"Naxçıvanı Azərbaycan torpaqlarindan ayıran bölgələrin Ermənistana verilməsi tarixi” mövzusundakı tədbir Gəncə şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi tərəfindən təşkil olunub.
525.az xəbər verir ki, dəyirmi masa müzakirələrini giriş sözü ilə açarkən, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev Vətənimizin əzəli və əbədi torpaqlarından olan Naxçıvanın tarixinin və onun inkişaf mərhələlərinin tədqiqinin Azərbaycan dövlətçilk tarixinin fundamental şəkildə öyrənilməsi məsələlərinin mühüm tərkib hissəsi olduğunu vurğulayaraq, Ulu Öndər Heydər Əliyevin daim Naxçıvanı diqqətdə saxladığını, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olduğunu qeyd edib.
Akademik Fuad Əliyev müasir dövrümüzdə ölkə rəhbəri, cənab Prezident İlham Əliyevin milli varlığımızın vacib strateji dayağı olan Naxçıvana Ümummilli Liderin göstərdiyi xüsusi diqqətini, onun layiqli davamçısı kimi, zamanın tələblərinə tam şəkildə cavab verə bilən şəkidə davam etdirdiyini bildirib.
O həmçinin qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli Sərəncamında da bu diyarın Azərbaycanın çoxəsrlik zəngin keçmişində və indiki yüksəliş mərhələsində onun ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rolu vurğulanır və bu günkü elmi görüş də həmin dövlət sənədinin işığında keçirilir.
Dəyirmi masada alim və tədqiqatçıların “Naxçıvanı coğrafi baxımdan Azərbaycandan ayıran ədalətsiz qərar”,”Naxçıvan məsələsi Moskva və Qars müqavilələrində”, “Naxçıvan Araz-Türk Respublikası (1918-1919)”, “Naxçıvanın Azərbaycan elminə bəxş etdiyi görkəmli kimyaçı alimlər”, “Hüseyn Cavidin həyat və yaradıcılığı Naxçıvanla Gəncə arasında ədəbi körpü kimi” və “Azərbaycanın müasir beynəlxalq əlaqələr sistemində Naxçıvanın rolu” mövzularında məruzələri dinlənilib.
Zakir Muradov, Gəncə