Bir çoxumuzun Paris-2024 Yay Olimpiya Oyunlarından tanıdığı kamandan oxatma üzrə Azərbaycan millisinin üzvü Yaylagül Ramazanovanın idman karyerasına nəzər saldığımız zaman xanım idmançımızın önəmli nailiyyətlərinin olduğunu görürük. O, 2015-ci ilin iyununda Birinci Avropa Oyunlarında mübarizə aparıb, 2018-ci ilin iyununda Azərbaycan çempionatının qalibi olub, ölkəmizi 2019-cu ildə Dünya çempionatında, 2016, 2018, 2021 və 2022-ci illərdə isə Avropa çempionatlarında təmsil edib.
Azərbaycanın Olimpiya Oyunlarında kamandan oxatma yarışları üzrə ilk təmsilçisi Yaylagül Ramazanova iyulun 30-da 1/32 finalda hamiləliyinin 7-ci ayında olmasına baxmayaraq, təsnifat mərhələsində 26-cı yeri tutan çinli An Tsiyuanı əlavə tay-brekdə 6:5 hesabı ilə məğlub edərək 1/16 finala vəsiqə qazanıb. Burada o, Almaniyadan olan Mişel Kroppenə 2:6 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Yaylagül xanım Ramazanova ilə söhbətimizi oxuculara təqdim edirik.
- Yaylagül xanım, adınızı kim qoyub?
- Əmim. Yaylagül nənəmin adıdır.
- Bəs yayla, oxla nə vaxtdan yoldaşlıq edirsiniz? Ümumiyyətlə, idmana gəlişiniz necə olub?
- 21 yaşımdan bu idman növü ilə məşğulam. Artıq on üç ildir. Düzdür, 21 yaş idmana başlamaq üçün çox gecdir. Adətən, kamandan oxatmaya 7-9 yaşlarından başlayırlar. Sadəcə məndə bir qədər fərqli olub. Deməli, o vaxt əmim qızı oxatmaya gedirdi. Bir gün mənə dedi ki, məşq keçdiyi yerdə güllə atıcılığı da var. Mən də güllə atıcılığına getməyə qərar verdim. Elə həmin gün məşqlərə yazılmaq üçün getdik. Ancaq kamandan oxatma müəllimi Zemfira xanım məni görüb dedi ki, "Əllərin uzundur, səndə oxatma çox yaxşı alınacaq. Gəl burdan davam elə". Mən də razılaşdım. Elə o gündən bəri davam edirəm. Bir də ki ailəmizdə hamı idmançıdır. Qardaşlarım sərbəst güləşlə məşğuldur, hazırda məşqçi işləyirlər. Yəni idmana gəlişim təsadüfən olmayıb.
- Bəs nə əcəb siz də qardaşlarınız kimi güləşi seçməmisiniz?
- Əslində, uşaq vaxtı mən də güləşə gedirdim. Ancaq sonradan anam davam etməməyi məsləhət gördü.
- Güləşin qızları zahirən kobudlaşdırdığını deyirlər. Sizin ananızın da arqumenti bu idi?
- Hə, elə bu səbəbə görə. Amma oxatmanı seçdiyim üçün peşman deyiləm. Çünki işin içində olanda gözəlliklərini görürsən. Düzdür, çətinliklər də var, lakin maraqlı tərəfləri daha çoxdur. Mən professional olacağım ümidi ilə bu idmana gəlmişdim. Ancaq hazırda gələn uşaqların çoxu oxatmaya hobbi kimi başlayırlar. Sonra qalanlar da olur, gedənlər də. Kimin səbri çatır qalır, kimin səbri çatmır gedir. Ümumiyyətlə, burada özünü göstərmək üçün illər lazımdır.
- Bir idmançının özünü görə biləcəyi ən yüksək yer isə Olimpiya zivəsidir. Parisə gedən yolu necə təsvir edərdiniz?
- Əvvəla, onu deyim ki, hər idmançıya bu duyğuları yaşamasını arzu edərdim. Olduqca möhtəşəm hisslərdir. Mən lisenziyanı bir ay qabaq Antalya şəhərində keçirilən kamandan oxatma üzrə dünya təsnifat turnirində qazanmışdım. Bu, çox qürurverici məqam idi. Əlbəttə ki, medal qazanmaq üçün Parisə getmişdik. Təəssüf ki, alınmadı. Düşünürəm ki, Olimpiadaya gedən hamı güclüdür. Orda zəif rəqib yox idi. Mən özümü də güclü sanırdım, qalib də gələ bilərdim, amma belə alındı.
Birinci rəqibimə qalib gələcəyimi hiss edirdim, buna hazır idim. İkinci rəqibim haqqında da bu cür düşünürdüm. Çünki onu keçmək mənə asan gəlirdi. Öncəki çıxışlarını izləmişdim, elə də güclü nəticəsi yox idi. Mən bir-iki xal artıq toplasaydım, onu keçə bilərdim.
- Artıq bunlar keçmişdə qaldı. Gəlin, xoş məqamlardan danışaq. Olimpiadada atmosfer necə idi?
