Azərbaycanın Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri, sabiq xarici işlər naziri Vilayət Quliyevin “Report” İnformasiya Agentliyinə müsahibəsi
- Vilayət müəllim, tərcümeyi-halınız belə təəssürat yaradır ki, sizinlə hər şeydən danışa bilərik. Amma gəlin, söhbətə elə hazırkı fəaliyyətinizdən başlayaq. Bir ildən çoxdur ki, Azərbaycanın Bosniya və Herseqovinadakı səfirisiniz. Bundan əvvəl 11 il Macarıstanda çalışmısınız. Hazırkı fəaliyyət yerinizə öyrəşmisinizmi? Oradakı sosial-iqtisadi və siyasi mühiti necə qiymətləndirirsiniz?
- Bilirsiniz, diplomatiya və beynəlxalq əlaqələr sahəsində çalışanları müasir dövrün mədəni köçərilərinə bənzətmək olar. Tezliklə Bakıdan çıxmağımın 20 ili tamam olacaq. 20 ildə üçüncü dəfə ölkə dəyişirəm. Düzü, əvvəlki illərin təcrübəsi zəminində yeni şəraitə uyğunlaşmaq mənim üçün o qədər də çətin deyil. Başa düşürəm ki, işimin xarakteri bunu tələb edir. Məruz qaldığım diskomfort da, yad mühitə uyğunlaşmaq çətinliyi də öz seçimimdir. Bir də hər şey müqayisədə bilinir. Qardaş Türkiyənin diplomatları ilə müqayisədə bizim çətinliklərimiz hələ çoxdur. Məsələn, Türkiyə səfiri yeni təyin olunduğu ölkəyə gələndə aşpazı, ofisiantı, xidmətçisi, bağbanı, qapıçısı yerində olan hazır, düzənli iqamətgahda yaşamağa başlayır. Bizdə isə bunların heç biri yoxdur. Ən böyük çətinlik də yad şəhərdə iqamətgah binası axtarmaqdan başlayır. Doğrusu, dəbdəbə düşkünü deyiləm. Amma unutmaq olmaz ki, səfirin iqamətgahı üzərində ölkəsinin bayrağı dalğalanır. Yəni onun yaşadığı yer həm də təmsil etdiyi dövlətin ünvanı, pasportudur. Eyni sözləri səfirlik binası haqda da demək olar. Bəzi çətinliklərlə üzləşməli olsaq da, artıq bu işlərin hamısı yoluna düşüb. İndi işləmək üçün ehtiyac duyulan hər şey var. Yalnız işləmək lazımdır.
Sosial-iqtisadi şəraitə gəldikdə, Bosniya və Herseqovina Avropanın kasıb ölkələri sırasındadır. Lakin hər şeyə rəğmən, müəyyən inkişaf var. Artıq Avropa İttifaqı üzvlüyünə namizəddir. Siyasi həyat isə burada həmişə gur və hərəkətlidir. Bosniya və Herseqovina iki entitetdən - Boşnak-Xorvat Federasiyasından və Serb Respublikasından (SR) ibarətdir. Birinci qurum daha çox Qərbə və ABŞ-yə meyillidir, serblərin lideri Milorad Dodik isə rusiyapərəstdir, özünü Vladimir Putinin yaxın dostlarından sayır. Tez-tez Bosniya və Herseqovinanın mövcudluğunun qarantı sayılan 1995-ci il Deyton anlaşmasının vaxtının bitdiyini elan edir. Onun sonuncu səs-küylü bəyanatı isə Serb Respublikasının bütün giriş-çıxışlarında sərhəd-keçid məntəqələri yaratmaqla bağlı idi. Praktiki cəhətdən bu, qeyri-mümkündür, amma növbəti siyasi fırtına yaratmaq üçün yetərlidir.
- Bəs Bosniya və Herseqovinadakı dövlət rəsmilərinin, siyasi nümayəndələrin, deputatların səfirliyimizlə münasibətləri necədir?
