Şimali Koreya Yaponiyanın Baş naziri Kişida Fumionun Almaniyaya səfərini pisləyib və səfər zamanı imzalanan sazişi “müharibə cinayətləri törədən iki ölkə arasında gizli hərbi razılaşma” kimi qiymətləndirib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya Kişidanın Almaniyaya səfərini və Yaponiya Özünümüdafiə Qüvvələri (SDF) ilə Almaniya ordusu arasında qida, yanacaq paylaşma prosesini sadələşdirmək üçün imzalanan razılaşmanı pisləyib.
Müqaviləni "müharibə cinayətləri törədən iki ölkə arasında gizli hərbi razılaşma" olaraq xarakterizə edən Pxenyan administrasiyası sözügedən iki ölkəni "regional gərginliyi artıran müharibə təlimləri keçirmək üçün əməkdaşlıq etməkdə" günahlandırıb.
Şimali Koreya həmçinin NATO-nun Hind-Sakit okean regionu ölkələri ilə əməkdaşlığı artırmaq addımını pisləyib və ABŞ, Cənubi Koreya və Yaponiyanın təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək istiqamətində atdığı addımların “NATO-nun Asiya versiyasını yaratmaq cəhdi” olduğunu iddia edib.
Malik Atilay