|
|
|
|
Ötən əsrin ən amansız faciəsinin, qəddar erməni faşistlərinin əli ilə qətlə yetirilib meyitləri çöllərdə, düzlərdə qalmış günahsız soydaşlarımızın başı üstündə hönkürtü qoparıb ağlayan doğma, yaxın ilk adam Çingiz oldu ...
Onun bu hönkürtüsünü eşidəndə, lentə aldığı dəhşətli kadrlara baxanda bəs biz nələr çəkdik?!.
Dünya qarışıq elə çoxlarımız da Xocalı faciəsindən beləcə xəbər tutduq ...
Nə gizlədək, bəlkə də elə o gündən, o telejurnalist hünərindən, cəsarətindən sonra Çingiz Mustafayev hamımıza əziz, doğma bir insana çevrildi ...
Adı adlar çıxarmış fitnəkar ifritə Qalina Starovoytova ilə telemüsahibəsinə baxandasa fikirləşdik ki, Çingiz hələ, doğrudan da, uşaqdı, cavandı ... Ancaq ölümlə üz-üzə güllə qabağına gedəndə isə bir deyənimiz olmadı:
"Sən hələ uşaqsan, nə yaşın var! .."
Yaşadığım Şabran bölgəsinə təyinatla işləməyə indiyəcən neçə-neçə gənc mütəxəssis gəlib, yenə də gələcək. Üç illik təyinat müddəti başa çatandan sonra çoxları çıxıb gedib.
Çingiz Mustafayev də bir vaxt - 1984-cü ilin dekabrında rayon sanitar- epidemioloji stansiyasına təyinatla həkim kimi gəlmişdi. Üç il Şabranın sakini olan həkim sonra yenidən Bakıya, doğulub boya-başa çatdığı şəhərə qayıtdı.
İndi isə ... Müasirləri üçün də, gələcək nəsillər üçün də cavan, 33 yaşında olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev neçə illərdir ki, yenidən Şabrana qayıdıb. Bu dəfə Şabranın əbədi sakini kimi...
Qədim Yunanıstanda həkimlik peşəsinin adı "həyat keşikçisi, həyat müdafiəçisi" demək idi...
İndiki Azərbaycan Dövlət Tibb Universitetini bitirmiş Çingiz Mustafayev də həkimlik oxumuşdu. Amma tale elə gətirdi ki, o, "həyat keşikçisi, həyat müdafiəçisi" kimi deyil, hamımızın suyunu içdiyimiz, çörəyini yediyimiz, havasını udduğumuz "könlümüzün məhbubu" Vətənin keşikçisi, müdafiəçisi kimi yaddaşlarda qaldı, əzəli və əbədi Vətənimiz, doğma Azərbaycanın ayrılmaz parçası olan Qarabağ uğrunda erməni qəsbkarları ilə döyüşlərin şanlı salnaməsini yaradanlardan biri oldu, bu şanlı salnaməni yaratmaq qərarına gəldi ki, ötən əsrin 90-cı illərində öz tarixini qanı ilə yazan Azərbaycan övladlarının Vətən eşqini, Vətən məhəbbətini əbədiləşdirsin. Və elə özü də əbədiləşdi. Sağlığında bəlkə də heç bir təltifi, mükafatı olmayan Çingiz Mustafayev ölümündən sonra Milli Qəhrəman adına layiq görüldü.
Belə deyirlər ki, hər bir adamı tanımaq üçün onunla bir pud duz yemək lazımdır. Riyaziyyatçılar da hesablayıblar ki, bir pud duzu 16 ilə yemək olar ... Deməli, bu hesabla adamı tanıyıb onunla dost olmaq üçün 16 il lazımdır !..
Ancaq çox vaxt belə olur ki, elə ilk tanışlıqdan həmsöhbətinlə tez ülfət bağlayırsan, bu ülfətin, bu mehribanlığın səbəbini xəbər alanlara da cavabın qısa olur: "Ürəyimə yatdı ..."
1984-cü ilin bir soyuq dekabr günündə təyinatla həkim kimi Şabrana gəldiyi elə ilk günlərdən Çingiz Mustafayev istər öz yaşıdlarının, istərsə də özündən böyüklərin, özündən cavanların - hamının ürəyinə tez yatdı.
Xatirələr işığında
Şabran sanitar epidemioloji stansiyasında bir vaxt Çingizlə birgə çalışmış iş yoldaşları ilə, onunla ünsiyyətdə olmuş adamlarla görüşüb söhbət edirəm. Onların sözləridir:
- Hamımız Çingiz həkimə elə öyrəşmişdik ki, indi onun yoxluğuna inanmırıq ...