- Tam normaldır. Ancaq bu xoş münasibət yalnız səfirliyin qısamüddətli fəaliyyətinin nəticəsi deyil. Bosniya və Herseqovinada ölkəmizə böyük rəğbətlə yanaşırlar. Təbii ki, bu mənada serb və xorvatlarla müqayisədə boşnaklar xüsusi istisna təşkil edir. Onlar Türkiyə Cümhuriyyətindən sonra Azərbaycana ikinci ümid yeri kimi baxdıqlarını açıq şəkildə etiraf edirlər. Artıq tarixə çevrilməkdə olan COVİD-19 pandemiyası zamanı Bosniya və Herseqovinaya ən çox yardım göstərən ölkələrdən biri də Azərbaycan olmuşdu. Eləcə də bir neçə il əvvəl baş verən sel fəlakəti zamanı ölkəmiz öz kömək əlini uzatmışdı. İnsanlar, xüsusilə dövlət rəsmiləri, millət vəkilləri bunu bilir və minnətdarlıq hissi ilə xatırlayırlar.
Bu il mayın 10-da “Heydər Əliyev İli” çərçivəsində səfirliyimizin həyətində Ümummilli liderin büstünü ucaltdıq. Onun açılış mərasiminə Bosniya və Herseqovina Rəyasət Heyətinin hər üç sədrinin adminstrasiya rəhbərləri, federal səviyyəli hökumət və parlament üzvləri gəlmişdilər. Bu, Heydər Əliyev şəxsiyyətinə və Azərbaycana olan hörmət və ehtiramın təzahürü idi. Xüsusilə 44 günlük müharibədə xalqımızın qazandığı tarixi qələbədən sonra bizə münasibət kökündən dəyişib. Hətta ölkəmizin adını eşidəndə yumruğunu havaya qaldırıb “Qarabağ Azərbaycandır!” deyə qışqıranlar da olur.
- Bu sevgi fonunda səfirliyimizin indiyə qədər heç bir təhlükəsizlik problemi ilə üzləşmədiyini deyə bilərikmi? Ümumiyyətlə, Bosniya və Herseqovinada diplomatik nümayəndəliklərin təhlükəsizliyi istiqamətində görülən işlər sizi qane edirmi?
- Bosniya və Herseqovina 1992-1995-ci ildə müharibənin dəhşətlərini yaşasa da, sakit ölkədir. İndiyə qədər təhlükəsizlik baxımından heç bir problemlə üzləşməmişik. Digər tərəfdən, bir neçə ölkədəki səfirliklərimizi çıxmaq şərti ilə diplomatik missiyalarımızın əksəriyyəti təhlükəsizliklə bağlı məsələləri özləri həll edirlər. Yerli polis idarələri, patrul xidməti ilə müqavilə bağlayırıq. Daxili təhlükəsizlik tədbirlərinə mühüm diqqət yetiririk. Bu tədbirlər bir neçə mərhələni əhatə edir. Həyət qapısı, binanın giriş qapısı, mərtəbələrin və otaqların qapısı – hamısı kodlaşdırılıb. Yeri gəlmişkən, Bosniya və Herseqovina erməni icmasının mövcud olmadığı azsaylı Avropa ölkələrindəndir. Amma aydın məsələdir ki, bu, arxayınlıq üçün əsas verməməlidir. İstənilən cinayəti üçüncü tərəf vasitəsi ilə də törətmək mümkündür. Diplomatlar, diplomatik missiyaların nümayəndələri terror aktları baxımından tez-tez hədəf seçilən şəxslər və obyektlərdir. Ona görə ehtiyatı bir an da olsun əldən vermək olmaz. Son vaxtlar Azərbaycan Xarici İşlər Nazirliyi də səfirlik və nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirir.
- Bir az da Azərbaycan-Bosniya və Herseqovina münasibətlərində sizinlə gələn yeniliklərdən danışmağınızı istərdik. Bir illik fəaliyyətiniz dövründə iki ölkə arasındakı münasibətlərdə müsbətə doğru nə kimi dəyişikliklər olub? Əlaqələrin inkişaf etdirilməsi istiqamətində hansı işlər görülür? İkitərəfli əməkdaşlıqda daha hansı yeniliklərə ehtiyac görürsünüz, yəni hansı sahələrdə boşluqlar olduğunu və ölkələrimizin bunu layihələrlə doldura biləcəyini düşünürsünüz?
