İstənilən yolu tutub gedəndə, istənilən işi başlayanda hər kəsin ustada, təcrübəli bir adama ehtiyacı var və mənim də bəxtim gətirmişdi ki, "Axşam görüşləri"ndəki yarım əsrə qədər uzana biləcəyini o vaxt heç vəchlə təsəvvür etmədiyim səfərimi başlayanda bir-birindən qiymətli və mötəbər xeyli başbilənim, bişkin müəllimlərim vardı. Elə əslində böyük həyat yolum da yenicə başlanırdı, 17-18 yaşlı gənc üçünsə hər gün təmasda olduğu, öyrəndiyi, doğması saydığı və onu doğması hesab edən canlı klassiklərlə mütəmadi birgəlik Tanrının töhfəsi, əsl naxış idi.
1970-ci illərin ortalarında həftəlik "Axşam görüşləri" silsiləsini necə qurmağın, necə irəli aparmağın, tükənməmək, köhnə görünməmək və hər yeni səslənişdə təzəliklər gətirə bilməkçün nələr etmək haqqında düşünərkən söykəndiyim dağlar vardı. O şəxsiyyətlər ki əksər azərbaycanlılar onları uzaqdan-uzağa tanıyır, televiziya, kino ekranlarından görürdülər, mənimçün onlar hər gün, günaşırı evlərinə gedib-gəldiyim, məni övladı, ailəsinin üzvü kimi qəbul edən doğma insanlardı. Maestro Niyazi, ustad tarzən Bəhram Mansurov, teatr mühitimizin hər anlamda ağsaqqalı Şəmsi Bədəlbəyli, bəstəkar Tofiq Quliyev...
Bu insanların hər biri enişli-yoxuşlu, hadisələr və insanlarla dolu böyük həyat yolu keçmiş, hər biri köklü-köməcli, şanlı nəsillərin övladı olan misilsiz şəxsiyyətlərdi. Onların hər biri bütün öyrətdiklərindən, yolgöstərmələrindən savayı, mənimçün ömür məktəbi, dürüst yaşamanın dərsliyi idi. Ancaq "Axşam görüşləri" verilişinə gəlincə, əsas başbilənim Maestro Niyazi idi ki, o, rəsmən verilişin ixtisas məsləhətçisi idi. Özünün tövsiyəsi ilə bunu redaksiyada da bildirmişdim, verilişlərdə də sonda elan edirdik. "Mənim şöhrətə, ada ehtiyacım yoxdur. Ancaq adımın bu verilişlə birlikdə olması səni bir çox lüzumsuz həmlələrdən qoruyar". Maestro belə söyləmişdi və ən müxtəlif hücumların ola biləcəyi də ona özünün fırtınalı vaxt içərisindən keçib gələn həyatından yaxşı bəlli idi. Çünki yalnız cavanlığında deyil, lap şöhrətinin zenitində olduğu 1960-70-ci illərdə də ona qarşı açıq və örtülü xəbis tərpənişlər davam etmişdi. Maestro ilə təqribən hər gün görüşürdük. Təhsil aldığım şərqşünaslıq fakültəsi ovaxtkı Kommunist - indiki İstiqlaliyyət küçəsində, elə universitetin birinci kursunda oxuyandan daimi əməkdaşlıq etdiyim "Bakı" axşam qəzeti isə həmin küçənin indi Niyazinin adını daşıyan, oçağkı Çkalov küçəsiylə kəsişməsində idi. Dərslərim bitincə redaksiyaya baş çəkər, orada işlərimi yekunlaşdırandan sonra gələrdim filarmoniyaya - Maestronun yanına, bir neçə saatdan sonra da yollanardıq evlərinə. O vaxt qeyri-adi mənasını sonacan qavramadığım, sanki adi olan həmin günlər mənim ömrümdəki tale gülümsəməsiymiş. Maestro filarmoniyada orkestri ilə məşqlərini edərdi, oturub dinlərdim, kabinetinə bir ucdan ən tanınmış sənət adamları, alimlər, yazıçılar gələrdi, "Otur qulaq as, dövlətlən" deyərdi, evi heç vaxt qonaq-qarasız olmazdı, qonaqlar da nə qonaqlar, Sovet İttifaqında məşhur olan qüdrətli sənətkarlar, xarici ölkələrdən Bakıya təşrif gətirən ulduzlar. Bütün bunlara iki-üç addımlıq məsafədən seyr edərək şahid olmaq, o unudulmaz saatların iştirakçısına çevrilmək xoşbəxtlik idi. Niyazinin evi də, filarmoniyadakı iş otağı da sadəcə mənzil və sadəcə filarmoniya direktorunun kabineti deyildi. Niyazi və onun evinin, kabinetinin bir-birindən maraqlı, bir-birindən möhtəşəm qonaqlarının varlığı ilə o məkanlar mənim nəzərimdə dönüb olurdu məbəd. Belə təmasların, həm də bunca mehriban, səmimi ab-havalı məclislərdəki ünsiyyətin hər dəqiqəsi tarix idi. Dərs aldığım universitetdə də o zamanlar müəllimlərin əksəriyyəti elə canlı klassiklər zümrəsindən olan seçkinlər idi. Ancaq Niyazinin mənzilinin universiteti mahiyyətcə bir neçə əlavə universitetdən keçməyə bərabərdi. Amma bütün görüşlərdən savayı, Niyazi ilə belə mütəmadi birgəliyin bağışladığı ayrı bir sərvət də vardı. Saatlarla ikilikdə əyləşirdik, maqnitofon işləyirdi, suallarımı verirdim, danışırdı. Onlarla kaset ki həmin günlərdən yadigar qalıb, bu gün mədəniyyətimizin, ziyalılığımızın XX yüzildəki tarixinin çox səhifələrinə çıraq tutan və canlı, mötəbər şahidin dili ilə nəql edilən əvəzsiz salnamədir.