- Hər dəfə televizorda onu cəbhə bölgəsində görəndə ondan ötrü özündən çox biz nigarançılıq keçirir, narahat olurduq.
- Qəhrəman olmazdan əvvəl o bizimlə idi, aramızda, sıramızda idi və əlbəttə, bu gün də bizimlədir...
Sonra da Çingiz Mustafayevlə çalışanların xatirələrinə üz tuturam. Bu da onlardan birinin, hazırda rayon Gigiyena mərkəzi adlanan müəssisənin direktoru Nazim Həmidovun dedikləri:
- Çingiz rayon epidemioloji stansiyasında ilk əmək fəaliyyətinə o zaman mənim müdir olduğum şöbədə laborant kimi başladı. Şöbəmiz uşaq müəssisələrində, məktəblərdə şagirdlərə verilən yeməklərin keyfiyyətini və kaloriliyini müəyyən edirdi. Bu elə dövr idi ki, necə deyərlər, əl-əli yuyurdu... Çingizin də yaxşı qazanmaq imkanı var idi. Amma ... Yaşlı işçilərimizdən guya Çingizə canıyananlıq edib danışanlar var idi ki, əşi, nə olsun ki, cavandı, dünya malında gözü yoxdu, uzaqgörənliyi olsa, qara günü üçün arxaya bir şey atar ... Düzlük, təmizlik elə bil təkcə buna qalıb.
Belə söhbətlər Çingizin də qulağına çatırdı. Bir dəfə bu mövzuda onunla məhrəm söhbətimiz olanda köks ötürüb:
- Eh, müsəlman ki, müsəlman, - dedi, - müsəlmanın qara günü bəlkə də elə o gündən başlayır ki, oturub qara gün haqqında fikirləşir ...
"Ötkəm oğlan"
Çingiz son dərəcə şəhər dəbi ilə geyinib gəzir, oturub-durur və bu da balaca əyalət şəhərində o zaman çox qəribə qarşılanırdı. Çingiz çox mehriban, xoşqılıq oğlan olsa da, hər adamla oturub-durmazdı. Oturub - durduqlarına qarşı isə çox həssas, diqqətli idi.
Ötkəm bir oğlan olan Çingiz xüsusən haqsızlığa qarşı çox dözümsüz idi. Haqqı nahaqqın ayağına verməz, bu yolda sinəsini sipər etməkdən çəkinməzdi.
Bir dəfə belə bir hadisə olmuşdu: kinoteatrın qarşısında gəzişən milislər, necə deyərlər, dayanıb durduğu yerdə başıaşağı, sakit-fağır birisini təhqir etmişdilər. Bu, orda olan Çingizə bərk toxunmuşdu, günahsız adamın müdafiəsinə qalxmışdı. Onun təhqir etdikləri adama bu qəhmarlığı özündən razı milis nəfərlərini bərk qəzəbləndirmiş və Çingizi milis şöbəsinə aparmışdılar.
Şöbədə onun haqqında saxta ittihamlarla protokol imzalamaq fikrinə düşüblər. Lakin Çingizin özünü layiqincə müdafiə etmək bacarığını görüb qorxaraq geri çəkilmiş, ondan üzr istəyiblər. Lakin Çingiz bu üzrxahlıqdan sonra da onlardan əl çəkməyib:
- Xeyr, - deyib,- təhqir etdiyiniz vətəndaşdan da sizi bağışlamağı xahiş etməlisiniz. Yalnız bundan sonra mən sizinlə barışa bilərəm.
Milis nəfərləri işin böyüyəcəyini, Çingiz adlı bu həkim oğlanın, doğrudan da, onlardan əl çəkməyəcəyini görüb təhqir etdikləri oğlanı axtarıb tapıb elə Çingizin gözləri qarşısında ondan da üzr istəmişdilər.
Bu əhvalat milis şöbəsi rəisinin də qulağına çatmışdı. Təcrübəli və xeyirxah bir insan olan rəis Çingizi kabinetinə dəvət edib həmin milis nəfərlərini də çağırtdıraraq:
- Sizə minnətdaram, həkim, - demişdi, - mənim işçilərimə çox layiqli, ibrətamiz bir dərs vermisiniz. İnanıram ki, şöbəmizdə bu "dərsdən" paylarını alanlar da olacaq...
Rayona səs salmış bu əhvalatdan sonra milis işçiləri bir müddət özlərini yığışdırmışdılar.