- Mətbuatdan da məlum olduğu kimi, dövlət başçılarının qarşılıqlı səfərləri həyata keçirilib. Ən əlamətdar hadisə məhz Prezident İlham Əliyevin ikitərəfli münasibətlər tarixində ilk dəfə olaraq bu ölkəyə səfərinin həyata keçirilməsidir. Azərbaycan-Bosniya və Herseqovina münasibətləri hələlik təşəkkül mərhələsindədir. Ona görə də qarşılıqlı əməkdaşlıq sahəsində işbirliyi imkanları kifayət qədər genişdir. Məsələn, dövlət başçımızın yüksək səviyyəli səfəri zamanı “Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalandı. Bundan başqa, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov iqtisadi əməkdaşlığın genişləndirilməsi və enerji sektorunda əməkdaşlıq barədə Bosniya və Herseqovina rəsmiləri ilə səmərəli müzakirələr apardılar. Bu müzakirələr zamanı gələcək əlaqələrin əsas istiqamətləri, habelə məqsəd və hədəflər müəyyən edilib. Hazırda Bosniya və Herseqovinada biznes sahəsində yalnız bir Azərbaycan şirkəti çalışır, bu da Serbiya və Bosniyada magistral yol, körpü və tunel tikintisini həyata keçirən şirkətdir. Bir tərəfdən ölkənin dağlıq relyefi, o biri tərəfdən isə maliyyə imkanlarının məhdudluğu Bosniyada sürətli nəqliyyat arteriyalarının – hayveylərin tikilməsini çətinləşdirir. Hazırda həmin Azərbaycan şirkəti bu boşluğu dolduran yeganə müəssisədir. Lakin təəssüf ki, mövcud bürokratik əngəllər şirkətin fəaliyyətini tam şəkildə həyata keçirməsinə imkan vermir.
Bosniya və Herseqovinanın yanacaq-energetika sektorunda Azərbaycanla əməkdaşlığa, xüsusilə ölkəmizdən ixrac olunacaq təbii qaza və yaşıl enerjiyə böyük ehtiyac var. Yanacaq qıtlığı qış aylarında ölkənin böyük şəhərlərində, əsasən də paytaxt Sarayevoda bütün kəskinliyi ilə hiss edilməkdədir. İndiki şəraitdə Azərbaycan qazını həm Trans-Adriatik kəməri vasitəsi ilə Monteneqro üzərindən, həm də Serbiya vasitəsi ilə idxal etmək mümkündür. Azərbaycan hər iki istiqamətdə əməkdaşlığa hazırdır. Hazırda mütəxəssislər səviyyəsində ilkin danışıqlar aparılır.
Azərbaycan Prezidentinin Bosniya və Herseqovinaya səfəri çərçivəsində ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, turizmin, xüsusilə də müalicə turizminin inkişaf etdirilməsi, tələbə mübadiləsi, hava nəqliyyatı sahəsində əməkdaşlıq və digər məsələlər ətrafında müzakirələr aparıldı. Bosniya biznesmenləri ölkəmizdən yalnız təbii qaz, neft və neft məhsulları deyil, həm də çay, sitrus meyvələri, trikotaj məhsulları, quru meyvə, maşın və avadanlıqlar idxal etməyə maraqlıdırlar. Tikinti və bərpaçılıq sahəsində Azərbaycanın təcrübəsi də bu ölkədə böyük maraqla qarşılanır. Viza məsələlərinin həlli gələcəkdə bu ölkədən ölkəmizə turist axınını da stimullaşdıra bilər.
- Səfirliyimizlə Azərbaycan diasporu arasında koordinasiya məsələsi də bizim üçün maraqlıdır. Əlaqələr mövcuddurmu?