Maestro ilə 1970-ci illərin sonlarından onun ömrünün axırınadək çəkən bolluca söhbətlərimizin və səmtləri, mövzuları çox olan müzakirələrimizin daimi və başlıca istiqamətlərindən biri "Axşam görüşləri" idi. Məni ayrı-ayrı görkəmli sənətkarlara təqdim edəndə "dostumdur" deyirdi. Onun zəmanətli təqdimetmələri gələcək həmsöhbətlərimin hər birini mənimçün yetərincə əlçatan edirdi. Hansına telefon açırdımsa, hansının qapısını döyürdümsə, məhz Maestronun yaratmış olduğu körpü səbəb olurdu ki, məni elə köhnə tanışları kimi qəbul etsinlər. Ancaq Maestro yalnız müsahibələrimin xeyirxah təşkilçisi deyildi. Bir çox mövzular vardı ki, həmin mətləblərdən nə başqaları onun qədər hali idilər, nə də Maestro kimi doğruçu və ən mühümü - şirin, cazibəli danışa bilərdilər. Odur ki, 1920-30-40-50-ci illər musiqi və mədəniyyət həyatımızın ayrı-ayrı hadisələri, şəxsiyyətləri, sənətimizin respublikadan kənardakı nailiyyətləri və əlaqələri barədə vaxtaşırı Maestronun söhbətlərini verilişə daxil edərdim. Hacıbəylilər nəslinin parlaq davamçısı və son ən uca zirvəsi olan Niyazi gəzən tarix, xəzinə adamdı. Danışırdı, onun məişət xatirələrindən başlamış ta ən ciddi mövzulardakı və yazıda, mətbuatda, arxiv sənədlərində əksini tapmamış yaddaşlarınacan olan söhbətləriylə Hacıbəyli qardaşları - Maestronun doğmaca əmiləri Üzeyir bəy, Ceyhun bəy, atası Zülfüqar bəy, ideal kimi baxdığı Müslüm bəy, XX yüzilin əvvəllərinin qüdrətli aktyorları, müğənniləri, tanınmış simaları dönüb olurdular müasirlərim, Maestro onları mənə və sonra "Axşam görüşləri" vasitəsilə sıra-sıra insanlara məsafəcə lap yaxınlaşdırırdı. Lentə aldığım bu qəbil söhbətlərdən parçaları verilişlərdə istifadə edirdimsə də, böyük hissəsi qalırdı və onların da zaman ötdükcə, nadir dəfinələr kimi, qiyməti artdıqca artır. Maestro bəzən Üzeyir bəyli eyni xatirələrini hər dəfə yeni cizgilərlə zənginləşdirərək, ötəndəfəki söhbətinə xatirinə gələn təzə təfərrüatları da artıraraq nağıl edirdi, həm də elə görümlü danışırdı ki, sanki həmin hadisələri heç bu söhbətdən dinləmir, kinoekrandan seyr edirdin: "Müslim bəylə məni bağlayan bizim ailələrimizin bir-birinə olan əlaqəsi, dostluğu, qohumluğu və sevgisidir. Mən Müslim bəyi nə vaxtdan tanıyıram, deyə bilmərəm, çünki gözümü açıb onu bizim evimizdə, ya özümü onların evində görmüşəm. Ümumiyyətlə, bilirsiz ki, 1885-ci il sentybarın 18-də həm Müslim bəy, həm Üzeyir bəy eyni gündə anadan olublar. Bizim ailəmizdə belə adət vardı ki, o gün gündüz biz yeməyə Maqomayevlərin evinə yığışardıq. Ata-analarımız yığışardı, uşaqlar da həmçinin. Mən onda Camalla, Mamusyayla (Cəmaləddin və Maqomed - Müslüm bəyin oğlanları - R.H.) bir yerdə uşaq otağında oynayardıq. Naharda xörəyi Maqomayevgildə yeyərdik, axşam ziyafətini Üzeyir əmigildə olardıq - hamı ora yığışar, qonaqlıq orada davam edərdi. Bu, bir qayda idi bizdə. Hər bir qonaqlıqda da uşaqlar iştirak edərdilər. Görünür, kişik olsaq da, bizə onlar bir dost kimi, bu məclislərdə iştirak etməyə haqqı olan adamlar kimi baxırdılar. Ona görə də biz onlardan heç bir şey gizlətmirdik. Həmişə onların sevgisini çox qabarıq, çox aydın duyurduq. Bu minvalla mən Müslüm bəyi çoxdan və çox gözəl tanıyırdım. Onun bir insan kimi gözəl xarakteri vardı. Əliaçıq, insanlara yaxşılıq eləməyə daim hazır olan, üzügülər, həmişə insanlar arasında istilik yayan. Belə adamlar həmişə hamının sevimlisi olurlar. Çünki özləri insanlara sevgi bağışlayırlar, məhəbbət paylayırlar, şadlıq gətirirlər. Yadıma gəlir, ya 1927-ci, ya 1928-ci il idi. Operada "Şah İsmayıl" gedirdi. Aslan şahın ziyafət pərdəsinə pəhləvanlar salmışdılar və afişada da yazılmışdı ki, 3-cü pərdədə Aslan şahın hüzurunda Qara Mustafa ilə Andrey Lodz güləşəcəklər. Bu da camaatın teatra gəlməsinə, əsərin daha populyar olmasına kömək edirdi. Odur ki, Üzeyir bəy səhəri gün soruşurdu ki, dünən operada hansı əsər getdi? Deyərdilər: "Şah İsmayıl". Soruşmurdu ki, məsələn, Aslan şahı, ya Gülzarı, ya Şah İsmayılı kim oxuyub? Qımışaraq xəbər alardı ki, hansı pəhləvanlar güləşirdi? Üzeyir bəy, Müslüm bəy qardaş qədər yaxın, dost idilər, amma həm də ara-sıra bir-birinə belə xırda-xırda, zarafat üslubunda yeri düşəndə irad da tutardılar, qəlbə toxunmayan tənqidlərini də edərdilər. Yəni bir-birlərinə çox tələbkar, amma həm də hər təzə əsərləri yarananda bu ona, o buna sevinən..."
