Tanınmış azərbaycanlı alim, tibb elmləri doktoru, professor, Böyük Britaniya Kral Cəmiyyətinin üzvü, Amerika Birləşmiş Ştatları Puerto-Riko Universitetinin professoru Səbzəli Cavadov vəfat edib.
Azərbaycan elminə ağır itki üz vermişdir. Vətəni xaricdə yüksək səviyyədə təmsil edən, tanınmış azərbaycanlı alim, professor Səbzəli Cavadov 2024-cü il iyunun 4-də ömrünün 64-cü ilində qəfil ürək tutmasından vəfat ermişdir.
Səbzəli Javadov 1960-cı il mayın 20-də Azərbaycan Respublikasının Xaçmaz rayonunda ziyalı ailəsində anadan olmuşdur. O, 1977-ci ildə Bakı şəhəri Kimya-biologiya təmayüllü respublika liseyini bitirmişdir. 1977-1983-cü illərdə Piroqov adına 2-ci Moskva Tibb İnstitutunun (indiki adi: Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universiteti) tibbi-biologiya fakültəsində biokimya ixtisası üzrə təhsil almışdır. Səbzəli Javadov 1983-1986-cı illərdə keçmiş SSRİ-nin Tibb Elmləri Akademiyası Ümumittifaq Kardiologiya Elmi Mərkəzinin Eksperimental Kardiologiya İnstitutunda aspirant olmuşdur. O, 1985-ci ildə Mərkəzin aspirantları və gənc alimləri arasında keçirilən elmi müsabiqənin qalibi olmuş və fəxri fərmanla təltif edilmişdir. 1986-cı ildə isə biokimya kardiologiya ixtisasları üzrə tibb elmləri namizədi alimlik dərəcəsi almışdır.
Səbzəli Cavadov 1986-1993-cü illərdə Azərbaycana qayıdıb Elmi-Tədqiqat Kardiologiya İnstitutunda işə başlamış, respublikada ilk eksperimental kardiologiya laboratoriyasını təşkil etmiş və ona rəhbərlik etmişdir. 1992-ci ildə Rusiya Kardiologiya Elmi-İstehsalat Kompleksi (indiki adi: Rusiya Milli Tibbi Elmi-Tədqiqat Kardiologiya Mərkəzi) və Rusiya Xalqlar Dostluğu Universitetinin müştərək elmi şurasında doktorluq dissertasiyası dissertasiyası müdafiə etmişdir. O, Almaniyanın Maqdeburq Tibb Akademiyasında, Macarıstanda Milli Kardiologiya İnstitutunda və İngiltərənin Bristol Universitetində biokimya və eksperimental kardiologiya üzrə postdoktorluq təhsili almışdır. O, Böyük Britaniyanın Bristol Universitetinin Biokimya Departamentində birgə tədqiqat aparmaq üçün üç dəfə Kral Cəmiyyəti mükafatını qazanmışdır.
Səbzəli Javadov 1993-2003-cü illərdə Azərbaycan Tibb Universitetində biokimya kafedrasının professoru olmuş və eyni zamanda "Hüceyrə patologiyasının biokimyası" problem elmi-tədqiqat laboratoriyasına və Xəzər Universitetində biokimya departamentinə rəhbərlik etmişdir. O, 1993-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini vəzifəsində çalışmış və Komissiyanın Rəyasət Heyətinin üzvü olmuşdur.
Səbzəli Javadov 2003-2008-ci illərdə Kanadanın Qərbi Ontario Universitetinin (indiki adı: Western University) Tibb fakültəsinin dəvəti ilə Kanadaya köçmüş və elmi tədqiqatlarını bu universitetdə davam etdirmişdir. 2009-cu ildən həyatının son gününə qədər ABŞ-də Puerto Riko Universitetinin Tibb Fakültəsinin professoru və Ürək Mitoxondrilərin Tədqiqi Elmi Laboratoriyasının direktoru olmuşdur.
Səbzəli Cavadov ürək biokimyası və fiziologiyası üzrə xüsusi təlim və təcrübəyə malik beynəlxalq səviyyədə tanınmış alimdir. O, ABŞ Stenford Universiteti tərəfindən hazirlanmiş reytinq cədvəlinə görə 2022 və 2023-cü illərdə dünyanın ən çox istinad edilən top 2% alimlərin siyahısına daxil edilib. 2017 və 2018-ci illərdə Puerto Riko Universitetinin Tibb Elmləri Kampusunun aspirantları tərəfindən ilin "Fəxri Professoru" seçilmişdir. Onun Hirşa indeksi 50-dir, elmi əsərlərinə 9000 dəfədən çox istinad edilmişdir. 15-dən çox namizədlik və doktorluq dissertasiyalarının elmi rəhbəri olmuşdur. Cavadov 140-dan çox elmi məqalənin, kitab və kitab bölməsinin müəllifidir, 3 patentə sahibdir, 120-dən çox elmi konfransda çıxış etmişdir. Onun məqalələri " Lancet", "Redox Biology", "Cardiovascular Research", "Basic Science in Cardiology", "Antioxidants and Redox Signaling", "Pharmacology and Therapeutics", "Cells", "Journal of Molecular and Cellular Cardiology", "Cell Biology and Toxicology", "Journal of Molecular Medicine", "American Journal of Physiology" və bir sıra digər yüksək impakt faktorlu jurnallarda dərc edilmişdir.