- Əslində, Bosniya və Herseqovinada Azərbaycan diasporu yox səviyyədədir. Sarayevoda yaşayan soydaşlarımızın toplam sayı on nəfərdən artıq olmaz. İki-üç qarışıq nikah əsasında qurulmuş ailə və bir neçə tələbə var. Bu azsaylı kontingentlə əlaqə yaratmışıq. Onlar səfirlik xətti ilə keçirilən bütün tədbirlərdə yaxından iştirak edirlər. Bosniya və Herseqovinaya Azərbaycan vətəndaşları üçün vizasız giriş mövcud olduğundan son vaxtlar bəzi fırıldaqçılar və işbazlar bu ölkədən tranzit qovşaq kimi istifadə etməyə çalışırlar. Məsələn, adamları İtaliya, yaxud Xorvatiyada yaşayış icazəsi almaq adı ilə Sarayevoya gətirib sonra ortalıqdan yox olurlar. Səfirlik olaraq çətinliyə düşən belə soydaşlarımıza imkan daxilində yardım göstəririk. Amma onların da hər hansı Avropa ölkəsinə vizasız gəlişin bütün Avropanı sərbəst gəzib-dolaşmaq, yaxud seçdikləri ölkədə yaşamaq imkanı vermədiyini bilmələrini istərdik.
- Səfir təyin edilmədən əvvəl beş ilə yaxın müddət ərzində ölkəmizin xarici işlər naziri kimi fəaliyyət göstərmisiniz. Artıq bu fəaliyyətinizdən təxminən 20 il vaxt keçib. Ötən 20 il ərzində Azərbaycanın xarici siyasətində baş verən dəyişiklikləri necə qiymətləndirirsiniz?
- Ötən 20 il ərzində həyatımızın bütün sahələri kimi xarici ölkələrlə qarşılıqlı münasibətlərimiz və beynəlxalq əlaqələrimiz də prinsip etibarı ilə yeni mərhələyə daxil olub. Mən XİN-də çalışdığım dövrdə cəmi 26 ölkədə və beynəlxalq təşkilat yanında Azərbaycan səfirliyi, yaxud nümayəndəliyi fəaliyyət göstərirdi. Diplomatik missiyalarımızın coğrafiyası, əsasən, MDB məkanını, Qərbi Avropanın, Yaxın və Orta Şərqin bizim üçün əhəmiyyətli olan ölkələrini, ABŞ-ni əhatə edirdi. İndi isə dünyanın beş qitəsində, bütün mühüm beynəlxalq təşkilatlar yanında Azərbaycanın 80-dən çox səfirlik və nümayəndiliyi, konsulluqları fəaliyyət göstərir. Təbii ki, bu missiyalarda çalışan əməkdaşların sayı da 2000-ci illərin əvvəli ilə müqayisədə 3-4 dəfə artıb. Yaxud başqa bir göstəricini diqqətə çatdırım; 2003-cü ildə səfirlərin maaşı, dəqiq xatırladığım kimi, 2361 ABŞ dolları idi. İndi isə hətta missiyalarımızda çalışan texniki işçilər bundan çox maaş alırlar. Təbii ki, Xarici İşlər Nazirliyinin də ştat vahidi çoxalıb, maddi-texniki imkanları qat-qat artıb. Səfirliklərimizin əksəriyyəti müasir ofis binaları ilə təmin edilib. Bütün bunlar isə diplomatlarımız qarşısında mühüm və ciddi vəzifələr qoyur. Zəhməti ən yüksək qiymətləndirilənlərin işi və əməyi də buna müvafiq olmalıdır.
İndiki Azərbaycan 20 il əvvəlki Azərbaycan deyil. Xüsusilə onilliklər boyu sürən erməni işğalına qalibiyyətlə son qoyulandan sonra ölkəmizin nüfuzu xeyli artıb. Eyni zamanda bizi istəməyən qüvvələrin fəaliyyəti də genişlənib. Ona görə də diplomatlarımızın üzərinə düşən ən ümdə vəzifə hərbi sahədə qazandığımız uğurları diplomatik müstəvidə möhkəmləndirərək dünya ictimaiyyətinə qəbul etdirməkdir. Əlamətdar haldır ki, bu sahədə yalnız haqq-ədalət deyil, beynəlxalq hüquq prinsipləri də bizim tərəfimizdədir. Amma arxayınlaşmaq olmaz. Mövcud şəraitdə daha çox, daha ardıcıl şəkildə və inadla işləməyə ehtiyac var. 44 günlük müharibə günlərində dövlət başçısı bütün bu işləri, demək olar, təkbaşına görürdü. İndi isə attaşedən, mətbuat katibindən tutmuş səfirə qədər hamının aktiv işinə, əməyinə böyük ehtiyac var.