"Axşam görüşləri"nin ki yanında (yəni mənim bələdçilərim, müəllimlərim sırasında) sadaladıqlarımdan əlavə Əfrasiyab Bədəlbəylidən, Qulam Məmmədlidən, Əkrəm Cəfərdən ta Xan Şuşinskiyə, Rəşid Behbudova qədər möhtəşəmlər vardı, hamısı da verilişin hər buraxılışına qulaq asırdılar, onları narazı salacaq nəyinsə ola biləcəyi istisna idi, hər an səfərbər idim, hər növbəti verilişə yeni imtahan kimi yanaşırdım. Sarbanlar belə sanballı olduğundan haqqında bəhs etdiklərim də onların özlərinin də heyranlıqla baxdıqları, əlçatmazlar qəbilindən gördükləri müstəsnalar idi. Asəf Zeynallı 23 yaşında həyatını başa vurub getmişdi. 1970-ci illərin sonlarında bir vaxtlar Asəfin şagirdləri olmuş Tofiq Quliyev də, Cövdət Hacıyev də, Əminə Dilbazi də, konservatoriyada onunla oxumuş, qardaşca yaxın olmuş Niyazi də, dostları, teatrlarda birgə çalışdıqları Əfrasiyab və Şəmsi Bədəlbəylilər də ondan xeyli yaşlı idilər. Lakin Asəfi anınca çevrilib olurdular elə həmin yaşda, dövr dirilirdi, Asəf qayıdırdı günümüzə. Şəmsi Bədəlbəylinin ilk gənclik çağlarında qoyduğu tamaşalarının neçəsinin musiqisini Asəf Zeynallı yazmışdı. Şəmsi müəllim Teatr Xadimləri İttifaqının sədri idi, layihələşdirilməsindən tikilməsinəcən dünyaya gəlişinin hər mərhələsinə bələd olduğu İttifaq binasındakı kabinetində əyləşirdik, Asəf Zeynallını anırdı, arada qalxıb keçirdi pianonun arxasına, başlayırdı Asəfin 1920-ci illərin sonlarında tamaşalar üçün yazdığı, indi əlyazması, notu-filanı qalmamış neçə mahnını, neçə melodiyanı çalmağa. Şəmsi müəllimin güclü musiqi hafizəsi vardı, o, Asəf melodiyalarını, nəğmələrini o çağda necə eşitmişdisə, həmin şəkildə də canlandırırdı, lentə alırdım və o parçalarla Asəfin qırıq ömrünün itkin qismətləri də yenidən həyata qayıdırdı. Bir dəfə yenə belə söhbətləşirdik, Emin Sabitoğlu gəlib çıxdı, Şəmsi müəllim də Asəfin unudulmuşlar qatarından olan bir fraqmentini ifa edirdi. Zarafatı, şuxluğu heç vədə əskik olmayan Şəmsi müəllim gülə-gülə Eminə sataşdı: "Birdən bu musiqini götürüb orasını-burasını düzəldib özününkü kimi qələmə verərsən ha, bax, Rafael yazır" (lent yazısını dinləyirəm, Şəmsi müəllimin gülüşü məni qəhərləndirir. Necə də haqlıymış şair: "Ağlarıq xatirə gəldikcə gülüşdüklərimiz". Nə Şəmsi müəllim sağdır, nə Emin. Gün keçib...).
Hamısı qalır həmin lentlərin. Efirə gedənləri gedib, "Axşam görüşləri"nin radionun səs xəzinəsindəki zəngin irsini yaradıb, fəqət hələ nə qədər efirə getməyənlər var ki, onlardan istifadəylə evdən çıxmadan bundan sonra hələ bu verilişin neçə yeni buraxılışını hazırlamaq mümkündür.
