Ukrayna Rusiya ilə iki il yarım davam edən münaqişədən sonra hərbi əməliyyatları dayandırmaq üçün plan hazırlamağa başlayıb.
525.az xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” nəşri yazıb. Materialda deyilir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenskinin Moskvanın sülh sammitində iştirakı ilə bağlı bəyanatı da göstərir.
Qeyd olunub ki, Ukrayna Qərb silah və sursatlarına ümid edir və bunun ölkənin silahlı qüvvələrinə rus qoşunlarını cilovlamağa kömək edəcəyini düşünür.
“Prezident Vladimir Zelenski bazar ertəsi bildirib ki, o, bu ilin sonunda ikinci beynəlxalq sülh sammiti keçirmək istəyir və Rusiya rəsmiləri orada iştirak etməlidir. Ötən ay İsveçrədə keçirilən sammitə Moskva dəvət olunmayıb”, - məqalədə vurğulanıb.
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin öz növbəsində qeyd edib ki, Rusiya sülh sammitlərində ultimatumları qəbul etmir və gələcək görüşlərdə “Zelenski formulası”nın ultimatumunu qaldırmaq cəhdləri artıq müşahidə olunur.
Pərvanə Sultanova