
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Cəmilə Qurbanovadır. Onunla tanınmış rəssam Vaqif Ucatayın "Nizami işığında" əsərindən danışmışıq.
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvi Vaqif (Hüseynov) Ucatay ("Ucatay" adını ona Asif Ata verib) 22 iyun 1955-ci ildə anadan olub. O, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində və Sankt-Peterburqda Repin adına Rəssamlıq Akademiyasının boyakarlıq fakültəsində təhsil alıb. 1993-cü ildən Əzim Əzimzadə adına Rəssamlıq Kollecində və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub.
Doxsanıncı illərdən karikatura ilə ciddi məşğul olmağa başlayan rəssamın əsərləri bir sıra kitab və jurnallarda çap edilib. Xeyli sayda sərgilərin və müsabiqələrin iştirakçısıdır. Vaqif Ucatay 2020-ci ildə vəfat edib.
- Vaqif Ucatay yaradıcılığına xas xüsusiyyətlər bu əsərdə özünü necə göstərir?
- Nizami Gəncəvi yaradıcılığından bir çox Azərbaycan rəssamları bəhrələnərək əsərlər yaradıblar. Onlardan biri də Vaqif Ucatayın "Nizami işığında" əsəridir. Janra və üsluba o qədər önəm verməyən Vaqif Ucatay üçün əsas olan mövzunu geniş, bədii ümumiləşdirmələrlə ifadə etmək, millilik ənənələrini qoruyub saxlamaqdır. Rəssam işlədiyi mövzuların daha da təsirli olması üçün onu özünə doğmalaşdıraraq təsvir edir. Milli mövzularda əsərlər yaradan Vaqif Ucatay yağlı boya texnikasından daha çox istifadə edib. Belə əsərlərindən Sevda ("Azərbaycan toyu"), "Ədəbiyyatşünas-alim Əziz Şərifin portreti", "Dədə Qorqud", "Şuşalı qaçqın qızın taleyi", eləcə də Qarabağ hadisələri ilə bağlı çoxsaylı qrafik lövhələrini qeyd edə bilərik.
Vaqif Ucatayın 1987-ci ildə ərsəyə gətirdiyi "Nizami işığında" yağlı boya ilə kətan üzərində çəkdiyi rəngərkarlıq əsəridir.
- Tablo hazırda harada saxlanılır?
- Əsər hazırda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır.
- Əsərin yaranma tarixçəsinə dair hansı məlumatlar məlumdur?
- Rəssamın dediyinə görə, bu mövzunun araşdırılmasına 8 il vaxt sərf olunub. Mövzü məhz Azərbaycana, onun şairinə aid olduğu üçün hər dəfə müəyyən maneələr yaradılmasına, təsdiqi xeyli müddət uzadılmasına baxmayaraq, rəssam tərəfindən işlənilib. Ucatay "Nizami işığında" tablosunu 1987-ci ildə işləməsinə baxmayaraq, əsər haqqında hələ Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib ali təhsil almaq üçün Leninqrada yollananda düşünməyə başlamışdı.
Əsərdə Nizami Gəncəvinin 1941-ci ildə qeyd edilmiş 800 illik yubiley mərasimi təsvir olunub. 1941-ci ildə SSRİ məkanında Nizami Gəncəvinin 800 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi planı hazırlansa da, 1941-ci ildə başlanan müharibə bu planların həyata keçirilməsinə imkan verməmişdi. Şairin yubileyi Leninqradda (indiki Sankt-Peterburqda) Rusiya alimlərinin və ədəbiyyatşünaslarının iştirakı etdiyi tədbirlə qeyd olunub. Rəssam əsəri işləməmişdən əvvəl uzun müddət təsvir edəcəyi tarixi hadisə ilə bağlı araşdırmalar aparıb. Rəssam əvvəlcə tədbirin keçirildiyi yerlə (Ermitaj) tanış olub. Meteoroloji mərkəzlə əlaqə saxlayaraq yubiley günü Leninqrada müsbət 1 dərəcə temperaturun olduğu, hətta gecə saat 1-də qar yağdığı haqqında informasiya əldə edib. Məlum olub ki, yubiley vaxtilə "məktəbli kabineti" kimi tanınan 160 kvadratmetrlik yerdə baş tutub. Muzeylə üzbəüz yerdə - Neva çayında dayanan "Qütb ulduzu" gəmisi iclas salonunu işıqla təmin edib. Rəssam yubiley təntənəsində altı nəfərin çıxış etdiyini də öyrənir. Sonda iştirakçılar Nizami dövrünə aid sənət əsərlərindən ibarət sərgiyə baxıblar. Bütün bu məlumatları əldə etdikdən sonra rəssam əsər üzərində işləməyə başlayıb və 1987-ci ildə onu tamamlayıb.
- Əsərdəki ab-havadan sanki bir ziddiyyət sezilir.
- Tabloda yubiley təntənəsi əks olunsa da, bütünlükdə əsərdə müharibə ruhu, blokada ab-havası duyulmaqdadır. Yeddi metrlik pəncərələrin müharibə şəraitinə uyğun örtülməsi, sanki onların döyüşə hazırlıq vəziyyətindən xəbər verir. Yubiley iştirakçılarının hərbi qiyafələri tamaşaçıda rəssamın hansısa gizli yığıncağı təsvir etdiyi fikri formalaşdırır.
- Əsərin kompozisiyası necədir?
- Tablonun mərkəzi fiquru Nizaminin molbertdə qoyulmuş portretidir. Portret isti, sarı və açıq qəhvəyi tonlarda işlənib. Öndə isə al rəngli süfrə sərilmiş iri masa verilib. Nizami Gəncəvinin portretinin önündə İ.A.Oeberlin çıxış edərkən əks olunub. Portretin qarşısında oturan məşhur alim İqnati Yulianoviç Kraçkovski (o, həm də Qurani-Kərimin rus dilinə tərcüməçisidir), başı sarıqlı İqor Mixayloviç Dyakonovu (onu yaralı olsa da, məruzəçi kimi cəbhədən geri çağırmışdılar), eləcə də Q.Ptitsin, N.Tixonov, A.Boldıryev, İ.Lurye və digərləri təsvir edilib.
- Stulun biri boşdur.
- V.Ucatayın rəyasət heyətindəki bir stulu boş saxlaması əbəs yerə deyil. O bunu məqsədyönlü şəkildə edib. Rəssam həmin yeri Azərbaycandan gələn adam üçün saxlayıb, amma müharibə vəziyyətinə görə o, burada iştirak edə bilmir. Hər bir detalı incəlikləri ilə düşünüb kətan üzərinə böyük məharətlə köçürməsi Ucatayın peşəkarlığından xəbər verir. Əsərdə tətbiq edilən uğurlu işıq-kölgə həlli kiçik salona toplaşanların böyük Nizami ruhuna köklənmiş yaşantılarını təsirli və yaddaqalan biçimdə göstərməyə imkan verir.
- Sizcə, bu əsər bizə nə deyir?
- Birinci Qarabağ müharibəsi zamanı - 1994-cü ildə Murovdağa yollanan Vaqif Ucatay Azərbaycan oğullarının döyüş səngərlərini dolaşır, burda gecələyir, mətin döyüşçülərim portretlərini çəkirdi. Millətini sevən, azərbaycanlı olduğu ilə fəxr edən rəssam öz əsərlərində çəkdiyi acını, qəmi, qüssəni əks etdirib. Lakin rəssamın ən qəmli, kədərli təsvirlərində belə inam, mübarizə ruhu, optimist nişanələr var. Həmçinin "Nizami işığında" da...
Aytac SAHƏD