Məşhur ifadədə deyildiyi kimi, diplomatların fəaliyyəti hərbçilər öz işlərini başa vurandan sonra başlanır. Ermənistanı 44 günə kapitulyasiyaya məcbur edən, Qarabağ separatçılarını 23 saatda diz çökdürən Silahlı Qüvvələrimiz öz sözünü deyib. İndi işğalçı dövləti danışıqlar masası arxasında məğlub etmək, həqiqi simalarını bütün dünyaya nümayiş etdirmək lazımdır. Bu isə artıq diplomatiyamızın borcudur. Düşmənə heç bir ölkədə, heç bir beynəlxalq qurumda, heç bir sahədə güzəşt edilməməlidir. Revanş fikrinə düşən erməni siyasətbazlarının, Cənubi Qafqazda sülhə və sabitliyə düşmən kəsilən qüvvələrin və onların havadarlarının əməlləri adekvat qiymətini almalıdır. Eyni zamanda ölkəmizə mümkün qədər çox dost və müttəfiq qazandırmalıyıq.
- Bəli, elə sizin də vurğuladığınız kimi, 20 il əvvəl xarici siyasətimizin qarşısında dayanan əsas məsələ Azərbaycanın haqq səsini dünyaya çatdırmaq, diplomatik yolla Qarabağ münaqişəsinin həllinə nail olmaq idi. Lakin danışıqlar nəticə vermədiyinə görə Azərbaycan Ordusu əraziləri öz gücü ilə işğaldan azad etdi. Sentyabrın 19-da isə 23 saatlıq antiterror tədbirləri ilə suverenlik tam bərpa olundu. Mövcud reallıqlar Azərbaycanın xarici siyasətinin qarşısına qeydlərinizdən başqa daha hansı yenilikləri çıxarıb?
- Qazanılan Zəfərin ən böyük faydasını diplomatlarımızın gördüyünü desəm, yəqin ki, səhv etmərəm. Uğradığımız məğlubiyyətin ağrı-acısını hamıdan çox biz çəkir, tənə və töhmətini biz hiss edirdik. İddialarından yerə-göyə sığmayan erməni diplomatlarını görmək, havadarlarının onların şəninə dedikləri tərifləri eşitmək həqiqi əzab idi. Fəxr edirik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz bu acınacaqlı vəziyyətə son qoyub torpaqlarımızı düşmən tapdağından azad etdi. Erməni işğalçılarına döyüş meydanında nəyə qadir olduğumuzu göstərdik. Azərbaycan diplomatiyasının ən böyük uğuru olan BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsini Silahlı Qüvvələrimiz şücaəti ilə həyata keçirdi. Əvvəlki suala cavabımda burada səslənən məsələlərə toxunduğumdan yalnız onu əlavə etmək istərdim ki, mövcud şəraitdə diplomatiyamızın qarşısında dayanan başlıca vəzifə Ermənistanla sülh danışıqlarını Azərbaycanın təklif etdiyi beş prinsip əsasında qalibiyyətlə başa çatdırmaq, sülhə mane olmaq istəyən qüvvələri neytrallaşdırmaqdır.
- Bildiyiniz kimi, müharibədən sonra Azərbaycana qarşı təzyiqlər də artıb. Son olaraq Aİ xarici işlər nazirlərinin görüşündə təşkilatın Xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel Azərbaycan əleyhinə fikirlər səsləndirdi. Halbuki Azərbaycan dəfələrlə Ermənistanla sülhə maraqlı olduğunu və heç bir ərazi iddiasının olmadığını bildirib. Bu reallıqların daha geniş auditoriyaya çatdırılmasında səfirliyimizin fəaliyyəti nədən ibarətdir?
