|
|
|
|

İran Baş Qərargahı prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onu müşayiət edən şəxsləri daşıyan helikopterin qəzaya uğramasından sonra başladığı istintaqın ilkin təhqiqat nəticələrini açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın Baş Qərargahı qəzanın ölçülərini və səbəblərini araşdıran komissiyanın ilkin hesabatını dərc edib.
Hesabatda qəza ilə bağlı texniki və ümumi məlumat və tapıntıların toplanaraq qiymətləndirildiyi qeyd edilib və bəzi məlumatların qiymətləndirilməsi üçün daha çox vaxta ehtiyac olduğu izah edilib. Helikopterin əvvəlcədən müəyyən edilmiş marşrut üzrə davam etdiyi və uçuş marşrutunu dəyişmədiyi, pilotun qəzadan 1 dəqiqə yarım əvvəl digər iki helikopterin pilotları ilə əlaqə saxladığı bildirilib.
Sözügedən hesabatda qəzaya uğrayan helikopterin hissələrində güllə və ya buna bənzər xarici cismin izi olmadığı, qəzaya uğradıqdan sonra helikopterdə yanğının başladığı qeyd edilib.
Xəbərdə bölgənin sərtliyi, soyuq və dumanlı hava şəraitinin axtarış-xilasetmə işlərinin uzanmasına səbəb olduğu, qəza yerinə ancaq səhər saatlarında çatmaq mümkün olduğu vurğulanıb.
Hesabatda qeyd olunub ki, idarəetmə qülləsinin uçuş heyəti ilə müsahibələri zamanı heç bir şübhəli vəziyyətə rast gəlinməyib.
Qeyd edək ki, araşdırmanın yekun nəticələrinin araşdırma başa çatdıqdan sonra paylaşılacağı açıqlanıb.
Malik Atilay



