|
|
|
|
Aslan Aşiq
Eşqin etdirdi nümayiş qoca dünyaya şəhid,
Çox şücaətlə qədəm qoydu bu məcraya şəhid.
Göz açandan o, şəhadət ümidiylə yaşadı,
Meylini salmadı bir başqa təmənnaya şəhid.
İstəyi tək bu idi - tez qovuşa məşuqə,
Düşə bilməzdi ki, bundan uca sevdaya şəhid.
Ali məqsədlər üçün çıxdı yola şövq ilə,
Ta ki, Allahın adıyla gələ mənaya şəhid.
Ona agah idi əlbət bu yolun aqibəti,
Buna xatir çevirib üz rəhi Minaya şəhid.
Ülvi amala görə cəbhədə məğrur döyüşüb,
Bu məqam ilə yetib ərşi-müəllaya şəhid.
Vətən uğrunda edib canı fəda, qan tökdü,
Məskənin verdi nişan Cənnətül-Əlaya şəhid.
Təməli eşq ilə yoğrulmuş Hüseyn məktəbinin,
Davamın qanı ilə başladı inşaya şəhid.
Şəm' tək yandı özü, biz cəm olaq şöləsinə,
Zülməti qərq elədi nur dolu dəryaya şəhid.
Haqqı dərk eyləyəni sürdü fəzilətli ömür,
Xilqətən sahib idi ən uca təqvaya şəhid.
Allahın dostuna dost, düşməninə düşmən idi,
Əməl etmişdi təvəllaya, təbərraya şəhid.
Şəhidin tərifi yalnız özüdür, yox əvəzi,
Şənə bax, layiq olub gör necə imzaya şəhid.
Ehtiramın qoruyaq türbətinin izzət ilə,
Çün şəfaət edəcək ümməti TaHaya şəhid.
Çalış Aslan, şəhidin haqqın əda eyləyəsən,
Rəng qatıb yazdığın hər bir yeni misraya şəhid.