- Bütün bunlar gözlənilən idi. Unutmaq olmaz ki, biz ikili standartların hökm sürdüyü ədalətsiz dünyada yaşayırıq. Otuz ildən bəri Azərbaycan ərazilərinin təxminən 20 faiz ərazisinin işğal edildiyini, vətənində köçkünlük həyatı yaşayan soydaşlarımızın acınacaqlı vəziyyətini görməyənlər indi özləri rahat şəkildə Ermənistana köç edən Qarabağ ermənilərinin "faciə"sindən, Türkiyə və Azərbaycanın Zəngəzurda gözlənilən "ilhaq siyasəti"ndən danışırlar. Bütün bunların ağ yalan olduğunu hamıdan yaxşı özləri bilirlər. Lakin nə etmək olar ki, pulu ödəyənlər məhz belə “musiqi” səsləndirilməsini istəyirlər. Bir vaxtlar keçmiş Fransa prezidenti Valeri Jiskar de Estenin də açıq şəkildə etiraf etdiyi kimi, “Avropa İttifaqı bir xristian klubudur”. Ona görə də Fransa kimi dövlətlər insan dramlarına hüquq və humanizm müstəvisindən deyil, dini mənsubluq prizmasından baxmağı daha məqbul sayırlar.
Erməni mətbuatında, demək olar ki, hər gün müxtəlif xarici “ekspertlər” tezliklə Azərbaycanın Zəngəzur dəhlizi üçün Ermənistanla müharibəyə başlayacağı haqda əcaib “proqnozlar” verirlər. Bundan daha axmaq, mənasız “peyğəmbərliyi” təsəvvürə gətirmək mümkün deyil. Əgər işğal altındakı torpaqlar azad edilibsə, üstəlik də İran ərazisindən blokada şəraitindəki Naxçıvana yol çəkilirsə, nə üçün rəsmi səviyyədə ərazi bütünlüyünü tanıdığımız Ermənistana hücum etməliyik? Hansı məntiqlə regionda yeni müharibə ocağı alovlandırmalıyıq? Təbii ki, ölkəmiz bunu heç zaman etməz. Amma hər vasitə ilə Azərbaycanın “təcavüzkar” imicini yaratmaq istəyənlər üçün belə gülünc yalanlar uydurmaq heç bir çətinlik törətmir.
Biz Bosniya və Herseqovinada bir neçə dildə xəbərlər paylaşan Anadolu Agentliyinin Balkan bürosu və ölkənin başlıca informasiya yayıcısı olan FENA agentliyi, çoxsaylı saytlar, TV proqramları ilə sıx əlaqə saxlayırıq. Azərbaycanın haqlı mövqeyini və regionumuzda baş verən hadisələrin gerçək mahiyyətini yerli ictimaiyyətə çatdırmağa çalışırıq.
- Yazılarınızdan birində qeyd etmisiniz ki, 1991-ci ildə Şuşaya səfər etmisiniz və ora sizə taleyin ümidinə buraxılmış bir şəhər təsiri bağışlayıb. Müharibədən sonra Şuşanı, bütövlükdə işğaldan azad edilən əraziləri ziyarət etmək imkanınız olubmu? Baş verən proseslər sizdə hansı yeni hissləri oyadıb?
- Şuşanın işğalından bir il əvvəl orada olmuşdum. Həqiqətən də, ətrafda əsl xaos hökm sürürdü. Heç kəs digərinin sözünə, xahişinə əhəmiyyət vermirdi. Şəhəri erməni işğalından qoruyan sadəcə təbii istehkam olması idi. Amma anarxiya və sahibsizlik günün birində dəhşətli fəlakətə gətirib çıxara bilərdi və çox təəssüf ki, belə də oldu. 1992-ci il mayın 8-də taleyin ümidinə buraxılmış Şuşa düşmən əlinə keçdi. 28 il 5 ay Şuşasız yaşadıq. Şükürlər olsun ki, bəzən insana sonsuz görünən bu intizarın da sonu çatdı. Azad Şuşaya ilk dəfə 2021-ci il avqustun sonunda, Vaqif məqbərəsinin bərpadan sonrakı açılışında iştirak etmək üçün getmişdim. Sonra daha üç dəfə yolum düşdü. Hər dəfə də Şuşada görülən işlərin miqyası, əzəməti məni xoş bir şəkildə heyrətləndirdi.