Səbzəli Javadov aşağıdakı bir sıra Elmi Cəmiyyət və Komitələrin üzvü olmuşdur:
l Amerika Kardioloqlar Cəmiyyətinin siravi üzvü (2004-2015) və fəxri üzvü (2015-ci ildən).
l Amerika Fizioloqlar Cəmiyyətinin (2009-cu ildən) və Redoks Biologiya və Tibb Cəmiyyətinin (2015-ci ildən) üzvü.
l Beynəlxalq Ürək Tədqiqatları Cəmiyyətinin (2006-2010), Avropa Biokimyaçılar Cəmiyyətləri Federasiyasının (1986-2005), Britaniya Ürək-Damar Tədqiqatları Cəmiyyətinin (1997-2003), Amerika Farmakologiya və Eksperimental Terapevtiklər Cəmiyyətinin (2006-2008) üzvü.
l Amerika Milli Sağlamlıq İnstitutunun və Amerika Kardioloqlar Cəmiyyətinin elmi qrant komitələrinin üzvü, həmçinin İngiltərə , Belçika, Çexiya və Xorvatiyanın elmi fondlarının Ad-hoc üzvü.
l Sədr/Həmsədr/Rəyçi: Amerika Kardioloqlar Cəmiyyətinin konfransları (2016-2017); Kanada Qərb Universitetində illik Konfransları (2005-2008); Biologiya, Nanotexnologiya, Toksikologiya və Tətbiqlər Elmi Konfransları, Little Rock, AR (2009-2012); İllik Amerika Fizioloqlar Cəmiyyətinin PR bölmə Konfransları, PR; ABŞ Redoks Biologiya və Tibb Cəmiyyətinin İllik Konfransları; 2-ci Dünya Anatomiya və Fiziologiya Konqresi Roma, İtaliya, 2019.
l Amerika Fizioloqlar Cəmiyyətinin Puerto Riko bölgəsi və Puerto Riko Fizioloqlar Cəmiyyətinin prezidenti (2015-2016 və 2019-2020).
l Tibbi və biotibbi tədqiqatlar sahəsində 10-dən çox jurnalın redaksiya heyətinin üzvü və 30-dan çox elmi jurnalda Ad-hoc rəyçi;
l Antioxidants & Redox Signaling (2010), Frontiers in Physiology (2013), Cells (2019-2020) və Antioxidants (2023) jurnallarında qonaq redaktor.
Səbzəli Cavadov vətənpərvərliyi və milli dövlətçiliyə sədaqəti ilə vətənini xaricdə xüsusi ehtiramla və yüksək səviyyədə təmsil edirdi. O, hər il məzuniyyət götürüb vətənə gələrkən bir sıra ali təhsil ocaqlarında, Tibb Universitetində, Xəzər Universitetində, Vəli Axundov adına Tibbi Profilaktika İnstitunda, Bakı Dövlət Universitetində konfranslar, mühazirələr və seminarlarla çıxış etməklə yanaşı gənc tədqiqatçılarımıza elmi işlərində məsləhətlər və müəyyən problemlərin həll olmasında tövsiyyələr verirdi. Hal hazırda onun Azərbaycanda hazırladığı yüksək ixtisaslı kadrlar həm xarici ölkələrdə və həm də ölkə dailində müxtəlif vəzifələrdə çalışırlar.
Tanınmış alim, qayğıkeş və səmimi insan, professor Səbzəli Javadovun əziz xatirəsi onun tələbələri, dostları və onu tanıyanların qəlbində daim yaşayacaqdır.
Allah rəhmət eləsin!
Evqeniy Qelfqat
Tkaçuk Vsevolod Arseneviç
Hamlet İsaxanlı
İradə Xəlilova
Alexey Galybin
Rəna Salamova
Tina Jokharidze
Tatyana Speransky
Nazim Abdullayev
Rza Səmədov
Rufulla Abdullayev
Ariz Xəlilov
Azad Hacıyev
Rafail Daşdəmirov
Sevil Hacıyeva
Rüfət Cəmilov
Arif Əfəndiyev
Gülnara Əzizova
Akif Qarayev
Tahirə Əsgərova
Aqil Orucov
Adil Allahverdiyev
Allahverən Həsənov
Afət Məmmədova
Rövşən Xəlilov
Paşa Qəlbinur
Vaqif Novruzov
Məcnun Babayev