Quşa qıymayan ovçu
Nazim Həmidov:
-Çingiz həm də ov həvəskarı idi. Və onun ovçuluğa bu meyli təbiətə vurğunluğunun bir təzahürü, ifadəsi idi. Çünki ixtisasca ən humanist bir peşə sahibi olan bu cavan təbiətin heç bir canlısına qıymağa ürək etmirdi.
Dəvəçidə Xəzərin sahilindəki ovçuluq limanı hələ çox-çox uzaq vaxtlardan Azərbaycanda məşhurdur. Hətta Rusiya çarı II Nikolayın qardaşı burada ov edib, çarın qardaşının gəlişindən əvvəl limana gedən 15-20 kilometrlik yola daş döşənib.
İlk dəfə idi ki, Çingizi limana ova aparmışdıq. Dörd-beş nəfər yoldaş idik. Hərəmiz ayrı-ayrı yerlərdə durmuşduq. Mən Çingizlə bir yerdə idim.
Dənizin qırağında ins-cins dəymirdi. Əslində isə limana yüzdən çox ovçu gəlmişdi. Hərə bir tərəfdə pusquda durmuşdu .
Səhərin ala-toranlığında qatarlanan quşlar göydə görünən kimi tüfənglər açılmağa başladı. Bir güllə, ikinci güllə, üçüncü güllə ...
Bir partapart düşmüşdü ki, limana ilk dəfə ova gələn Çingiz hər atəş səsindən sonra diskinirdi ...
Bu atəş səslərini sakit qarşılaya bilməyən Çingiz axır ki, dözə bilməyib özünəməxsus yumorla:
- Əşi, bu dəniz sahilində elə bil ikinci dünya müharibəsi gedir - dedi.
Hiss edirdim ki, ovçuların apardığı bu "müharibə" Çingizi bərk sarsıdıb. Çingiz güllə səsinə dözə bilmir. Hər güllə açıldıqca göydə bir quşun millənib daş kimi yerə düşməsi ürəyiyuxa Çingizin qəlbini parçalayır.
Eh, o vaxt nə biləydik ki, quşların halına yanan Çingiz vaxt gələcək ki, öz həyatından qorxub-çəkinmədən Vətən uğrunda bir vaxt səsindən diksindiyi güllələrin düz üstünə gedəcək və özü də gülləyə tuş gələcək...
... Hə, həmin ov əhvalatından sonra Çingiz bir daha limana ova getmədi.
"Yox, tüfəng ilə ov mənim işim deyil, dedi, mənimki tilovla balıq tutmaqdır ..."
"Ölümə hazır olmaq - bu da bir silahdır ..."
Hələ heç otuz üç yaşı tamamlanmamış dünyadan əbədi köç edib gedən bir insan özündən sonra yer üzündə nələr qoyub gedə bilər?..
Bu, abidə də ola bilər; sözlə ifadə etmək mümkün olmayan elə bir abidə ki, insanları həmişə xırdalıqlardan, cılızlıqdan uzaq olmağa səsləsin.
Çingiz Mustafayev bir telejurnalist kimi döyüş bölgələrinə, qaynar nöqtələrə, odun-alovun içinə ona görə can atmırdı ki, həyatı, yaşamağı başqalarından az sevirdi ... Yox, otuz üç yaşlı qaynar, enerjisi aşıb-daşan Çingizin həyatı hələ qabaqda idi. Yeganə övladı, oğlu Fuad hələ təzə-təzə ayaq açırdı. Onu böyütməli idi ...
Çingiz Mustafayev ona görə irəliyə can atırdı ki, Vətənini daha çox sevirdi.
Çingiz şöhrət üçün yaşamırdı, onun Vətən məhəbbəti haqqında konkret anlayışı vardı. Xalqı qarşısında öz vəzifəsini, öz konkret borcunu dərk etmək anlayışı vardı. Bəlkə də onun müasiri olan gənclər Çingizin şəhidliyindən sonra bu cəsur telejurnalistin öz kamerası ilə necə tarixi bir vəzifəni yerinə yetirməsinin fərqinə vardı!..
Telejurnalist Çingiz Mustafayev bizləri həm də öz həmkarlarımızla fəxr etməyə, Vətən qarşısında borcumuzu dərk etməyə vadar etdi. Qəhrəmanlıq qəlbimizdə təkcə qürur, iftixar hissi doğurmur, həm də insanı ən çətin suala cavab axtarmağa məcbur edir: Bəs mən?..
Rus şairi Mixail Lvovun misralarıdır:
Ölümə müntəzir olmaq bir silah,
Sən bunu ömründə bir dəfə sına.
Kişilər ölməyi bacardığından
Ölməzlik onları alır qoynuna ...
Çingiz Mustafayev bu sınaqdan qalib çıxdı!