...1970-ci illərin ortalarında, 1980-ci illərin əvvəllərində "Axşam görüşləri"ndə böyük həvəslə fəaliyyətimi başladığım çağlarda mənim ustadlarım, nəcib məsləhətçilərim cərgəsində ən vaciblərindən biri diktor Soltan Nəcəfov idi. Soltan müəllim Azərbaycan radiosunun tarixini də, Azərbaycan musiqisinin radiodan keçən yolunun keçmişini də beş barmağı kimi bilirdi. Başlanğıc dövr Azərbaycan radiosunun verilişləri, konsert proqramları, studiya həyatı ilə bağlı söylədikləri bir məcəra romanının fəsilləri kimi idi. Köhnə xronika qalır. Gənc Soltan Nəcəfov mikrofon qarşısındadır. Elan edir və saniyələr sonra orkestr çalmağa başlayır: "Diqqət! Danışır Bakı! RV8. Yoldaşlar, Əməkdar incəsənət xadimi, dirijor Səid Rüstəmovun rəhbərliyi ilə Azərbaycan Radio Komitetinin notlu Azərbaycan Xalq İnstrumentləri Orkestrinin konsertinə başlayırıq, qulaq asın!"
Bu kinokadrlar indi adama uzaq tarix kimi gəlir. O kadrdakıların biri də indi həyatda yoxdur, Soltan Nəcəfovu da onillərdir ki, itirmişik. Ancaq yazılmışların sayəsində tarix və onun hikmətli hekayətləri yaşamaqda davam edir. Soltan Nəcəfovun 1920-ci illərin sonlarının, 1930-cu illərin Azərbaycan radiosunun gündəlik həyatı ilə bağlı söylədiklərində ibrətlər var. 20-30 il qabaq möcüzə sayılacaq qədər texniki imkanlara malik, bunlardan istifadəylə elə möcüzə kimi dəyərləndirilə biləcək proqramlar hazırlaya biləcək radio-televiziyalarımızın əksərinin müasir düşük (bu sözün ağıldan keçən bütün məna çalarlarında) durumu həmin hekayətləri yada salanda ürək ağrıdır. Soltan müəllim danışırdı ki, günortalar konsert verirdik, ayrı-ayrı müəssisələrdən, kolxozlardan, sovxozlardan zəhmətkeş məktubları göndərilirdi, xahiş edirdilər ki, tutalım, Zülfü Adıgözəlovun ifasında "Süsən sünbül" mahnısı, filan nəğmə səslənsin, yaxud Xan Şuşinski "Qara tellər"i oxusun, ya Yavər Kələntərlinin ifasında "Gülşəndə fəqan" təsnifi proqramımızda yer alsın. Deyir, vətəndaşlardan həmin sifariş məktublarını alandan sonra biz onların iş yerinə radiodan həmən məktub göndərirdik, xahiş edirdik ki, bu şəxslərin necə işçi olmaları haqqında məlumat versinlər, təxminən xasiyyətnaməyə bənzər rəy versinlər ki, bu adamın adını radioda çəkmək olar, ya yox. Soltan Nəcəfovun efirimizin dünəni ilə bağlı bu xatirəsinin anlatdığı həqiqət odur ki, radioya müqəddəs dəyər kimi baxılırmış, ora nəinki ucuz sənətin, zəif əsərin, hətta yetərincə layiq olmayanın adının çəkilməsinin qarşısında keçilməz sədd varmış. Elə bunca vasvası, güzəştsiz münasibətin nəticəsində radionun, efirin nüfuzu çox yüksəkdə imiş.
...1979-cu il başa çatmaq üzrə idi. "Axşam görüşləri" artıq özünü təsdiq etmişdi, efirdə yerini tapmış, nəhəng dinləyici auditoriyası qazanmışdı və adətən Azərbaycan radiosunda da, Azərbaycan televiziyasında da ənənədir ki, ilin sonunda yeni il verilişi hazırlanır. Həmin il qərara alındı ki, radioda səslənəcək iki saat yarımlıq yeni il verilişinin ssenarisini mən yazım. Vaxt dar olduğundan mətni tezliklə hazır etdim və o ssenaridə belə bir hissə də nəzərdə tutmuşdum ki, radionun ayrı-ayrı populyar proqramları yeni il gecəsi qonaq gəlir, hərəsi öz üslubuna uyğun olaraq bayram təbriklərini çatdırır. Bayramlaşmağa gələn verilişlərdən biri də "Axşam görüşləri" olmalı idi. Bununla əlaqədar verilişin mahnı başlığının üç müəllifi ilə qısaca sorğular keçirməyi qət etdim. Birinci "Axşam görüşləri" şeirinin müəllifi Xalq şairi Rəsul Rzanın nömrəsini yığdım, studiyaya dəvət etdim. Məqsədimi də demişdim, agah idi ki, cəmi iki-üç dəqiqə sürəcək bir müsahibədən ötrü gəlir. Ancaq o boyda şəxsiyyət bunu özü üçün əskiklik saymadı, o çağlar idi ki, artıq səhhətində də davamlı sıxıntılar vardı, amma gəldi, danışdı və əslində bunun özü də bir başqa ibrət, ayrı bir dərs idi, radioya verilən dəyər, efirə qoyulan hörmət idi. Ancaq burada böyük Rəsul Rzanın radionu, efiri necə mühüm güc hesab etməsinin də nişanəsi var. Özünü tanıyırdı. Bilirdi ki, istər yarım saat efirdə olsun, istər iki-üç dəqiqə, mütləq ürəyində tutduğu hansısa önəmli mətləbi auditoriyaya çatdırmağı bacaracaq. Bilirdi ki, radioya yüz minlərlə insan qulaq asır, inanır, buradan söylənilənlərdən təsirlənir, öyrənir, ona görə də bu girəvəni əldən vermək istəmirdi. Bu fürsətdən də millətə daha bir mesaj ötürməkçün yararlanırdı.
Rəsul müəllimdən o gəlişində soruşdum ki, sizin sözlərinizə Azərbaycanın seçmə bəstəkarlarının bəstələdiyi onlarca nəğmə var ki, daim konsertlərdə, səhnələrdə, o cümlədən, elə radio-televiziyada səslənir. Ancaq həmin onlarla, bəlkə yüzlərlə mahnının içərisində sözlərinizə bəstələnmiş "Axşam görüşləri" mahnısının məxsusi taleyi var. İş ondadır ki, bu, sözləri sizin olan tək nəğmədir ki, yarandığı vaxtdan indiyədək "Axşam görüşləri" verilişinin başlığı olaraq yalnız bazar günləri eşidilib, ancaq bu dəfə ənənə pozulur, həmin mahnı Yeni il verilişində olacaq, yeni ilsə bazar gününə təsadüf etmir və ənənə pozulur. Buna, ənənənin belə pozulmasına necə baxırsınız? Anındaca, belə suala çoxdan hazırmış kimi cavab verdi ki, ənənənin pozulması yaxşı şeydir. Ənənənin pozulması işığa doğrudursa, yeniliyə doğrudursa, hansısa irəliləyiş, yüksəliş üçün, təzə yolun açılması naminədirsə, həmin ənənə yıpranmışdırsa, mən belə pozulmanın tərəfdarıyam.
Bunu söylədi və daha əlavə sual vermədim. Atalar məsəlinə bənzəyən bu müdrik fikrin müqabilndə daha nə sual! Rəsul müəllimin bu cavabında yalnız "Axşam görüşləri" mahnısı ilə bağlı deyil, çox incə mətləblərlə əlaqədar xəfif işarələr vardı.
Eyni mahnının səbəbinə dəvət elədiyim ikinci qonaq Tofiq Quliyev idi. Ona demişdim ki, Şövkət xanımı da bu mahnı ilə bağlı söhbətə çağıracağam. Ancaq mən Şövkət xanıma xəbər verməmiş Tofiq müəllim özü söhbəti Şövkət xanıma çatdırıbmış və bir də gördüm radioya ikisi birlikdə gəldi. Hər birini ayrıca yazdım, amma yaxın sualı ikisinə də verdim. Tofiq müəllimə sual verdim ki, indiyəcən nə yazmısınızsa hamısı gözəldir, hər mahnınız Azərbaycanın mahnı ümmanında incidir. Ancaq hər mahnının da öz taleyi var, elə mahnı var daim efirdədir, onu fərqli dəstxətli, müxtəlif yaş nəsillərinə mənsub müğənnilər fasiləsiz olaraq onillərlə oxuyur, amma elə mahnılar da var ki, çox qəlbəyatan olmasına rəğmən ara-sıra efirdən səslənir, səhnələrdən, konsertlərdən də seyrək eşidilir, bəzi nəğmələrsə müəyyən dövrdə geniş yayılır, sonra sanki arxa sıraya keçir, müəyyən vaxtdan sonra yenə parlayır. "Axşam görüşləri" isə onların hamısından fərqlənir. Bu, sizin cədvələ girmiş yeganə mahnınızdır ki, arası kəsilmədən onillərdir Azərbaycan radiosu ilə səslənir, həm də daim eyni gündə, eyni saatda. Qayıtdı ki, bu uzunömürlülük məni, əlbəttə ki, bir bəstəkar kimi çox sevindirir. Əslində heç güman etməzdim ki, bir neçə dəqiqə ərzində yazdığım bu mahnı belə uzunömürlü olacaq. Mənim neçə mahnım olub ki, musiqisini bəstələdiyim tamaşalar üçün yazılıb. O pyeslər repertuardan çıxandan sonra həmin mahnılar da sanki arxivləşib, daha səslənməyib. "Axşam görüşləri"ni isə verilişin daimiliyi həmişə diqqətdə saxlayır.
Tofiq müəllim bunu da dedi ki, əvvəlcə şeir yaranmışdı. Rəsul müəllim mənə telefonla zəng elədi, söylədi ki, belə bir şeir var, gərək buna musiqi bəstələnə. Elə telefonla danışa-danışa keçdim pianonun arxasına, dəstəyi çiynimlə qulağıma sıxaraq başladım çalmağa. Rəsul misra-misra deyirdi, mən də çalırdım. Beləcə, melodiya bir neçə dəqiqənin içində tapıldı. Başladım melodiyanı səsləndirməyə. Bir neçə dəqiqənin ərzində bu mahnının ilk notları yarandı. Sonra Rəsul müəllimdən xahiş elədim ki, sözləri telefonda diktə eləsin. Diktə elədi, kağıza yazdım və mahnını qaydaya salandan sonra Şövkətə zəng elədim ki, təzə bir mahnı var və bunu tezliklə lentə yazdırmaq lazımdır. İstəyirsən çalıb-oxuyum. Şövkət də dedi ki, çalıb-oxumağa ehtiyac yoxdur. Gələrəm, studiyada baxaram.
