"YeniSi" Ədəbiyyat və Mədəniyyət Təzahürləri İctimai Birliyinin "Mənim nağıl kitabım" adlı layihəsi başa çatıb.
525.az xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd uşaqlar və yeniyetmələr arasında oxu mədəniyyətinin təbliğ edilməsi, mütaliə imkanlarının genişləndirilməsi, kitabın və bilginin uğur qazanmaq üçün ictimai faydasının təşviq edilməsidir. Layihə çərçivəsində Bakı şəhərində yerləşən üç orta məktəbdə uşaqların yaxşı tanıdığı şəxslərin iştirakı ilə görüş və debat keçirilib, şagirdlərə və məktəbin kitabxanasına kitablar hədiyyə edilib.
Layihədə Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, naşir Şahbaz Xuduoğlu və futbolçu Qara Qarayev iştirak edib. Görüşlər şagirdlərin marağına səbəb olub. İştirakçılarla maraqlı debat və müzakirələr aparılıb.
Xatırladaq ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2023-cü ilin kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirilib.