, mədəniyyət ocaqları tikildi, bağlar, parklar salındı. İnsanlar evlərində ra¬hat yaşamaq imkanı qazandılar. Bir neçə il öncə isə Göyçaya sel gələndə rayon ərazisində körpü uçdu. Cənab İlham Əliyev bu məsələni şəxsi nəzarətə götürdü, o körpünün bərpası ilə yanaşı, çayın yatağı qaydasına salındı, habelə yeni bir ehtiyat körpü inşa edildi”.
Elxan Süleymanov AVCİYA-nın fəaliyyəti, gördüyü işlər barədə məlumat verdi, həmçinin qeyd etdi ki, bu, 2015-ci ildə buraxılmış “Şamaxı ensiklopediyası”ndan sonra eyni silsilədən hazırlanan 2-ci nəşrdir. O, 2 il əvvəl AVCİYA tərəfindən “Göyçay döyüşlər”i kitabının da təqdim edildiyini xatırlatdı.
O, AVCİYA-nın onlarla yerli və beynəlxalq səviyyəli nəşrlərinin olduğunu bildirdi: “Bu nəşrlərin memarı, tərtibatçısı əməkdaşımız, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin rəhbəri, 1905.az saytının redaktoru Fuad Babayevə, baş redaktoru Asif Hacılıya və bütün zəhməti keçən əməkdaşlarımız, ensiklopediyanın çapına informasiya dəstəyi göstərənlərin hamısına dərin təşəkkürünü bildirirəm. Bu tədbirdə iştirak edən əziz dostlarım, millət vəkili, birinci vitse-spiker Əli Hüseynli, millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruca, millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafaya, Sabir Hacıyevə, Xalq Yazıçısı Anara, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidə,ziyalı, professor, ensiklopediyanın ərsəyə gəlməsində böyük xidmətləri olan Şövqü Göyçaylıya xüsusi minnətdarlığımı bildirirəm”.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxış etdi. O, ensiklopediyanın elmi-redaksiya şurasının sədri olmasından qürur duyduğunu söylədi və bu kitabın hər bir göyçaylının sevə-sevə oxuyacağına əminliyini ifadə etdi. Anar bildirdi ki, ensiklopediyanın Heydər Əliyevin 100 illiyinə həsr olunması onun əhəmiyyətini ikiqat artırır.
Professor, Ensiklopediyanın redaksiya şurasının üzvü Şövqü Göyçaylı “Mən xüsusilə qürur duyuram ki, Göyçay ensiklopediyası Ümummilli liderimiz Heydər Əliyevin 100 illiyinə həsr olunub” – deyə, qeyd etdi. O, Göyçayın coğrafi əhəmiyyətindən danışdı, nəşrin rayon, onun tarixi, gələcəyi üçün böyük xidmət olduğunu söylədi.
Nəşrin baş redaktoru Asif Hacılı ensiklopediyanın ərsəyə gətirilməsindən, görülən işlərdən danışdı.
Təqdimatda deputat Zahid Oruc, “Yeni Müsavat” qəzetinin redaktoru, Ensiklopediyanın redaksiya şurasının üzvü Elşad Məmmədli, “Göyçay” qəzetinin redaktoru Adil Məmmədov çıxış edərək, kitabın əhəmiyyətindən danışdılar, Ulu öndərin 100 illiyinə layiqli töhfə olaraq ərsəyə gətirilməsini yüksək dəyərləndirdilər. Onlar habelə Elxan Süleymanovun xarici siyasətdə gördüyü mühüm işlərdən, xeyriyyəçilik fəaliyyətindən, təhsilə daim diqqət göstərməsindən danışdılar.
Tədbirin sonunda Elxan Süleymanov söz alaraq, ensiklopediya ilə yanaşı, göyçaylılara daha 3 hədiyyə ilə gətirdiyini söylədi: “Birinci hədiyyəm, dəyərli şairimiz, Göyçayın fəxrlərindən olan İsgəndər Coşğunun şeirlərindən ibarət kitab olacaq. Qərar vermişik ki, qısa müddətdə onun 100 şeirini toplayaq və kitab çap edək, qarşıdan gələn Novruz bayramı ərəfəsində geniş tirajlayaq. İkinci hədiyyəm, Göyçayın görkəmli ədiblərinin külliyyatını (antologiyasını) nəşr etməyə qərar vermişik.