Və sual-cavab növbəsi gəldi yetişdi xanım-xatın Şövkət xanıma. Soruşdum ki, bu nəğmənin sizin oxuduğunuz bütün nəğmələr içərisində yeri, sizin üçün əzizlik dərəcəsi necədir, heç olubmu ki, haçansa bu mahnını verilişdən kənar, hanısısa konsertinizdə, ya məclisdə kimsə istəsin və oxuyasınız? Söylədi ki, bu mahnı da mənim üçün əzizdir, qəlbimə yaxındır. Onu da, çalışmışam ki, digər mahnılarım kimi, bütün ürəyimi qoyaraq oxuyum. Qayıtdı ki, bu mahnını mənim üçün indiyəcən oxuduğum bütün mahnılardan seçdirən, əziz edən bir neçə cəhət var. Birincisi odur ki, "Axşam görüşləri" verilişi imkan vermir ki, bu mahnı köhnəlsin. Mənim heç bir ən yaxşı mahnıma da bu cür səliqə-sahmanla, belə sabit şəkildə səslənmək nəsib olmayıb. Bir növ, bu mənim bütün mahnılarımın himni olub. Çünki daim köhnəlmədən səslənmək yalnız himnə xas olan aqibətdir. İkincisi, bu mahnı mənə çox əziz insanlarla bağlıdır. Tofiq də, Rəsul müəllim də, Nigar xanım da mənim sevdiyim, doğmam saydığım insanlardır. Hər bu mahnını eşidəndə istər-istəməz xəyalımda onlarla birgə ötən günlərimiz, saatlarımız canlanır. Neçə dəfə olub ki, bu mahnını radioda dinləyəndə dəstəyi götürüb Tofiqə zəng vurmuşam, Nigar xanımla danışmışam. Bir növ, bu mahnı mənimçün əziz dostları yada salan şərti refleksə çevrilib. Qaldı ki, bu mahnını ilk lent yazılışından sonra haçansa oxumağıma, açığı, özüm heç vaxt buna cəhd eləməmişəm. Çünki mən efirə bağlı adamam, bilirəm ki, bu mahnı bu verilişindirsə, onun həmin xüsusiyyətini də gərək nəzərə alasan, o verilişdən kənarda ifa etməyəsən. Mən də etməmişəm. Ancaq "Axşam görüşləri" mahnısını lentə yazdığımız vaxtdan ötən 20 ilə yaxın müddətdə bircə dəfə qonaq olduğum bir ad günündə dostlar xahiş ediblər ki, bu mahnını oxuyum. Onda da demişəm ki, sözləri yaxşı yadımda deyil, əvəzində sizə Tofiq Quliyevin başqa "Axşam mahnısı"nı oxuyum. Hərçənd ifa etdiyim bütün mahnıların sözləri əzbərimdədir. O məclisdə "Görüş" filminə Tofiqin yazdığı mahnını oxumuşdum.
Şövkət xanım o görüşümüzdə bu mahnının lentə yazılması tarixçəsini də danışmışdı. Deyirdi ki, gəldim radionun səsyazma studiyasına, gördüm yığcam tərkibdə estrada orkestri də buradadır, Tofiq mahnının sözlərini qəşəng, iri xətti ilə bir vərəqdə yazmışdı, aldım vərəqi, baxdım, sözlər sadə, ürəyi oxşayan, dilə, oxuya rahat yatan idi və Tofiq əvvəlcə özü tək çaldı, mənimlə birgə zümzümə elədi, heç məşqə-filana da ehtiyac qalmadı, yazılışı başladıq.
Şövkət xanımla mikrofon qarşısında səsyazma studiyasında söhbətimizi yazırdıq, az öncə müsahibim olan Tofiq Quliyev bizə şüşənin o tayından baxırdı və Şövkət xanım danışdıqca başı ilə təsdiqləyirdi: "Tofiq Allah şahididir, heç məşq eləmədim, mahnını bircə dəfəyə yazdıq. Çox mahnıları lentə almışıq, olub ki, arada saxlamışıq, təzədən yazmışıq. Bəziləri iki-üç variantda olub. Bəzilərinin hansısa bəndləri xoşumuza gəlib, montaj əsnasında ayrı-ayrı bəndləri götürüb birləşdirmişik. Ancaq bu mahnını elə birinci dəfədən - başladım, yağ kimi getdi və sona çatdırıb nöqtəni qoydum. Pis də alınmadı. Dedim ki, Tofiq, istəyirsən ikinci dəfə də yazaq. Tofiq qayıtdı ki, yox, bundan yaxşı olmayacaq, ən gözəli elə budur.
Mahnının ayağı da sayalıymış, o qədər bu cür mahnı başlığı olan verilişlər səslənib ki, bir müddət sonra bağlanıblar, veriliş də, mahnı başlığı da yaddan çıxıb. Ancaq bu veriliş də yaşayır, mahnı da, yəqin ki, hələ çox da yaşayacaq".
Şövkət xanım bu sözləri deyəndə 1979-cu ilin son dekabr günləri idi, 40 ildən artıq zaman keçir və şeiri də, musiqisi də beləcə birnəfəsə yazılmış, elə birnəfəsə də oxunmuş "Axşam görüşləri" nəğməsi də, onunla açılıb-bağlanan veriliş də yenə əvvəlki sevimliliyi ilə etibarlı dinləyiciləriylə birlikdədir.
