|
|
|
|
Amerikalı yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vilyam Katbert Folkner (ing. William Cuthbert Faulkner) Missisipi ştatının Nyu-Olbani şəhərində doğulmuşdu. O, nəsillərində ilk yazıçı deyildi. Cənubla Şimalın müharibəsi zamanı cənubluların ordusunda xidmət etmiş babası Uilyam Klark Folkner öz dövrü üçün kifayət qədər populyar olan "Memfisin ağ qızılgülü" romanının müəllifi idi. Qapalı və çəkingən xarakteri ilə seçilən Uilyam ilk təhsilini anasından almışdı. 13 yaşında isə o, artıq gənc rəfiqəsi Estell Oldhemə sevgi şeirləri yazırdı. Çox güman bu səbəbdən də məktəbi bitirə bilməmiş və babasına məxsus bankda işə başlamışdı.
1918-ci ildə Folknerin uşaqlıqdan bəri sevdiyi Estelle Oldham başqası ilə evlənir. Bu hadisədən sonra Uilyam könüllü olaraq cəbhəyə getməyə qərar verir, lakin, boyu balaca (166 sm) olduğuna görə qəbul edilmir. Daha sonra o, Kanada Kral Hərbi Hava Qüvvələrində könüllü olur və Torontoda Britaniya Ordusu Uçuş Məktəbində oxumağa başlayır, lakin kursu bitirməmiş Birinci Dünya Müharibəsi başa çatır.
Yenicə işə başladığı poçt idarəsində Folkner poçt müdiri tərəfindən iş saatında kitab oxuduğuna görə işdən qovulur.
Missisipi ştatının Oksford şəhərindəki yazı ofisinin divarlarında romanlarından birinin qeydlərini görə bilərsiz, çünki, Folkner ona Pulitzer qazandıran romanının qeydlərini o divara yazırdı.
1925-ci ildə Yeni Orleanda Folkner yazıçı Şervud Andersonla tanış olur. O, Folknerə poeziyadan çox nəsrə diqqət yetirməyi tövsiyə edir və ona Folknerin ən yaxşı bildiyi şeylər haqqında - Amerikanın cənubu haqqında, bu torpağın bir kiçik parçası haqqında yazmağı tövsiyə edir. Bununla da Folkneri Nobelə aparan yolun qapıları açılır.
Yazıçı 1932-ci ildən 1946-cı ilə qədər on beş il Hollivudla işləyir, rejissor Howard Hawks ilə bir neçə film çəkir. Elə həmin illərdə o, “Avqust işığı” (1932), “Avesalom, Avesalom!” (1936) romanlarını yazır.
"Avesalam, Avesalom!" qələmə alındığından 73 il sonra 2009-cu ildə Cənubi Amerikanın "Oxford American" ədəbi jurnalı tərəfindən bütün zamanların ən yaxşı cənub romanı seçilir.
Malik Atilay