Sizə bir sirr açım. Nazir işlədiyim dövrdə ATƏT-in keçmiş Minsk qrupunun həmsədrləri ilə birlikdə yolu işğal altındakı Qarabağa düşən ATƏT sədrinin şəxsi nümayəndəsi, polyak diplomatı Ancey Kasprşikdən xahiş edirdim ki, Şuşadan bacardığı qədər çoxlu fotoşəkillər çəkib gətirsin. Bir az qəribə görünsə də, cənnət şəhərimizi xarabalıqlar içində görəndə sevinirdim. Fikirləşirdim ki, düşmən özünün olmadığını, həqiqi sahiblərinin günün birində qayıdacaqlarını bildiyi üçün Şuşanı yenidən tikib-qurmaq istəmir.
İndi isə Şuşanın, işğal altındakı əksər şəhər, kənd və qəsəbələrimizin siması günü-gündən dəyişir, gözəlləşir. Çünki Vətən torpağının həqiqi sahibləri qayıdıblar. Bu yay Şuşada olmuş bir nəfər boşnak jurnalist mənə danışırdı ki, orada gördüyü yenicə istifadəyə verilmiş “Mariott” otelinə heç bir Avropa paytaxtında təsadüf etməyib.
Əlbəttə, hamı kimi mən də sevinirəm, qürur duyuram. Bütün varlığımla inanıram ki, əfsanəvi Səməndər quşu kimi küllər içərisindən dirçəldilən şəhər və kəndlərimizə, Molla Pənah Vaqifin məşhur sözləri ilə desəm, “Külli həyatı nərmənazik bayatı olan Qarabağımıza” bir də heç zaman düşmən ayağı dəyməyəcəyik. Çünki şəhid qanları ilə alınan bu yerlərin qədir-qiymətini indi əvvəlkindən yüz dəfə, min dəfə artıq bilirik.
- Poetik misralarınız məni filoloji fəaliyyətinizdən də söz açmağa sövq edir. Məlumdur ki, siz siyasi, diplomatik fəaliyyətinizlə yanaşı, elmi fəaliyyətlə də məşğulsunuz, hətta diplomatiyaya elmdən gəlmisiniz, filologiya elmləri doktorusunuz. Bu işləri bir yerdə görmək çətin deyil ki?
- Bəli, diplomatiyaya elmdən gəlmişəm. Nazir təyin olunanda artıq doqquz ilə yaxın idi ki, elmlər doktoru alimlik dərəcəsi almışdım. Milli Məclisin üzvü olmaqla bir sırada Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi idim. Təbii ki, nazir olduğum dövrdə istəsəm də, elmi fəaliyyətə vaxt və enerji ayırmaq mümkün deyildi. Prezident Heydər Əliyev də dövlət xidmətinə elm sahəsindən gələnlərdən məhsuldar alim olmağı deyil, xidməti vəzifəsini layiqincə yerinə yetirməyi tələb edirdi. Bir də ki, istənilən yaradıcılıq sahəsi tutqudur, vurğunluqdur. Əgər bu tutqu, vurğunluq varsa, istənilən şəraitdə, istənilən vəzifə və mövqedə kitab yazmaq, rəsm əsəri yaratmaq, musiqi bəstələmək, elmi araşdırma aparmaq mümkündür. Mən elmi araşdırmalardan, yazmaqdan böyük zövq alıram. Amma dövlət qulluqçusu olduğumu, məsul işdə çalışdığımı da heç vaxt unutmuram. Məqalə və kitablarım iş vaxtının deyil, gecə əməyinin, istirahət günləri və bayramların bəhrəsidir.
- Media orqanlarından birində vaxtaşırı yazılarınız yayımlanır. Mövzular da, adətən, tarixi hadisələr, şəxsiyyətlər və onlarla harmoniya təşkil edəcək tərzdə əks olunmuş siyasi düşüncələrdən ibarətdir. Hətta tədqiqatlarınız da Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə kimi şəxsiyyətlərlə bağlıdır. Amma siz həm də tənqidçi və ədəbiyyatşünassınız. Yazırlarınızda bu istiqamətə çox meyil etməməyinizin səbəbi nədir? Tarix və tədqiqat sizə tənqidin verə bilmədiyi nələri qazandırıb?
