“Avropa Parlamentində korrupsiya, rüşvət qalmaqalları artıq adi bir hal alıb. Xüsusilə vurğulamaq lazımdır ki, Avropa Parlamentinin vitse-spikeri, yunan deputat Eva Kayli və bir qrup deputatın rüşvət qalmaqallarında adlarının hallanılması da ciddi rezonans doğurmuşdu. Kayli barədə aparılan araşdırmada çox müəmmalı faktlar üzə çıxdı”.
Bunu 525.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
O bildirib ki, hazırda da məhz buna oxşar ayrı bir dövlətin maraqlarının təbliğatı istiqamətində prosesin getdiyi görünür: “Söhbət kollektiv Qərbin müharibə və mübarizə apardığı Rusiyadan gedir. Digər proseslərdə olduğu kimi bu prosesin də adını “Russiagate” qoyublar. Rusiyanın maraqlarının təşviqi istiqamətində fəaliyyət göstərən Avropa Parlamentinin nümayəndələrinə həm də rüşvət verilibmiş. Əlbəttə bu hadisənin özü də göstərir ki, Avropa Parlamentində qəbul edilən qətnamələr, verilən bəyanatlar qərəzlidir müxtəlif maraqlara xidmət edir və təbii ki, maddi mükafat üzərində qurulub. Biz artıq çox yaxşı bilirik ki, ölkəmizə qarşı həyata keçirilən müxtəlif həmlələrdə, fəaliyyətlərdə də erməni lobbisi necə mövqeyi tutur və öz maraqlarını təbliğ edir”.
Politoloqa görə, bu hadisənin özü də göstərir ki, “Avropanın səsi” saytı vasitəsilə Rusiyanın maraqlarının irəlilədilməsinə cəhd ümumi Avropa maraqları ilə üst-üstə düşmür: “Avropa enerji böhranına daxil olur, qlobal resessiya həyata keçirilir. Rusiyanın mineral resurslarından, təbii ehtiyatlarından imtina edilir və çoxsaylı sanksiyalar tətbiq olunur. Lakin biz paralel olaraq görürük ki, Rusiyanın maraqlarını daha da inkişaf etdirmək üçün bir qrup deputat peyda olur və onlar rüşvət müqabilində ümumu konseptual maraqlara qarşı çıxırlar”.
Pərvanə