- Olduqca gözəl anlar idi. Azarkeşlərin dəstəyini hiss edirdik. Yarışlar zamanı cənab nazir Fərid Qayıbov və müavini Mariana xanım orda idilər. Onlar yarışdan öncə aşağı düşüb mənimlə görüşdülər. Bunun özü mənim üçün böyük əhəmiyyət kəsb edirdi. İnsan biləndə ki, onu dəstəkləyənlər var, daha da məsuliyyətli olur.
- Növbəti olimpiadada iştirak etməyi düşünürsünüzmü?
- Əlbəttə, növbəti olimpiadalarda iştirak edəcəyəm. İnsan bir dəfə gözəlliyi yaşadısa, istəyir ki, təkrar-təkrar həmin duğuları yaşasın. Üstəlik, təcrübə amili də var. Ən azından ikinci dəfə çalışırsan ki, əvvəlki səhvləri etməyib, maksimum irəli gedəsən. Məsələn, mən birinci dəfə 26-27 hədəfə vururdumsa, indi otuz vurmalıyam ki qalib ola bilim. İstəyərdim ki, gələn Olimpiadada komanda şəklində çıxış edək. Bilirsiniz ki, bu dəfə mən individual olaraq çıxış etdim, şans cəmi bir dənə oldu.
- Məşqlərə nə vaxt başlamağı düşünürsünüz?
- Artıq məşqlərə başlamışam. Ümumiyyətlə, məşqləri dayandırmamışdım. Düzdür, indi bir az azaltmışam. Hazırda məşqim iki saatdır, ancaq mütəmadi dörd saat olur. Təlim-məşqlər isə səkkiz saatdır, dörd saat səhər, dörd saat axşam.
- Məlum məsələdir ki, gərgin qrafikiniz var. Ümumiyyətlə, idmançı həyatının çətinlikləri kifayət qədərdir. Həyat yoldaşınız karyeranızda sizi dəstəkləyirmi?
- Bəli. Həmişə mənə dəstək olub.
- Bəs heç sizdən idmandan uzaqlaşmağınızı nə vaxtsa istəyib?
- Əvvələr olub. Sonradan o da gördü ki, mən idmana necə yanaşıram. Artıq məşqlərə, yarışlara özü aparıb gətirir. O, psixoloji olaraq da mənə çox dəstək olur.
- Həyat yoldaşınız da idmançıdır?
- Xeyr, mən həm incəsənətlə, həm də idmanla məşğulam. Mənim ixtisasım qrafika üzrədir. Yoldaşım da incəsənət adamıdır - heykəltaraşdır.
- Bir sıra idman növlərində qadınlarla kişilərin faiz nisbətində fərqlər görürük. Kamandan oxatmada necə?
- Bu idman növü ilə məşğul olan qızlar kifayət qədərdir. Düzdür, oxatma güc tələb edir. Ancaq qızlar da bu idman növündə uğur qazanırlar. Oğlanlar fiziki cəhətdən güclü olsalar da, qızlar daha səbirli davranırlar.
Ümumiyyətlə, sən gördüyün işə sevərək yaxınlaşırsansa, uğur qazanmaq ehtimalın çoxalır. Üstəlik, hər dəfə nəticələrin yaxşılaşdıqca özgüvənin də artır.
- Oxatmada fiziki güc faktorunu vurğuladınız, bəs psixoloji olaraq özünüzü necə hazırlayırsınız?
- Psixoloji durumun zəifdirsə, çətin ki bu idman növündə nəsə əldə edəsən. Günlük həyatındakı problemlərin oxatma zamanı özünü hiss etdirirsə, uğurlu olmaq alınmayacaq. Ox atarkən maksimum sakit olmalı, əlavə heç nə düşünməməlisən. Onsuz da həmin an doxsan faiz halda diqqətini prosesə yönləndirirsən. Amma yenə də ağlına başqa fikirlərin gəlmək ehtimalı var. Bu mövzuda kitablar mənə çox kömək edir. Çalışıram yarışlarda fasilələr olanda da kitab oxuyum. Başını telefonla yox, kitabla qarışdırmaq daha yaxşıdır.
- Yaylagül xanım, bilirəm ki, bu mövzuda çox danışmaq istəmirsiniz. Ancaq bu sualı sizə verməliyəm. Hamiləliyin son aylarında belə bir mötəbər yarışda çıxış etmək çətin deyildi?
- Əslində, bu, maneə deyil. İdmanda hamiləlik üçün bəlli bir ay var ki, həmin vaxta qədər yarışlarda iştirak edə bilərsən. Mənim sağlamlığım buna imkan verirsə, niyə də yox? Psixoloji olaraq da hazır olduğum üçün ağır stress yaşamadım. Yarışlar zamanı ekranda idmançının ürək döyüntüləri əks olunur. Məndə hər şey qaydasında idi. Əgər bilsəydim ki, bu addımım uşağa nəsə bir problem yarada bilər, etməzdim. Heç kim uşağı anasından çox fikirləşəsi deyil ki...
Aytac SAHƏD