Üçüncü hədiyyəm isə hamınızı daha çox sevindirəcək. Heydər Əliyev daim təhsilə, elmə xüsusi diqqət yetirib. O, hər kəsə təhsilə qayğı göstərməyi tövsiyə edib. Mən 1990-1994-cü illərdə Göyçayda əlaçı şagirdlərə babam, mütəfəkkir, elm adamı Hacı Rəhim Əfəndinin adına təqaüd təqdim etmişəm. Bu ildən – Heydər Əliyevin 100 illiyində həmin mükafatı yenidən bərpa edirəm. Göyçayın mövcud 57 məktəbinin hər birindən 1 şagirdə ildə bir dəfə bu əlaçı təqaüdü təqdim ediləcək”.
Qeyd: Ensiklopediyanın elmi-redaksiya şurasının sədri Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevdir.
Elmi-redaksiya şurasının üzvləri ADPU-nin professoru, Əməkdar müəllim Nadir Abdullayev, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist, “1905.az STUDİO”nun direktoru Fuad Babayev, coğrafiya elmləri doktoru, professor, Əməkdar müəllim Şövqi Göyçaylı, filologiya elmləri doktoru, professor, baş redaktor Asif Hacılı, İsveçin Umea Universitetinin elmi işçisi və mühazirəçisi, dosent Səadət Kərimi, fizika-riyaziyyat elmləri doktoru, Türkiyənin Bilkənd Universitetinin professoru Azər Kərimov, filologiya elmləri doktoru, professor Paşa Kərimov, Azərbaycan hüquqşünası və dövlət xadimi Əlisaab Orucov, siyasi elmlər doktoru, BDU-nun professoru Ramiz Sevdimalıyev, fizika-riyaziyyat elmləri doktoru, Türkiyənin Hacettepe Universitetinin professoru Kamal Soltanov, iqtisadiyyat elmləri doktoru Vurğun Süleymanov, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlıdır.
Elmi məsləhətçilər pedaqoq Vüqar Abdullayev, filologiya üzrə fəlsəfə doktoru, dosent Atəş Əhmədli, filologiya üzrə fəlsəfə doktoru Əkbər Əliyev, filologiya üzrə fəlsəfə doktoru, dosent İradə Kərimova, filologiya üzrə fəlsəfə doktoru Təranə Məhəmmədqızı, “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Məmmədli, “Göyçay” qəzetinin redaktoru, Əməkdar müəllim Adil Məmmədov, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent İslam Musayev, Göyçay rayonu Ağsaqqallar Şurasının sədri Xəlil Orucov, Göyçay rayonu Müharibə və Əmək Veteranları Şurasının sədri Atəş Salahov, tarix üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Pərviz Yəhyalı, Göyçay rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zivər Zeynalova.
Məsul redaktorlar Laləzər Abbasova, Sevda Zeynalova, bədii redaktor Təmkin Məmmədli, texniki redaktor İrina Muxtarova, orijinal maketin müəllifi Mehman İbrahimov, cildin dizaynını işləmiş Elviz İsmayılov, korrektor qrupunun koordinatoru Fatmaxanım Həsənova, korrektorlar Sadiq Hüseynov, Aqşin Məsimov, https://goychay-encyclopedia.az/ portalının dəstəklənməsini həyata keçirmiş Mansur Manafov, Ləman Carçalova.
Bölgə ziyalılarının masaüstü kitabı olacaq “Göyçay Ensiklopediyası” bu yaradıcı heyət tərəfindən ərsəyə gətirilib.
“Göyçay Ensiklopediyası”nda həm Birinci Qarabağ müharibəsi, həm də 44 günlük Vətən müharibəsi şəhidləri barədə məlumatlar xüsusi olaraq öz əksini tapıb.
Ensiklopediyada bölgənin tarixi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı, inzibati-ərazi vahidləri, fiziki-coğrafi obyektləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında məqalələr, müvafiq xəritələr yer alıb. Yerli ədəbi-mədəni mühit, folklor və mərasimlər, maddi mədəniyyət, toponimlər haqqında tanınmış tədqiqatçıların yazdıqları oçerklərlə tanış olmaq olar. Kitaba, ilk növbədə, və daha çox Göyçayın adını xan çinarın ucalığına qaldırmış görkəmli şəxsiyyətlər haqqında məqalələr daxil edilib. Bunların hamısı 951 məqalədə, 11 irihəcmli oçerkdə birləşib.
Ensiklopediyanın elmi-redaksiya şurasının rəhbəri Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, nəşrin baş redaktoru filologiya elmləri doktoru, professor Asif Hacılıdır. Cildin tərtibatında Səttar Bəhlulzadənin “Göyçay” (1972) rəsmindən istifadə edilib ki, bu da Azərbaycanda narın Vətəni sayılan bir rayonun simvolu kimi təqdirəlayiqdir.