O mahnının şeirində belə ifadələr var: "Alnı açıq, üzü ağ, deyək, gülək, danışaq". 1975-ci ildən arası kəsilmədən hər bazar günü Azərbaycan insanı ilə görüşə gələn "Axşam görüşləri" verilişinin özünün də ən azı bu sabitqədəmliyə görə alnı açıq, üzü ağdır və bu mahnının mənim ömrümdə, mənim də o mahnının tarixində, məxsusi statistikaya görə, özəl yerimiz var: Azərbaycanda bu mahnıya qeyd-şərtsiz ən çox qulaq asmış adam mənəm. Mahnını bir verilişi hazırlayanda dinləyirəm, artıq tamamlanmış verilişə nəzarət üçün əvvəldən sona qulaq asanda mahnını bir də eşidirəm, proqramı efirdə də izləyirəm - bu gedişlə hər həftə bir neçə dəfə. Mahnı da "bilir" ki, onu məndən çox dinləyən yoxdur. Bundan belə mən "Axşam görüşləri" mahnısına hələ neçə dəfə qulaq asacağam, bu verilişin daha neçə buraxılışını hazırlayacağam? İndiyədək bu verilişin ildə 52 dəfə olmaqla 2500-ə yaxın buraxılışını hazırlamışam. Bunların bir çoxu da Azərbaycan radiosunun səs xəzinəsində qorunmaqdadır. 1980-ci illərin sonlarında, 1990-cı illərdə radioda lent qıtlığı olub, o dövrdə hazırlanan çox verilişləri saxlamayıblar. Ancaq onların da əksəri mənim şəxsi arxivimdə qalmaqdadır. Çünki mən əvvəldən bu işə Ümummilli mənası olan bir vəzifə kimi yanaşmışam və indi ortada qiymətini sözlə ifadə etmək belə çətin olan bir miras var. Azərbaycanın ayrı-ayrı üstün və istedadlı övladlarının səslərindən ibarət bu irs əslində millətin və yurdun səsi deməkdir.
1984-cü ildə, vəfatından bir neçə ay əvvəl Maestro Niyazi bu veriliş haqqında qiymətverici geniş məqalə yazmışdı və o vaxt respublikanın bir nömrəli qəzeti "Kommunist"də dərc də olundu. O məqalədə Maestronun mənim haqqımdakı tərifli sözlərini bir qırağa qoyaraq "Axşam görüşləri"nə verdiyi dəyər, bütövlükdə bu proqramın ədəbi-mədəni gerçəkliyimizdəki yeri haqda düşüncələrindən kəsikləri bölüşmək istərdim - bunlar tariximizdə əbədi yaşayacaq böyük sənətkarın qənaətləridir. Çətin ki, sovet əyyamlarında hamının oxuduğu, icbari könüllülüklə abunə yazıldığı o qəzeti bizim günlərdə yada salıb açan, nəzərdən keçirən kimsə ola. Amma həmin qəzet yalnız siyasi yazılar, respublikanın təsərrüfat həyatı ilə bağlı materialları çap etmirdi axı, Niyazi kimi neçə görkəmli şəxsiyyətin dəyərli məqalələri, müsahibələri də ara-sıra nüfuzlu "Kommunist"də görünürdü ki, indi onları toplayıb ayrıca bir kitabda hamınınkılaşdırmaq həm gərəkli, həm də savab əməl olardı. Maestro belə yazırdı: "Bəzən deyirlər ki, televiziya bizim günlərdə radionu üstələyir. Lakin "Axşam görüşləri" kimi məzmunlu, ağıllı, insani verilişlərin gözəl nümunəsi sübut edir ki, bu fikirlə qətiyyən barışmaq olmaz. İndi dinləyici, tamaşaçı daha tələbkardır, onun intellekt səviyyəsi durmadan artır. Əgər bu səviyyəyə cavab verən və belə dinləyiciləri öz ardınca aparmağı bacaran proqramlar olarsa, şübhəsiz ki, onların öz sabit dinləyiciləri və pərəstişkarları da yaranar. Nisbətən qısa bir vaxt ərzində "Axşam görüşləri" verilişinin qazandığı populyarlıq və dinləyici rəğbəti təsadüfi deyil. Bu veriliş musiqimizin dünənindən, klassik ifaçılarımızdan, musiqimizin müasir vəziyyətindən, aktual problemlərindən, dəyərli elçilərindən söz açır. Əlbəttə, bu tipli söhbətlər həmişə olub və olacaq da. Ancaq orası var ki, bu söhbətləri necə təşkil edirik. Söhbətləri maraqlı, dinləməyə layiq etmək üçün hansı yeni formalara müraciət edirik. "Axşam görüşləri" hər həftə dinləyicisini müxtəlif ifaçılarla görüşdürür. Verilişin "qonaqları" kimlərdir? Səfiəddin Urməvi, Əbdülqadir Marağayi - XIII-XIV yüzillikdə professional Azərbaycan musiqisinin təməl daşını qoyan musiqi elminin korifeyləri, Azərbaycanda xanəndəlik sənətinin inkişafında hədsiz xidmətlər göstərmiş Cabbar Qaryağdığolu, Mirzə Məhəmmədhəsən Şirvani, səsi vala köçürülmüş ilk qadın müğənnimiz Mirzə Güllər, Şəkili Ələsgər, Segah İslam və neçə-neçə keçmişki