Bakı Dövlət Universiteti (BDU) BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə “THE Impact Ranking”də göstəricilərini yaxşılaşdırıb.
BDU-dan 525.az-a bildirilib ki, universitet cari ildə müvafiq reytinq qiymətləndirməsi üzrə nəticəsini 38,8-dən 53,2-yə yüksəldərək 37 faiz artıma nail olub və 1001-1500 diapazonunda qərarlaşıb. Eləcə də BDU 1-ci məqsəd olan “Yoxsulluğun bütün formalarına hər yerdə son qoymaq” (“No Poverty”) üzrə 201-300, 10-cu məqsəd olan “Ölkədaxili və ölkələrarası bərabərsizliyi azaltmaq” (“Reduced Inequalities”) və 16-cı məqsəd olan “Dayanıqlı inkişaf naminə dinc və inklüziv cəmiyyətləri təşviq etmək, hamının məhkəmə sisteminə əlçatanlığını təmin etmək və bütün səviyyələrdə effektiv, məsuliyyətli və inklüziv institutları yaratmaq” (“Peace, Justice and Strong Institutions”) üzrə 401-600, 17-ci məqsəd olan “Dayanıqlı inkişaf naminə qlobal əməkdaşlığı canlandırmaq və gücləndirmək” (“Partnership for Goals”) üzrə isə 601-800 diapazonunda yer alıb.
Xatırladaq ki, ötən il qlobal miqyasda 1591 ali təhsil müəssisəsinin daxil olduğu reytinq siyahısında bu il 1963 ali təhsil müəssisəsi yer alır.
“THE Impact Ranking” BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq universitetlərin qiymətləndirildiyi qlobal effektivlik cədvəlidir.
Sevinc Qarayeva