Dünən Azərbaycan Yazıçılar Birliyi (AYB) Ağsaqqallar Şurasının sədri, Xalq şairi Nəriman Həsənzadənin təşəbbüsü əsasında Birliyin "Natəvan" klubunda Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası və İcma üzvləri ilə görüş təşkil edilib.
Tədbiri giriş sözü ilə açan Nəriman Həsənzadə görüşün məqsədinin indi aktual olan Qərbi Azərbaycan məsələsi ilə bağlılığını diqqətə çatdırıb və Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının rəhbəri, millət vəkili Əhliman Əmiraslanovla bu barədə söhbətlər aparıldığını, belə bir görüşün ümumi işin xeyrinə olacağına inandıqlarını vurğulayıb. Azərbaycan Prezidentinin çıxışlarından, fikirlərindən sitatlar söyləyən Xalq şairi bu gün hər bir azərbaycanlının Qərbi Azərbaycan məsələsinə həssas yanaşmalı olduğunu bildirib.
Millət vəkili Əhliman Əmiraslanov çıxışında belə bir təşəbbüsə görə N.Həsənzadəyə minnətdarlığını bildirib, Qərbi Azərbaycan İcmasının gördüyü işlərdən danışıb. Həmçinin, Qərbi Azərbaycan İcmasına fəaliyyət üçün gözəl bir bina verildiyinə görə Azərbaycan Prezidentinə təşəkkürünü ünvanlayıb.
Qərbi Azərbaycan İcmasının rəhbəri, millət vəkili Əziz Ələkbərli çıxışında İcmanın son zamanlar gördüyü işlər barədə məlumat verib və səslənən bir çox fikirlərin bu konsepsiyada nəzərdə tutulduğunu qeyd edib. Həmçinin, millət vəkili Qərbi Azərbaycan İcmasının qəbul etdiyi və BMT-nin sənədi kimi yayılan sənədlər barədə də danışıb.
AYB-nin sədri, Xalq yazıçısı Anar Birliyin Qərbi Azərbaycan bölməsinin yaradılması məsələsinə toxunub, bu məsələylə bağlı işlərin davam etdiyini bildirib. AYB sədri çıxışında Qərbi Azərbaycan mövzusunda əsərlərin yazılmasının və təbliğinin vacibliyindən söz açıb, bu əsərlər sırasında Əyyub Abbasovun "Zəngəzur", Məmməd Orucun "Köçürülmə" romanlarının adını çəkib. Eləcə də Azərbaycan Yazıçılar Birliyi ilə Qərbi Azərbaycan İcmasının əlaqələrinin möhkəmləndirilməsinin vacibliyini qeyd edib.
Xalq şairi Vahid Əziz çıxışında bir sıra əsərlərin çapı məsələsinə toxunub, həmçinin televiziyalarda Qərbi Azərbaycan mövzusunun təbliği ilə bağlı işlərin genişləndirilməsini tövsiyə edib. Bu mənada o, belə bir görüşün televiziya sədrləri ilə də keçirilməsinin lazımlı olduğunu deyib.
Professor Vaqif Şadlınski çıxışında vaxtilə Qərbi Azərbaycandan deportasiya olunan azərbaycanlılar və onların çəkdiyi sıxıntılar barədə öz həyat təcrübəsi əsasında danışıb və on minlərlə azərbaycanlının Qərbi Azərbaycana qayıtmaq arzusunu ifadə edib.
Qərbi Azərbaycan İcmasının keçirdiyi tədbirlərdə, kitab təqdimatlarında dəfələrlə iştirak etdiyini deyən AYB-nin sədr müavini Rəşad Məcid qeyd edib ki, hətta gənc yazıçıların da öz babalarının Qərbi Azərbaycanla bağlı xatirələrini qələmə alması çox sevindirici haldır və bütün bunlar yeni nəslin də yaddaşında qalacaq.
Görüşdə Xalq yazıçısı Elmira Axundova, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Həsənoğlu, həkim və şair Paşa Qəlbinur, jurnalist Nəzir Əhmədli və başqaları da çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.
Şahanə MÜŞFİQ