|
|
|
|
III Sumqayıt Kitab Sərgisinin ilk günündə Təhsilin İnkişafı Fondu (TİF) və Azərbaycan Nəşriyyatları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Kitabqurdu” I Yay Oxu Marafonu qaliblərinin mükafatlandırılma mərasimi baş tutub.
525.az xəbər verir ki, tədbiri giriş nitqi ilə açan Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri Şəmil Sadiq marafonun təşkilindəki əsas məqsədin uşaqlar arasında mütaliə vərdişinin inkişafına töhfə vermək olduğunu bildirib. Diqqətə çatdırıb ki, prosesin davamı kimi artıq Payız Oxu Marafonuna start verilib. Sədr onu da vurğulayıb ki, budəfəki marafon böyüklər üçün nəzərdə tutulub və mükafat fondu bir neçə dəfə çoxdur.
Bundan başqa mərasimdə marafonun ideya müəllifi Səbuhi Şahmursoy, yarışın aparıcısı və sualların tərtibçisi Nizami Hüseynov, layihənin koordinatoru Fizzə Məmmədova, o cümlədən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, TİF-in layihələr üzrə mütəxəssisi Nərgiz İsmayılova və marafon birincisi Məryəm Salmanlının müəllimi Tamara Məmmədova çıxış edərək layihənin prioritetlərindən söz açıblar.
Çıxışlardan sonra qaliblərə müxtəlif hədiyyələr, pul mükafatı və diplom təqdim edilib. İlk onluğa düşən digər iştirakçılara isə müxtəlif hədiyyələr və sertifikat verilib.
Qeyd edək ki, marafonun qalibi Məryəm Salmanlı olub. Ləman İsrafilova ikinci, Emiliya Əliyeva isə üçüncü yerlə kifayətləniblər. Qaliblər müvafiq olaraq 1000, 500 və 300 AZN dəyərində mükafat qazanıblar.
Əlavə məlumat üçün bildirək ki, marafon çərçivəsində 12-16 yaşlı məktəblilər 3 ay ərzində 7 kitab oxuyaraq ikimərhələli imtahanda iştirak ediblər.