"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Emilya Babayevadır. Onunla Xalq rəssamı Sirus Mirzəzadənin "Suzanın yuxusu" əsərindən danışmışıq.
İstər monumental, istərsə də dəzgah rəngkarlığı sahəsində çoxsaylı əsərlərin müəllifi olan Sirus Mirzəzadə 22 yanvar 1944-cü ildə anadan olub. XX əsrin 70-ci illərindən yaradıcılığa başlayan rəssam həm də qrafik əsərlərin müəllifi kimi təsviri sənətimizdə önəmli yerlərdən birinə sahibdir. O, 2002-ci ildə Əməkdar rəssam, 2018-ci ildə isə Xalq rəssamı adına layiq görülüb. Peşəkar rəssamın yaradıcılığında qadın obrazları xüsusi yer tutur. Sirus Mirzəzadənin tablolarındakı əsas xüsusiyyətlər sadə kompozisiya və həmin kompozisiyanın birxətli müstəvi üzərində yerləşməsidir.
- Kimdir bu Suzan?
- Rəssam bu əsəri qızı Suzana həsr edib. Əsər 1983-cü ildə çəkilib. Dəzgah yaradıcılığına aid olan əsər sanki bizə hansısa kitabın səhifəsindəki miniatürü xatırladır. Rəssamın 80-ci illərdə yaratmış olduğu tablolarda dekorativlik qabarıq duyulur. Rəssam bu əsərində dünyamıza olan baxışın miniatür üslubuna tapınmaqla ənənə və müasirliyin vəhdətini əks etdirməyi bacarıb.
- Əsərin rəng həlli haqqında nə deyə bilərsiniz?
- Əsərdə rəng həlli olduqca maraqlıdır. Soyuq və isti rənglərdən istifadə edən rəssam ahəngdarlığa nail ola bilib. Sirus Mirzəzadə təxəyyülündən süzülüb gələn təəssüratlar tablonun əsas elementlərini təşkil edir. Aydın rəng çalarları ilə işlənən əsərin kompozisiyasındakı dekorativlik estetik gücü artırır.
- Bəs kompozisiya necə qurulub?
- Çoxfiqurlu kompozisiya sayılan əsərin mərkəzində yuxuya getmiş balaca qız təsviri verilib. Dekorativliyin yüksək əks olunduğu əsərin yuxarı hissəsində mavi ulduzlu səmada qızcığazın yuxusu vasitəsilə arzuları, xəyalları əksini tapıb. Sanki əsər iki hissəyə, iki pəncərəyə bölünüb. Əsərin sağ pəncərəsində qızcığazın bu yaşınadək olan uşaqlığı sadə, təmiz formada təsvir edilib. Sol tərəfdə isə qızın gələcəkdəki arzuları, necə təmtəraq, bolluq içərisində olacağı verilib. Hər iki tərəfdə atın üzərindəki təsvir balaca qızın arzu-muradına çatmaq istəyinin göstəricisidir. Mərkəzdə göstərilmiş nar motivinin təsviri mifoloji qaynaqlardan da qəbul olunduğu kimi bolluq, ölməzlik, birlik rəmzi daşıyan önəmli kompozisiya elementidir. Əfsanələrdə namusun qadına yaraşan xüsusiyyəti kimi əks olunan şanapipik burada qızcığaza baxan formada təsvir edilib.
- Rəssamın özünəxas xüsusiyyətləri bu əsərdə özünü necə göstərir?
- Əsərin ərsəyə gəldiyi tarixdə rəssam hələ janr axtarışında olduğu üçün tematik, portret, məişət həmçinin natürmot janrında özünü sınayırdı. Ümumiyyətlə, bu dövr axtarış dövrü kimi qiymətləndirilir. Dekorativ elementlərlə zənginləşən əsər rəssamın yaradıcılığına xas bir sıra xüsusiyyətləri özündə əks etdirir. Sənətçinin əsərlərində artıq elementlərdən imtina etdiyinin şahidi oluruq. Bu onun nəticəsidir ki, rəssam əsərin ideya, məzmununu tamaşaçıya maneəsiz şəkildə çatdırmağı bacarır. Sirus Mirzəzadə yaradıcılığı üçün milli düşüncə və beynəlmiləl anlayışın vəhdəti xarakterikdir.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Bu tabla ilk növbədə rəssamın özü və qızı üçün dəyərli sənət nümunəsidir. Reallıqla xəyalın vəhdəti olan əsər rəssamın bütün qız uşaqlarının həyatının nağıllardakı kimi xoşbəxt sonluqla bitməsi arzusundan xəbər verir.
Aytac SAHƏD