- Adlarını çəkdiyiniz şəxsiyyətlərin ideyaları və irsləri artıq tarixin sınağından çıxıb. Digər tərəfdən, 70 illik sovet hakimiyyəti dövründə onların adı, əsərləri daim qadağa altında olub, xalqdan gizlədilib. Bu mənada tariximizin, mədəniyyətimizin, ictimai-siyasi fikrimizin “gizli” nümayəndələrini öyrənmək, müasir oxucuya təqdim etmək, fikrimcə, milli yaddaşımızda müəyyən boşluqları doldurmaqdır. Doğrusu, ədəbi tənqiddən çoxdan uzaqlaşmışam. Tənqidçi kimi məni maraqlandıran, düşündürən əsər az yaranır. “Növbətçi” yazılar çap etdirməyi isə xoşlamıram. Həm də tənqid bizim şəraitdə dar bir dairənin maraqlarına xidmət edir. Klassik şəxsiyyətlərin, onların ədəbi-bədii, elmi-ictimai irsinin tədqiqi və təqdimi isə daha lazımlı və geniş auditoriyaya malik sahədir. Özüm də hiss edirəm ki, son illərdə ədəbiyyatçı-filoloqdan çox tarixçi kimi çıxış edirəm. Bu mövqe dəyişikliyindən başlıca məqsəd XIX-XX əsr ictimai-siyasi fikir tariximizdə bu günün tələbləri və prinsipləri baxımından öyrənilməyə layiq hadisə və şəxsiyyətlərin çox olmasıdır. Bir qədər təvazökarlıqdan uzaq səslənsə də, xalqı gerçək, qürur duyulmalı tarixi ilə tanış etmək istəyidir.
- Bosniya və Herseqovinada ictimaiyyət sizin tədqiqatlarınızdan xəbərdardırmı? Əsərlərinizi o ölkənin dillərindən birinə tərcümə etdirirsinizmi? Məsələn, son kitabınız olan “Bəkir Çobanzadə: Budapeşt illəri” Sarayevoda, eləcə də Budapeştdə yayımlanacaqmı? Ümumiyyətlə, orada Azərbaycan tarixinin və ədəbiyyatının təbliğatı aparılırmı?
- Bosniya və Herseqovina ədəbi-elmi ictimaiyyətinin yazdıqlarımdan xəbərdar olub-olmaması ilə bağlı dəqiq məlumatım yoxdur. Amma Sarayevoda görüşdüyüm bir neçə türkoloq məni yalnız səfir deyil, həm də türkoloji araşdırmalarla məşğul olan mütəxəssis kimi tanıyır. Təbii ki, ölkəmizdən min kilometrlərlə uzaqda bunu eşitmək çox xoşdur. Bəkir Çobanzadə haqqındakı kitabıma gəldikdə isə onun macar və türk dillərində nəşrləri hazırlanır. Çünki Krım türklərinin böyük oğlu bu ölkələrlə də Azərbaycan qədər bağlı olmuşdu. Amma Bosniya və Herseqovinada kimsə həmin kitabı yerli dilə tərcümə etmək fikrinə düşsə, buna görə yalnız minnətdar ola bilərəm.
Akademik Ziya Bünyadovun fundamental əsərlərindən biri – “Azərbaycan VII-IX əsrlərdə” kitabı serb (eyni məntiqlə boşnak və xorvat da demək mümkündür. Çünki bir kökdən olan bu dillər arasında yalnız ləhcə fərqləri mövcuddur) dilinə tərcümə edilib. Eləcə də Nəsiminin, Rəsul Rzanın, Anarın əsərləri...
Hazırda isə Xalq yazıçısı Afaq Məsudun “Qarabağın incisi Şuşa” kitabı çap mərhələsindədir. Zəngin illüstrasiyalarla bəzədilmiş nəşr Şuşanın tarixi, təbii gözəllikləri, memarlıq abidələri, yetirdiyi görkəmli şəxsiyyətlər haqda sadə, anlaşıqlı, cəlbedici bir şəkildə söhbət açır.
Başqa planlarımız da var. Amma onlar barəsində indi yox, reallığa, ədəbi həyat faktına çevriləndən sonra danışsaq, daha yaxşı olar...
Sayad HƏSƏNLİ
“Report”