və indiki sənətkarlar. Bu gün, musiqimiz dünya şöhrəti qazandığı bir çağda xalq musiqi mədəniyyətimizin dünənki elçilərini bir daha xatırlamağa ehtiyac varmı? Var və böyük bir ehtiyac var. Niyə? Ən əvvəl ona görə ki, əslində bugünkü uğurlarımızın kökü, sözü məhz o keçmiş sənətkarların böyük sevgisi və məharəti ilə qoyulub. Onların ömür tərzində və sənət yolunda bugünkü ifaçıların öyrənməli olduqları nöqtələr, sirlər çoxdur. O keçmiş sənətkarların bir qisminin valları olub. "Axşam görüşləri" bu istiqamətdə də nəcib iş görür. Min bir zəhmət bahasına o valları tapır, restavrasiya edir, dinləyiciyə eşitdirir. Bəlkə də xışıltılara bürünmüş bu qocaman vallar bəzi dinləyiciyə o qədər də zövq vermir. Stereofonik musiqini dinləməyə adət etmiş qulaqlara bu yadigar səslər qəribə gəlir. Ancaq orası var ki, bütün bunlar daha yüksəksəviyyəli və daha geniş çərçivəli auditoriya hazırlamaq üçün çox qiymətli bir örnəkdir. Bu misilsiz yadigarlar ifaçılar üçün də böyük, əvəzolunmaz bir məktəbdir. İllərin arxasından gələn o səslərə qulaq asdıqca bugünkü müğənnilərimiz, çalğıçılarımız ifaçılıq sənətinin saysız-qədərsiz, misilsiz sirrini öyrənə bilirlər. Məqsəd isə ifaçılıq sənətimizin keçmişində mövcud olmuş, lakin illər ötdükcə unudulmuş bir sıra ənənələri müasir tələblər səviyyəsində bərpa etmək və parlaq nümunələrini yenidən həyata qaytarmaqdır.
Bu veriliş "Axşam görüşləri" adlanır. Ancaq mən deyərdim ki, bu həm musiqimizin indisi ilə, həm də tarixlə görüşlərdir".
1984-cü ilin apreli idi, Maestro yaşadığı mənzillə üzbəüzdə, yolun o tayındakı "Kommunist" qəzetində işləyən redaktor müavini Rəfail Nağıyevi şama dəvət etmişdi ki, bu məqaləni də ona təqdim etsin. Məqalənin makinadan çıxmış nüsxələri masanın üstündəydi, unudulmaz musiqişünasımız Ramiz Zöhrabov da o axşam Maestrogildəydi, Niyazi özü ona dedi ki, bir sən də sırraf gözü ilə oxu, bir azdan redaksiyaya göndərirəm. Rəfail Nağıyev də gəlib çıxdı, Həcər xanım xüsusi ustalıqla bişirdiyi gürcü sasivisini boşqablara çəkirdi, nə münasibətləsə o vaxtlar Nazirlər Soveti sədrinin müavini işləyən Fikrət Əhmədov zəng vurmuşdu, Maestro keçmişdi qonşu otaqdakı paralel telefondan danışmağa, məqaləni oxuyub qurtarmış Ramiz müəllim dilləndi ki, Maestro indiyədək heç kimin haqqında belə səxavətlə tərifi nə yazıb, nə deyib. Maestro otağa qayıdırdı, bu sözləri eşitdi, cavabsız da qoymadı: "Düz deyirsən, çünki Rafael də heç kimin görmədiyi işi görür, rəhmətlik Əfrasiyabın vaxtilə gördüyü, başladığı yolu davam etdirir. Yadınızdadırmı, bir vaxtlar Əfrasiyabın televiziyada apardığı "Mədəniyyət universiteti" verilişinə camaat necə acgözlüklə baxırdı? "Axşam görüşləri" də indi elə həmin işi görür. Hələ mən istəyərdim bu veriliş televiziyada olsun, hamımız da gedib vaxtaşırı orada çıxış edək. Televiziyanın sədri ilə bu barədə danışacağam.
Musiqimizin, mədəniyyətimizin dərd-səri indi yaman çoxdur. Gərək hamımız əl-ələ olaq ki, böhranın dərinləşməsinin qarşısını alaq".
Maestro bu nigaranlığını dilə gətirə
ndə hələ musiqimizdə, ədəbiyyatımızda, elmimizdə, bütövlükdə mədəni mühitimizdə, ziyalılığımızda az sonra düçar olacağımız ağır itkilərin çoxu qarşıdaydı, hələ sağımızda-solumuzda bir qafilə canlı əfsanə, yaşayan klassiklər fəaliyyətdəydi, yeni-yeni əsərlərini doğurmaqdaydılar.
Ən böyük xalqların bütöv tarixini bəzəyə biləcək bu sayda zirvənin Azərbaycana XX yüzildə qismət olması baxtımıza düşmüş ulduz yağışı idi. Ulduzların vaxt zavalı ilə üzüntülü sönüşü də varmış. Sanki bir qara qasırğa qopdu, elə bil hər şeyi sovurub gedən səmum gəldi keçdi, bir-birinin ardınca hamısını itirdik o misilsizlərin. Getməkləri bir acı idisə, onların gedişi ilə ali münsiflər mühitini qeyb etməmiz bir başqa, bəlkə də daha kədərli itki idi.
Bu gün yerləri daha çox görünür. Sadəcə boş yerləri görünmür, həm də ağrıyır o yer...
16 dekabr 2023